Ç İ Ç Ə K L Ə R İ  A R I L A R A  T A P Ş I R I N - MURAT BAYKAL YAZIR

  Qırx dörd gün davam edən müharibədə yırtıcı yalquzaqların üzərində əldə olunan möhtəşəm qələbəni təmin edən müzəffər və müşərrəf Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev müstəqil Azərbaycanımızın ən yeni, parlaq tarixini qızıl hərflərlə gələcəyin kitabələrinə yazdı, mübariz xalqımız illərlə arzuladığı zəfər yumruğuna qovuşdu. Millətimizin Ulu Öndəri Heydər Əliyevə xalqın qəlbindən gələn hörmət, məhəbbət və ehtiram, onun layiqli davamçısı, XXI əsrdə türk dünyasının yenilməz lideri İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, xüsusən də işğaldan azad olan Qarabağ bölgəsində həyata keçirilən siyasətin mahiyyəti, təntənəsi nəinki bölgəmizi, bütövlükdə Avrasiya dünyasını heyran edib. 
  İkinci Qarabağ savaşının (daha doğrusu, Vətən müharibəsinin), bu savaşda Azərbaycan xalqının və rəşadətli ordumuzun qazandığı tarixi zəfərin əhəmiyyəti ondan ibarət oldu ki, Azərbaycan dövləti və xalqı işğalın bərbad etdiyi ərazilərə həyat qaytarmaqla dünyaya çox önəmli bir mesaj verdi. Bu, yeni bir tarixi mərhələnin başlanması deməkdir. Azərbaycan xalqı üçün bu tarixi qələbənin mənəvi-psixoloji əhəmiyyəti olduqca yüksəkdir. 
  Azərbaycanın ikinci Qarabağ müharibəsində qazandığı Zəfərin əhəmiyyəti həm də ondan ibarətdir ki, bütün Qafqazın tarixində yeni bir mərhələnin - əməkdaşlıq, inkişaf, sülh və sabitlik dövrünün başlaması üçün heç zaman olmayan, hətta ağla gəlməyən şərtlər formalaşıb. Azərbaycan Böyük İpək Yolunun üzərində yerləşən, müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, tarix boyu milli-mədəni rəngarənglik, əmin-amanlıq mühitinin formalaşdığı, müxtəlif millətlərin, eləcə də dinlərin, təriqətlərin və məzhəblərin nümayəndələrinin qarşılıqlı hörmət və dialoq şəraitində yaşadıqları diyar kimi tanınıb. Ölkəmiz bu mənada dünya dövlətləri arasında böyük nüfuz qazanıb, müxtəlif beynəlxalq səviyyəli təşəbbüslər irəli sürərək sanballı uğurlara imza atıb. Ədalət və həqiqət Azərbaycan xalqının alternativi olmayan həyat tərzidir. Ölkəmizin mənəvi dəyərlər baxımından dünya dövlətlərinə nümunə olması hər bir azərbaycanlı üçün qürur mənbəyi olmalıdır. 
  Dünya şöhrətli cərrah, Ulu Öndərimizin vəfalı dostu, professor, doktor Cavad Heyətdən eşitdiyim, təbrizlilərin çox işlətdiyi bir atalar sözü var: 
“Butasına  bax, xalını tanı, 
Atasına bax, oğlunu tanı!”.
  Bu hikmətli atalar sözünü yada salıb, şəxsiyyətinə hörmət bəslədiyim nəğməkar bir insan barəsində düşündüklərimi, onun rəhmətlik atasının əziz xatirəsini yaşadan bir görüşümüzü oxucuların diqqətinə yetirməyi vacib bildim. 
  1978-ci ilin sentyabr ayı idi. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Büro iclasında arxa cərgələrin birində əsilzadə, təmkinli, səmimiyyəti ilk baxışdan hiss olunan nəcib bir insanla yanaşı oturmuşduq. Bu insan o zamanlar Naxçıvan Muxtar Respublikasında Əhaliyə məişət xidməti naziri işləyən Heydərov Fəttah Səməd oğlu idi. Həmin gün, həmin büro iclasında Fəttah müəllim Ordubad Rayon Partiya Komitəsinin birinci katibi, mən - sadiq bəndəniz Zaqatala Rayon Partiya Komitəsinin ikinci katibi vəzifələrinə təsdiq olunurduq. 1978-ci ildə Fəttah müəllimin 40, mənim 30 yaşım vardı. Sonralar Fəttah müəllim Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri (1983-cü il) vəzifəsinə irəli çəkildi. İxtisasca mexanika-riyaziyyat mütəxəssisi olmasına baxmayaraq, onun mədəniyyət sahəsində, əsasən də incəsənətin inkişafına göstərdiyi xidmətlər indi də el-obanın dilindən düşmür. Bu barədə yaxın gələcəkdə onun anadan olmasının 85 illiyinə həsr edilən “Fəxriyyəçi” ədəbi-bədii esseni yazmaq niyyətindəyəm. Həmin MK Bürosunda ozamankı respublika rəhbərimiz, Adı Uca, Soyadı Uca, Ulu Öndərimiz Heydər Əliyevin xeyir-duasını alaraq büro iclasını tərk etdik. Hər ikimiz fərəhlənirdik ki, Heydər Əliyev kimi Dövlət və Millət Səməndərinin yetirməsiyik. Büro zalından dəhlizə çıxanda Fəttah müəllim təklif etdi ki, gedək bufetə, həm bir stəkan çay içək, həm də gələcək ünsiyyyətimiz haqda söhbətləşək. Çay süfrəsində Fəttah müəllim çox maraqlı bir fikir söyləyib bu günümüzlə müqayisə apardı. O dedi ki, “islam dininin ən yüksək təltifli “Əbu Turab” künyəsidir. Bu təltiflə ilk dəfə Həzrət Əli şərəflənib. “Əbu Turab” Azərbaycan dilində “torpaq atası” deməkdir. Ona görə də müsəlman aləmində Həzrət Əli tərəfdarlarına “Turabiyyə” deyilir. Peyğəmbərimiz hədislərin birində deyir ki, “torpaq atası”olmayan məmləkətin zəmiləri göyərməz. Nə yaxşı ki, Heydər Əliyevin simasında Azərbaycanın “torpaq atası” Zərifə xanım Əliyevanın simasında “torpaq anamız” var. 
