Yuxusuzluq bir çox insanın qorxulu röyasına çevrilib. Əksər insanlar isə yuxusu gəldə də yuxuya gedə bilmirlər. Bu isə beyinə təsir göstərərək, başda ağrı, halsızlıq, yuxululuq yaradır. İnsanın gün ərzində olan enerjisini aşağı salır.
Sual yaranır. Yuxusuzluğun səbəbləri nələr ola bilər? Rahat yuxuya getmək üçün nə edə bilərik?
Məsələ ilə bağlı “Sherg.az”a danışan psixoloq-konsultant Zeynəb Əyyubova söyləyib ki, yuxusuzluq beynin fəaliyyətinə və ümumi sağlamlığa ciddi təsir göstərir:
"Yuxusuz qalmaq beynin normal işləməsini poza və bir çox fiziki, psixoloji problemlərə səbəb ola bilər. Ümumiyyətlə, yuxu beynin yaddaş, diqqət, və emosional tənzimləmə kimi funksiyalarının düzgün işləməsi üçün vacibdir. Yuxusuzluq zamanı beynin frontal korteksi məsələn, qərar qəbuletmə, problem həlli funksiyası zəifləyir və insan diqqətini cəmləşdirə bilmir. Həmçinin yaddaş zəifləyir və emosiya nəzarəti azalır. Digər tərəfdən uzunmüddətli yuxusuzluq narahatlıq, depressiya, hətta demensiya riskini artıra bilər. Yuxusuzluğun əsas səbəblərindən biri də stress və narahatlıqdır. İş, şəxsi həyat və ya maliyyə problemləri də yuxusuzluğa səbəb olan əsas amillərdəndir. Duyğusal pozuntular yuxu problemlərinə səbəb ola bilər. Xroniki ağrılar, tənəffüs problemləri, hormonal balanssızlıqlar və digər sağlamlıq problemləri yuxuya təsir edə bilər. Həmçinin, televizor qarşısında yatmaq, telefon və ya kompyuter istifadəsi yuxu keyfiyyətini azaldır. Səs-küylü və ya rahat olmayan mühit, uyğun olmayan temperatur da yuxuya mənfi təsir göstərir".
Rahat yuxuya getmək üçün tövsiyələr:
- Gündəlik yuxu rejimi:Hər gün eyni saatda yatıb durmağa çalışın.
- Rahat yataq mühiti: Otağın temperaturu, işıqları və səs-küy səviyyəsi düzgün tənzimlənməlidir.
- Rahatladıcı texnikalar:Meditasiya, tənəffüs texnikaları və ya yüngül idman hərəkətləri yuxudan öncə rahatlamağa kömək edə bilər.
- Elektron cihazlardan uzaq durun:Yuxudan bir saat öncə elektron cihazlardan (telefon, kompyuter) istifadə etməmək daha yaxşıdır.
- Yemək və içkiyə diqqət:Yatmazdan əvvəl ağır yeməklərdən və kofeindən uzaq durun.
- Yuxusuzluğun müalicəsi üçün müxtəlif yanaşmaları və terapiya metodlardan məsələn, koqnitiv-davranış Terapiyasından istifadə edə bilərik