Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən “Yerevan Dialogue” forumunda çıxışında deyib ki, Ermənistan və Azərbaycan sülh sazişi layihəsində 13 maddə və ön söz üzrə razılığa gələ biliblər. O bildirib ki, razılaşdırılan maddələrin mümkün qədər tez imzalanmasını təklif edirik. Həmçinin söyləyib ki, Cənubi Qafqazda sülh təkcə mümkün deyil, həm də realdır. Qeyd edək ki, bir neçə gün öncə Nikol Paşinyan sülh sazişinin 17 bəndindən 14-nün razılaşdırıldığını bildirmişdi.
Politoloq Azad Məsiyev “Sherg.az”a bildirib ki, Azərbaycan 44 günlük Vətən savaşından sonra Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması üçün 5 təməl prinsipindən ibarət təkliflər paketini rəsmi İrəvana təqdim etdi. Ermənistan isə müxtəlif bəhanələr gətirərək sülh sazişindən boyun qaçırdı:
“Hazırda da Ermənistan sülh razılaşmasını uzatmağa çalışır. Nikol Paşinyan qeyri-ciddi siyasi xadimdir. Çünki hər gün bir fikirlə çıxışlar həyata keçirir. Yəni Ermənistanın açıq şəkildə müstəqil dövlət siyasi kursu yoxdur. Ermənistanda baş nazir, Təhlükəsizlik Şurasının katibi, parlament sədri və digər səlahiyyətli şəxslərin hər biri müxtəlif çıxışlar edirlər. Buna görə də Ermənistanda hansı dövlət xadiminin mövqeyinin əsas götürülməsi qeyri-müəyyəndir. Ermənistanın tarixi məsuliyyəti Nikol Paşinyanın üzərində olmasına baxmayaraq o, müstəqil addım atmır və xaricdən gələn təlimatları icra edir. Ona görə də Nikol Paşinyanın səsləndirdiyi fikirləri ciddi qəbul etmək lazım deyil. Qərbdən Nikol Paşinyana hansı təklif gəlirsə, onu həyata keçirir. Sülh sazişi ilə bağlı Azərbaycan ən ideal variantı təklif etsə də, Ermənistan bəhanələr gətirərək bundan imtina edəcək. Nikol Paşinyan beynəlxalq aləmə sülhpərəst kimi təqdim edir, amma əməldə Azərbaycanla konfrantasiyaya getməyə üstünlük verir. Çünki Bakı və İrəvan arasında sülh olarsa, Ermənistanı himayə edən dairələrin siyasi proyekti Cənubi Qafqazda həyata keçirilə bilməz. Azərbaycan isə bildirir ki, Ermənistan sülhə getmək istəyirsə, konstitusiyasını dəyişməlidir. Sülh sazişinin təməl prinsipi iki ölkənin biri-birinin ərazi bütövlüyünü tanıması deməkdir. Ermənistan isə Azərbaycanın ərazi bütövlüyünü öz konstitusiyasında tanımır. Ermənistan Azərbaycanın irəli sürdüyü şərtləri qəbul etməli və sülh sazişinə getməlidir”.