  Sonra əlavə etdi ki, hərdən düşünürəm islam aləmində Həzrət Əli tərəfdarlarına “Turabiyyə” deyilirsə, bizlər də Heydər Əliyev tərəfdarlarına “Fəxriyyə” desək şərafət taparıq. Heydər Əliyev zirvəsilə fəxr edən “Fəxriyyəçilər”!
  Bütün islam dünyasında Məhəmməd peyğəmbərin adı çəkiləndə müsəlmanlar Salavat çevirilər. Zərrə qədər şübhə etmirəm ki, vaxt gələcək Heydər Əliyevin adı çəkiləndə azəri-türk xalqımız onun da şərəfinə salavat çevirəcəklər. 
  İllər ötüşdü, günlərin bir günü Bakının mərkəzində ucalan Heydər məscidinin açılışında iştirak edəndə bir daha əmin oldum ki, Fəttah müəllim nə qədər uzaqgörən şəxsiyyət imiş. XX əsrdə söylədiyi hikmət XXI əsrdə həyata keçdi. Ulu Öndər Heydər Əliyev məscidi bu gün Bakıda haqqın dərgahına çevrilib. Fəttah müəllim vidalaşıb ayrılanda ərkyana bir ahənglə dedi: 
“Qardaş, mən Naxçıvanın Babək rayonunun “Çeşməbazar” kəndində anadan olmuşam. Ordubadlı nə yeznəm, nə qaynım, nə qudam, nə də bacanağım var! Ümumiyyətlə, mənim tayfabazlıqdan zəhləm gedir. Amma Ordubadın rəhbəri kimi ordubadlıların bayraqdarı olmaq vəzifə borcumdur. Naxçıvandan kənarda ordubadlıların ən çox məskunlaşdığı rayon Zaqataladır. Şahin Səfərovun (“Azərbaycan müəllimi” qəzetinin Baş redaktoru), Ramiz Mirişlinin (bəstəkar) sənin barəndə ürəkdolusu söhbətlərini çox dinləmişəm, şərafətinə bələdəm. Səndən yeganə xahişim budur ki, Zaqatalada ordubadlılardan muğayat ol! Zaqatala camiyəsi unutmasınlar ki, o dağların ən gözəl sonası Dinarə xanım gözəl şairimiz Davud Ordubadlının sevimli məleykəsidir. Qucaqlaşıb ayrıldıq. Mən də sonralar bütün diqqətim və sədaqətimlə Fəttah müəllimə verdiyim sözə əməl elədim. Allah Fəttah müəllimə rəhmət eləsin, məkanı cənnət olsun!
Keçək mətləbə!
  Haqqında söhbət açdığım insan işgüzar dövlət nümayəndəsi Kəmaləddin Fəttah oğlu Heydərovdur. El içində həm də nəğməkar Kamal kimi sevilir. Kəmaləddin Heydərov Adı  Ulu Öndərimiz Heydər Əliyev təkamülünün yetirməsi, müzəffər baş sərkərdəmiz İlham Əliyevin “Azər-türk” təfəkkürünün sadiq öncüllərindən biridir. Mən siyasətdən, rəyasətdən uzaq adamam. Ona görə də mülahizə və müşahidə obyektim Fövqəladə Hallar Nazirliyi deyil, nəğməkar Kamaldır! O ki qaldı vəzifəsinə, mən onu “Qəzavü-zərərə çarə Paşamız, Xətərdən-zərərdən nicat Paşamız və ya Naqəfil bəladan xilas Paşamız” kimi mötəbər bilirəm. Paşa – keçmiş Sultan Türkiyəsində, Misirdə və başqa müsəlman Şərqində ali hərbi vəzifə tutan şəxsə verilən yüksək çin (general rütbəsi) deməkdir. Maraqlı burasıdır ki, vaxtilə Naxçıvanı və Təbrizi xilas edən Kazım Qarabəkir Paşa da nəğməkar olub, hətta nəğmələrin sözlərini də özü yazıb. Qəribə burasıdır ki, çox zaman həvəskar bəstəçilərin bəstələdikləri nəğmələr peşəkarların musiqisini üstələyir. Misal üçün, Ələkbər Tağıyevin, İbrahim Topçubaşovun, Bəxtiyar Kərimovun, Əlibaba Məmmədovun, Bəhram Nəsibovun, Qulu Əsgərovun, Şahid Əbdülkərimovun və s. baldan, bəhməzdən şirin nəğmələrini yada salaq. Yüz il qabaq Cabbar Qaryağdıoğlunun bəstələdiyi 30-dan çox nəğmə və təsniflər bu gün də könüllərin ruhəngahıdır. Xan Əminin qoşduğu “Şuşanın dağları”, “Qəmərim” və digər nəğmələri bəstələmək üçün not açarı Bəstəkarlar İttifaqının vəsiqəsində yox, ruhun dərgahında, qəlbin dəsgahındadır!
  Kamal Paşanın dillər və könüllər əzbəri olan “Sən elə zirvəsən ki”, “Ayrılığa dözərəm”, “Səndən nigaranam”, “Yenə yaz gələcək”, “Sənə güvəndiyim dağlar”, “İlahi”, “Xatirədir”, “Bağışlaram səni”, “Əlacım”, “Dəniz”, “Mənim on yeddi yaşım”, “Gəlsən də, gəlməsən də”, “Sevəcəyəm”, “Keçmişin nə günahı”, “Yox deyəndə mən”, “Cənab Ali Komandan”, “Gecdir daha”, “Gəl deyir”, “Azərbaycan xalçaları” və digər nəğmələri bu gün Azərbaycan sərhədlərini aşıb, digər bölgələrdə məhəbbətlə oxunur. Mən vaxtilə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin sədri işləyəndə (1991-1992-ci illər) təzə il ərəfəsi, gözəl bəstəkarımız Eldar Mansurovla işgüzar söhbət edirdik. Söhbət əsnasında Eldardan soruşdum ki, “maestro, son illər mahnı qoşanların sayları çoxalsa da, səs var, söz var, amma melodiya yoxdur. Un var, yağ var, şəkər var, halva yoxdur? Dəf çalan zərdablı demişkən, “nədəndir, nədəndir, yoxsa zəmanədəndir” Maestro gülümsəyib sorğuma zarafatyana, amma çox maraqlı cavab verdi: “Ay sədr, Tofiq Quliyevlər, Cahangir Cahangirovlar, Rauf Hacıyevlər, Səid Rüstəmovlar qoydular ki, melodiya süfrəsindən bir tikə də bizlərə qalsın? Yağlı tikələri onlar yedilər, bizlərə sür-sümük qalıb: Eldar Mansurovun adlarını çəkdiyi və çəkmədiyi nəslin yoxluğu həqiqətən musiqi sahəsində böyük boşluq yaradıb. Nə yaxşı ki, bu boşluğu doldurmaq istəyən yeni nəslin nümayəndələri yetişmək üzrədir. Yüzə yaxın ruhi-rəvan təranələrin müəllifi olan nəğməkar Kamal Paşamız əyani göstərdi ki, melodiya tükənmir. Kamal Paşamız sübut elədi ki, halva bişirmək üçün ilk növbədə halvaçı olmalısan. Qatıq çalmaq başqa şeydir, halva çalmaq başqa şey. Qəzavü-zərərə çarə Paşamız nəğməkar xilaskar kimi dərk edir ki, mahnıların sözlərini seçmək, musiqini yazmaq, müğənninin avazını nizamlamaq, onun oxumasını dinləyiciyə daha parlaq tərzdə çatdırmaq üçün nə cür köhlənmək, tamaşaçını necə ruhlandırmaq xüsusi əhəmiyyət kəsb edir. Xətərdən-zərərdən nicat Paşamız çalışır ki, Tofiq Quliyevin, Cahangir Cahangirovun, Rauf Hacıyevin, Səid Rüstəmovun, Arif Məlikovun, Şəfiqə Axundovanın, Süleyman Ələsgərovun, Ramiz Mirişlinin, Oktay Kazımovun, Elza İbrahimovanın, Emin Sabitoğlunun, Telman Hacıyevin, Vasif Adıgözəlovun, Xəyyam Mirzəzadənin, Hacı Xanməmmədovun, Oktay Rəcəbovun, Qəmbər Hüseynlinin və digər nəğməkar ustadların məktəbini yaşatsın. Mən zərrə qədər şübhə etmirəm ki, Kamal Paşamız mahnı bəstələyərkən ilk növbədə Üzeyir bəyin ruhuna “Salavat” çevirir. Onun musiqi aləmində uğurlarının kökündə şaxələnən əsas hikmət bəstələdiyi mahnıların söz sahibi nəğməkar şairimiz Baba Vəziroğlunun poeziyasıdır. Baba Vəziroğlu Azərbaycanda yeganə şairdir ki, onun sözlərinə 1000-dən çox nəğmə yazılıb. Gözəl şair ola bilərsən, amma nəğməkar şair olmaq çətin işdir. Ona görə də Azərbaycanda hesaba alınan 5000-dən çox şairin vur-tut 5-10 nəfəri nəğməkar kimi tanınır. Kamal Paşa sözün qüdrətini dərk edən, poeziyanın qaymaqlarını qaymaq yeyənlərdən seçə bilən söz sərrafıdır. Paşamız bilir ki, poeziya doğma dilimizin tut bəhməzidir. 
  Tut bəhməzi bəhməzlərin ən qiymətlisi, ən şirinidir. Şirindir ona görə ki, tut ağacının yarpağı ipək, gövdəsi tara, kamançaya, saza çanaq, meyvəsi də min bir dərdin dərmanıdır.
Poeziya – qəlbimizin, ruhumuzun şanbeçə balıdır. 
Poeziya – dərdimizin səbri, səbrimizin qəlbidir!
Poeziya – zərifləşən sözümüzlə şirinləşən səsimizin məhəbbət şapəridir. 
Poeziya – sözümüzün döyüntüsü, səsimizin nəfəsidir. 
İncəsənətin tacı poeziyadır, çünki gözəllik taxtının sahibi sözdür. 
  Dünyanın hər yerində “azad və müstəqil şairin” səsi qəmxanada züyültüdür, dəmxanada zümzümə: Əsl şairin ömrü də, həyatı da, sənəti də həyəcan təbili çalmaq deyil, dalğalanmaq, kükrəmək, coşmaq, tüğyan eləmək deyil. Əsl şair zəmanədən doğan daxili və xarici təlaşları, təşviş və iztirabları həyəcan keçirmədən, həyəcan duymadan, həyəcan keçirən çarəsizlərə təskinlik verməlidir. 
  Baba Vəziroğlu təskinlik şairidir. Onun poeziyası - fikrin, ağlın, zəkanın, yox, sözün qala bürcüdür. Qönçəsinə, hətta tikanlarına musiqi hopmayan sözlər qoxusu və ətri olmayan çiçəklər kimidir. Baba Vəziroğlunun söz çələnginin bənövşə ətri də var, yasəmən qoxusu da! Ən gözəl mahnılar ən gözəl sözlər pianonun şirmayı dillərinə qovuşanda səslənir. 
  Nəğməkar Paşamızın ustadlığı həm də ondadır ki, bəstələdiyi təranələrin söz taleyinin müqəddəratını Babadağının nəğməkar şairi Baba Vəziroğluna tapşırıb. 
  Baba dağı deyəndə bir yubiley gecəsi yadıma düşdü.
1984-cü il aprelin 16-da görkəmli bəstəkarımız Ramiz Mirişlinin 50 yaşını qeyd etməyə toplaşmışdıq. Xudmani məclisimizi görkəmli bəstəkarımız, Ramiz Mirişlinin tələbəlik dostu Arif Məlikov idarə edirdi. Məclisin şirin yerində masabəyimiz “Sağlıq estafetini” ötürdü mən tərəfə. Mən əvəzedilməz, qardaş qədər əziz dostuma öz xeyir-duamı ona həsr etdiyim bir zarafatyana bayatı ilə tamamladım:
“Dostum Ramiz Mirişli
Kamançaya girişdi
Üzeyir olmalıydı
Mahnılara ilişdi”.
  Ramiz Mirişlinin musiqi dəstgahında ilk məhəbbəti kamança olub. Dilxoşluğu, zarafatları çox sevən yubilyar gülə-gülə dedi: “Qardaş, Allah evini tiksin, sənin istəkli bacın, mənim sona bülbülüm Zərifə xanım imkan verir ki, Üzeyir bəy olum?! Kamança neyləsin?! Hərdən öz-özümə deyirəm ki, Üzeyir bəy olmaq müşkül işdi, heç olmasa, ikinci Məlikov mən olmalıyam. Hərdən könlüm deyir ki, Mirişlinin kamançası Məlikovun tarına tən gəlməlidir! Dərd burasındadır ki, özümü kökləyib sanballı bir əsər yaratmaq istəyəndə mətbəx tərəfdən Zərifə xanımın səsi gəlir: “Ramiz, boş zənbil səni gözləyir. Kartoşka da qurtarıb, soğan da! Bir banka qatıq, yarım kilo sarımsaq da alarsan. Oğlun Nazim yarpaq dolması istəyir”. Qardaş, günah kamançada deyil, bazarlıq zənbilindədir! Bir anlıq təsəvvür edək ki, rəhmətlik Üzeyir bəy əlində bazar zənbili “soğan-sarımsaq” axtarır. Bazardan qayıdan “Koroğlu” yaza bilər?! Bazarlıq etmək üçün bazarlaşmaq gərəkdir. Alış-veriş, alqı-satqı bazarında sənətin dəyərini bazarbaşılar müəyyən edir. Uca, ali sənətin ruhəngah dəyəri var, zənbilin bazar dəyəri! Bazar dəyərinə “Koroğlu” sığmır! Çünki sənət və sənətkar heç bir zənbilə sığmır!” Ramiz Mirişlinin zarafatyana söylədikləri müqəddəs Quran ayəsi qədər gerçəklikdir. Nə yaxşı ki, Kamal Paşamızın ülviyyət, məlahət və lətafət dünyası olan nəğməkar taleyi həyatın bazar zənbilinə, bazar qiymətinə əsir deyil. Əfsuslar olsun ki, günbəgün fövqəlbəşər Azərbaycan musiqisini alış-veriş, alqı-satqı bazarına döndərib, el-oba şənliklərində, telekanallarda, radio dalğalarında meydan sulayıb qalmaqal bazarı açanların dairəsi genişlənir. Təsəllimiz bu olsun ki, Azərbaycan-türk musiqisi ruhi-rəvandı, şükranlıq-dərgahıdı, nəğməkarlıq dəstgahıdır, nə yaxşı ki, sevincimiz dərdimizdən böyükdür.
  Hərdən düşünürəm ki, Naxçıvanın Babək rayonunun Çeşmə kəndində doğulub, çeşmə kimi təmiz, saf və həzin təranələr bəstələyən Kamal Paşanın musiqi təxəyyülündə, onun kimsəni təkrar etməyən, yamsılamayan, İrana-Turana, Misirə-Dubaya calaqlanmayan, bir sözlə, “alçanı xurmaya peyvənd etməyən”, bir-birinin ardınca ürəklərdə yarpaq açan melodiya çeşməsinin mənbəyində hansı gerçəklik durur? Nəhayət, belə bir qənaətə gəlmişəm ki, Kamal Paşanın “Melodiya xəzinəsi” beş qüdrətin cəmindədir: zövq, istedad, səs və xoş avaz, poeziya, musiqi və  incəsənət
Nəğməkar Paşamızın musiqi xalçasını naxışlayan ilmələri, gülləri, butaları, haşiyələri şərh etməsəm, mülahizəm məntiqsiz alınar. Zənnimcə, Kamal Paşanın əsl nəğməkar olmağının sirrini səkkiz guşəli ulduzun beş incə haşiyəsində görməliyik.
  Birinci haşiyə: Kamal Paşanın yüksək zövqü var, zövq verməyi, zövq almağı bacarır. Zövqə gəlmək, zövqə dalmaq, zövq yaratmaq, zövq oxşamaq, zövq ötürmək Kamal Paşanın can və qan damarındadır.
  Türk dünyasının görkəmli yazıçısı, Azərbaycan xalqının sədaqətli dostu, rəhmətlik Çingiz Aytmatov yazır ki, insanın zövqü onun estetik vicdanıdır. Yazıçı haqlıdır! Zövqü şikəst insanın vicdanı kamilləşə bilməz. Zövqü kamil insan mətbəxdən kitabxanayacan, elmdən mədəniyyətəcən, ədəbiyyatdan musiqiyəcən nəyi isə yoxlamağa, sınamağa, təcrübə etməyə, qiymət vermək üçün təşəbbüs göstərməyə, vaxt sərf etməyə lüzum görmür. Atalar demişkən, görünən dağa nə bələdçi?! Zövqün kamilliyi nadanlığın qənimidir. Şikəst, cahil zövqlər müxtəlif olsa da, kamil, sağlam zövqlər bir-birinə tən gəlir, bütövləşir, vahidləşir. 
  Şikəst zövq sahiblərinin işləri-peşələri daima mübahisə etmək, höcətləşmək, şəxsi fikirlərini zorla yeritmək, müzakirə pərdəsinə bürünərək mübarizə aparmaq, gerçəkliyi gözdən salıb, əslində yox ikən varlıqlarını gözə dürtməkdən ibarətdir. 
  Zövqü kamil insanlar ilk növbədə sükunətdən, sakitlikdən, tarazlıqdan, uyğunluqdan, sabit durumda olmaqdan ruhlanaraq bəsirətə, bəşarətə güvənirlər. Zövqün kamilliyi sabitlik, dayanıqlıq, duruş deməkdir. Zövqün kamilliyi uzlaşma, razılaşma, həmrəylik, gerçəkliyə müvəkkillik deməkdir. Əfsuslar olsun ki, insan zövqü şikəst olanda müqabil tərəflər bir-birinə nəinki müqavimət, çox zaman düşmənçilik göstərərək, bir-birinin ürəklərini sındırıb, qanadlarını qırırlar. Zövqü şikəst nadanlar üçün müqəddəslik manifesti, paklıq, saflıq, ülviyyət rəmzi yoxdur.
  Zövqü kamil insanlar mücahidlər, şərafət sahibləri, zövqü şikəst nadanlar şərarət kabuslarıdır! Kamil insanlar mübahisə, mübarizə yox, müqayisə sevirlər. Zövqü şikəst olanların ən böyük faciəsi ondadır ki, bu bədbəxtlər əsl peşəkar və şəxsiyyət olmaq səadətindən əbədi məhrumdurlar. 
  Peyğəmbərimiz Həzrət Əliyə deyib ki, nadanlıq günahsız adamı öldürməkdən daha ağır günahdır. Sonra da əlavə edib ki, nadanlığın özəyində zövqsüzlük görünür.
  Kamil zövq sahibi olmadan dərin ağıl sahibi olmaq müşkül məsələdir, zövqün kamilliyi vicdanın təmizliyi deməkdir. Zənnimcə, ağıl insanın qan damarı, zövq isə can damarıdır! Zəmanədən az-çox xəbərdar olan insanlar dərk edirlər ki, zövqlərin müxtəlif olmasını təhlil etmək, araşdırmaq, nəyisə sübut, nəyisə isbat etmək mümkün deyil, çünki müxtəlif insanların çoxşaxəli zövqləri bir, iki və ya üç məchullu tənlik deyil, çox məchullu tənlikdir. Çoxməchullu tənlik olduğu üçün də, cılız, dəngülüş zövqlər könüllərin zərərinə işləyən, qəlbin genişliyini məhdudlaşdıran, cismin qüvvəsini azaldan, ruhun nəfəsini daraldan, düşüncənin dairəsini kiçildən, şükranlığın səbrini tükəndirən imansız və amansız çarəsizlikdir! Əksinə, kamil insan zövqü ülviyyətin, xüsusən də mədəniyyətin və incəsənətin saflığının aşkar olunması, sənətin məlahətinə və dilafətinə dəqiq bədii diaqnoz qoyulması üçün ən doğru mülahizə, ən dolğun mühakimə və ən dialektik məntiqdir. Fikrin, əqli nəticənin düzgünlüyü, ağlabatanlığı insan zövqünün qəlbimizi nəfsimizdən qoruyan mayasındadır. Əfsuslar olsun ki, tarix boyu zövqləri təbiətlə həmahəng olan zəriflik aşiqlərinin sayı azlıq təşkil edib. Kamil insanın mükəmməl zövqü onun ilk növbədə ağlı və dərrakəsini nişan versə də, əslində Xurşidlik Mürşidliyin duyğularını, hissiyyatını, ruhunu və ruhaniyyət təsəvvürlərini sətiraltı tərənnüm edir. Dəliqanlı gənclik öz zövqünü “qan qaynadıb” nizamlayır, fəqət qocalıq öz zövqünü ötüb-keçən illərin vərdişlərində yaşadır. Bir şeirimdə yazmışdım ki, “Belədir ömrün gərdişi, hər dərvişin öz vərdişi!”. Müşərrəf insanın mükəmməl zövqü ədəb-ərkan, tərbiyə, nəzakət, ləyaqət nümunəsi, dəb qoyan, qayda qoyan, gözəlliyi, zərifliyi nizamlayan müqəddəslik dərgahımız, məhəbbət və mərhəmət dəsgahımız olmaqla bərabər, həm də zövqün mükəmməlliyi, qəlbin mükəmməlliyi, mahir tərənnüm çeşməsi, natiqlik, ifadəli danışıq qabiliyyəti, fəsahət, bəlağət, parlaq məntiq camisində müslümləri minbərlərdən minarətə ucaldan sirlər xəzinəsidir. Sənət fədailərimiz gərək yol verməsinlər ki, kənardan əldə edilmiş, yamsılamaq həvəsi ilə qürbətdən gətirilmiş və ya gəlhagəl naminə yoluxmuş xəstəlik kimi ruhumuzu göynədən əcnəbi “Pop-Rok Hophopnamələr”, “qloballaşan” dünyanın “zorxanasından” toyxanamıza yönəldilən, konsert salonlarımıza istiqamətləndirilmiş “Rembolar-Replər” nəğmələrin ladını, mahnıların dadını dəyişməsinlər. Ana yurdun baldan şirin şərbətinə turş ayran qatanlara meydan vermək Üzeyir bəyin ruhuna xəyanətdir. 
  Milli mənsubiyyət milli mədəniyyətdən, milli mədəniyyət isə milli zövqdən başlayır. Ulu Öndərimiz Heydər Əliyevin vəsiyyət və tövsiyələrini unutmayaq. Fövqəlbəşər rəhbərimiz həmişə deyirdi ki, “hər kəsin milli mənsubiyyəti onun qürur mənbəyidir!”. Milli zövqü olmayanın milli mənsubiyyəti cəfəngiyyatdır: Ulu Öndər demək istəyir ki, milli zövqü olmayanın cinsi şabalıd cinsidir, görkəmi var, yağı yox!
  Görkəmli yazıçımız Mircəlal Paşayev 1976-cı ildə “Azərbaycan” jurnalında şair Siyavuş Sərxanlıya verdiyi müsahibədə deyir ki, “Yalnız zövqü kamilləşən insanların dahiləşmək imkanı var. Zövqü şikəst qruplar onlara çox qəribə, çox təəccüblə, hətta kəc baxanda dərk etmirlər ki, zövqü kamil insanlar gələcək nəslin taleyini və imtiyazlarını düşünən qeyri-rəsmi ictimai-liberal təbəqələrdi”. Şura hökumətinin qüdrətli çağında bu hikmətli ifadəni “Bir gəncin manifesti”ni yazan cəsarət sahibi deyə bilərdi. 
İkinci haşiyə: Kamal Paşa fitri istedad sahibidir. Onda musiqini tez mənimsəmə qabiliyyəti, güclü hissiyyat, həssas duyum zəkası var. Onun istedadı böyük zəhmət, cəfakeş ömür, fədakarlığa daimi vərdişlə inkişaf edib. İstedad fitri olanda nəğmələr öz ladını dəyişmir, çünki lad dəyişəndə istedadın dadı qaçır.
  Dünyada elə bir xalq və ya millət, elə bir təhsil və elm ocağı tapılmaz ki, onlar kiməsə istedad bəxş eləsinlər. İnsanı yetişdirib ona məxsusi qabiliyyət, bacarıq, fərasət, dərin zəka aşılamaq mümkündür, fəqət istedad yox! İstedadın beyin mərkəzi yalnız haqqın dərgahındadır! İstedad yalnız göylərin hökmüylə pərvəzini tapır. İstedadı insanlara Allah bəndələri yox, adı Uca Tanrımız verir. İstedad Allah hökmüdür! Fransanın görkəmli yazıçısı Jül Renar yazır ki, istedadlı adamların şıltaqlığına dözün, çünki istedadsız adamlar onlardan az şıltaqlıq etmirlər. 
  İstedadlı insanların böyük əksəriyyəti özlərinə məxsus olan, başqalarından ayrılan, fikir tərzində fərdiyyətçiliyə meyil edən, yalnız özünəməxsus dəst-xətlə sənət nümunəsi yaradırlar. Seçilmək, fərqlənmək, bənzərsizlik, fərdi üslub istedadlı insanların sənətkarlıq timsalıdır, fəqət istedadsız insanların hamısı bir-birindən geri qalmadan hamılıqca eyni cür, oxşar, eyni məzmunlu, eyni ölçüdə “həftəbecər” yazırlar, hətta eyni xətlə yazırlar! Sənət aləmində istedadsız adamların oxşar dəst-xəttinə quyruqlu xətt deyilir. İstedadsız “sənət quyruqları” dərk etmək istəmirlər ki, imzalar quyruqsuz olmur, lakin sənət aləmində dəst-xəttin quyruqlusu quyruq bulamaq üçün, quyruqda sürünmək üçün, quyruğa qısınmaq üçün, bir sözlə, buyruq qulu olmaq üçündür. İstedad Allah qığılcımıdır. Allahın inandığı və sevdiyi insanlar (Allaha inananlar və Allahı sevənlər demədim, çünki adı uca Allahımız bəndə inamına və bəndə sevgisinə möhtac deyil), könüllü olaraq, Allah sözü eşidilməyən, Allah eşqi dərk olunmayan zülmətlərin Səməndər şahinləridir! Əsl istedad sahibləri səbrin və şükranlığın mücahidləridir!
  Üçüncü haşiyə: Kamal Paşa təbiətin səsini, yəni quşların, küləklərin, sellərin, suların, çayların və dənizlərin səsini, ləpələrin avazını duyandan sonra insan səsinin xoş ahəngini, zümzümə və züyültü fərqini duya bilir. Kamal Paşa yaxşı bilir ki, həyatla səsləşən nəğmə yalnız qəlbin səsinə tən gəlməlidir.
  Səs insanın ikinci sifəti, daxili aləminin görünüşü, könül dünyasının bənizidir. Səs həm də insanın görünməyən simasıdır. 
  Yer üzündə ən ülvi lətafət, ən zərif məlahət gözəl sifət, büllur bəniz hesab edilirsə də, dünyada baldan şirin, bəhməz dadan, şərbət kimi ləzzət verən, sevən və sevilən xoş avaz səsin əks-sədasıdır! Ruhları oyadan ən müqəddəs musiqini o sənətkar yarada bilir ki, özü yaşa dolsa da sinəsində döyünən məsum uşaq ürəyi var! Uşaq ürəyi göydə mələklərin, yerdə diləklərin şapəridir. 
  Sözlərin gözəlliyi musiqinin gözəlliyinə, musiqinin gözəlliyi müğənni səsinin gözəlliyinə qovuşanda insan xoşbəxtliyə inanmasa da xoşbəxt görünmək istəyir. Yer üzündə bu üç gözəlliyin vəhdəti göy üzündə kainatın Zöhrə gözəlliyinə tən gəlir. Əfsuslar ki, gözəllik də mehmanxana qonağıdır. Ən dözümlü gözəllik də axırda xəzəllik tapır, xəzəlləşə-xəzəlləşə saralır, quruyur, solur. Gözəllik də bakirəlik kimidir, zamanı yetişəndə həmişəlik yoxa çıxır. Əfsuslar olsun ki, çox zaman eşitmə qabiliyyəti, daha doğrusu, səsin ahəngini anlamaq, anlayıb qanmaq fərasəti şikəst olanların, eşitmə cihazı zay çıxanların və ya musiqini dinləyəndə bu qulağından alıb o biri qulağından keçirənlərin hesabına musiqimiz cılızlaşır, şair sözü, nəğmə mətni qısırlaşır. Dünya kinosunun dahi sənətkarı Çarli Çaplin deyib ki, səssiz kinonun üstünlüyü ondadır ki, ekranlarda müğənnilər oxuyanda nə yaxşı ki, səsləri eşidilmir”.
Təmiz və zərif səs təmiz vicdan sahibinə yaraşır. 
Sadəliyin və kövrəkliyin zümzüməsi, bakir və bakirə səsin ülviyyəti “İlahələr” yaradır. Kəlləpaça “şansonları” bəstələyib, xaşxanada aşxanaya rişxənd edənlər, musiqi ilə mazaqlaşan kəlləpəzlər, əsl sənətin mürşidlərinə kəfən biçən mürdəşirlər, nədənsə, günbəgün şirinləşirlər. Ruhumuz şəkərlə zəhərlənərmiş!
  Dördüncü haşiyə: Kamal Paşa musiqini göy tağının xoş müjdələr, xoş diləklər məleykəsi hesab edir. Nəğməkar Paşamız yaxşı bilir ki, poeziya musiqinin ilk məhəbbəti, musiqi poeziyanın son məhəbbətidir!
Musiqi olmasaydı günah əməllər savab işləri diri-diri gəmirərdi. 
  İncəsənətin ən gözəl növləri belə, musiqinin qüdrətinə qibtə edirlər. Musiqi bəşəriyyətin ən sədaqətli tərəfkeşidir. Musiqi tükənən gün axirət görünə bilər. Musiqinin qüdrətini ən görkəmli musiqişünaslar da tam dərk edə bilməyiblər, çünki musiqinin sirlər xəzinəsi Tanrının dərgahında tilsimlənən ruhaniyyət mücrüsündədir. Rəhmətlik Ramiz Mişirşli həmişə deyərdi ki, biz musiqini dinləmirik, musiqi bizi dinləyir. Musiqi məclisində insanın dili yox, nəfəsi yox, dinməzliyi, səmirsizliyi, danışmazlığı danışmalıdır. 
  Musiqinin ləyaqəti və lətafəti ondadır ki, bizləri istər kədərləndirəndə, istərsə də əyləndirəndə təmənnasızdı, heç kimlə şərt bağlamır, heç bir azarkeşiylə gəlir şərtləri kəsmir. Ümumiyyətlə, əsl musiqinin “şərt” kəlməsindən “şərtləşmək” sözündən zəhləsi gedir. Musiqi o duyğuları insana bəxş edir ki, o duyğular həyatda olmayıb, yoxdur və olmayacaq! Kimsəyə sirr deyil ki, insanı Allaha bağlayan ilahiyyat musiqisidir. Gözəl musiqi bəstələmək bir o qədər çətin olmasa da, sonradan nəğmənin ahənginə yük olan artıq notlardan təmizləmək olduqca muşkül işdir. Gözəl yazmağı çoxları bacarar, amma gözəlliyi zərgər sayağı cilalamaq, naxışlamaq, işıldatmaq hər sənətkara nəsib olmur. 
Dünya beşik, musiqi körpə, sükut körpənin bələyidir. 
  Bəzən ifaçılar yaxşı vəziyyətdə, yəni sazlanmış və köklənmiş vəziyyətdə olsa da eşitdiyi musiqidən narazı qalan müəllif tələb edir ki, skripka təzədən köklənsin, pianoçu dəyişdirilsin, müğənnini qeyrisi əvəz etsin və təcili olaraq musiqinin sözləri yenidən yazılsın. “Zalım oğlu” dərk etmək istəmir ki, skripka saz vəziyyətdədir, pianonun dillərinin, pianoçunun barmaqlarının, müğənninin səsinin və musiqinin sözlərinin mətləbə dəxli yoxdur. “Səhv not küpəsindədir!”, mənzilə çatmaq üçün sənətin yol ayrıcında musiqinin atlarını yox, notlarını dəyişmək gərək!
  Son illər toyxana “musiqisini” və ya telekanalların bilərəkdən təbliğ etdikləri “dilingini” eşidəndə düşünürəm ki, müasir “qloballaşan” musiqini dərk etmək üçün “qloballaşan qulaqlar” kəşf etməliyik. Və ya “kor musiqidən” xilas olmaq üçün könüllü karlar cəmiyyəti yaratmalıyıq. Çıxış yolu tapmayan giriş yolundan istifadə etməlidir. 
Sözü duyğuların yumurtası hesab etsək, musiqi yumurtanın sarısıdır. Sözü fatehliyin zirvəsi hesab etsək, musiqi o zirvənin günəşidir. 
Musiqi – sevincin stenoqrafiyası, kədərin kardioqrammasıdır. 
  Saf musiqi heç kimi xatırlamadan, heç nəyi düşünmədən hər kəsdən, hər şeydən danışa bilir. 
  Bizim bəzi müğənnilər çobanyastığı çiçəklərindən hazırlanan dəmləmələrdən qarqara məlhəmi kimi istifadə etsələr, yəni vaxtaşırı boğazlarını, səs tellərini yaxalasalar, həm mahnının melodiyası mahiranə surətdə ifa olunar, həm də sözlər anlaşılmaz səs-küy kimi qar-qur salıb zəhlə tökməz. 
  Bu dünyada yalnız çiçəklər təmənnasız ətir saçırlar və yalnız quşlar təmənnasız oxuyurlar. 
Bəzi xanım müğənniləri səhnələrdə görmək istəyirik, amma onların səsini, sözünü və söhbətini eşitmək istəmirik. Bütün tarixi hadisələr ilahi qüvvənin iradəsi ilə meydana gəlir. Kamal Paşa inanır ki, bəsirət, tale, hikməti-ilahiyyət, gerçəklik, qəzavü-qədər qabaqcadan qədərlənir və Haqqın Dərgahında möhürlənir.
  Beşinci haşiyə: Kamal Paşa yaxşı bilir ki, “incəsənət” sözü “inci və incəlik” sözlərinin tənləşməsidir. İnci – saflıq, təmizlik, düzgünlük, – incəlik – zəriflik, nəfislik, gözəllik mənasını daşıyır. Kamal Paşa çalışır ki, incəsənət dediyimiz aşınmasın, qotur düşən bədən kimi qaşınmasın, daha da incə olsun, dincələn ruhları bezdirib incitməsin.
  İncəsənət – insanın təbiəti, əsl mahiyyətidir. Eyni zamanda təbiət Allahın incəsənətidir! Akademik Azad Mirzəcanzadə həmişə deyirdi ki, incəsənət elə bir dialoqdur ki, həmsöhbət, müsahib, müqabil tərəf susur. Sonra əlavə edirdi ki, mən dərk edirəm ki, incəsənət günəşin doğması qədər zəruridir, fəqət başa düşə bilmirəm ki, neyçün, nədən, nə səbəbdən zəruridir?! Qüdrətli Xalq şairimiz Məmməd Araz da deyərdi ki, incəsənət onun üçün tənhalığın azadlığını və müstəqilliyini, haqqın gövhərini və cövhərini “zəhmətkeş kütlələrdən” gizlətmək, sirr saxlamaq, şərdən yayındırmaq və yaşatmaq məharətidir. Məmməd Araz haqlıdır! İncəsənət görünəni təsvir və təcəssüm, tərənnüm və ifadə etmir. İncəsənət görünəni görməyənə göstərir. Elm rahat yaşamaq, incəsənət narahat yaşamaq üçündür! Əfsuslar olsun ki, həyat incəsənəti daha çox yamsılayır, təqlid edir, təqdir edir, nəinki incəsənət həyatımızı!
  İncəsənət deyə-deyə incəsənət hesabına yaşamaq – bax budur “qönçəsənət” buketinin “nimçəsənət” muzeyi! 
  Əfsuslar olsun ki, incəsənətin can və qan bazarını “qönçəsənətin şeytan bazarı” əvəz etmək əzmindədir! Ən qəribəsi budur ki, incəsənət sarayına yanğın salanlar qorxulu deyil, əksinə, yanğın söndürənlər qorxuludur. Çünki yandırılanların çörəyi atəşdən, söndürənlərin çörəyi küldən çıxır. Əslində yandıranın çörəyi lampa piltəsindən, söndürənin çörəyi piltə yağından çıxmalıdır. Daş anbara uçanda incəsənət həyatı deyil, tamaşaçını, dinləyicini və oxucunu təmsil edir. 
  Əsl sənətkar yalnız öz əsərlərində var olub iştirak etməli və adı uca Allah sayağı hər yerdə mövcud olmağı, fəqət hər yerdə gözəgörünməz olmağı bacarmalıdır.
  Çağdaş incəsənətin, ələlxüsus yerli cinslərimizin sürətlə mələzləşməsinin səbəbi budur ki, incəsənətin romantikası, xəyalpərəstliyin dəyəri və ölçüləri, sərhəd dirəkləri və sərhədçi nəzarəti yoxa çıxıb. Qapıdan qovulanlar pəncərə sındıranda incəsənətin qaynatdığı süd gec-tez çürünəlidir. 
  Gözəl musiqi incəsənətin qan damarı, mədəniyyətin can damarıdır! İncəsənət həqiqətin özündən daha çox gerçəkləşəndə ruhaniyyət dərgahına ucalır, ağac ikən çəpər payası olmur. İncəsənət keçmişlə gələcək arasında əbədiyyət körpüsüdür. Əsl incəsənət bizə demək istəyir ki, keçmişimiz gələcəyimiz, gələcəyimiz keçmişimizdir. İncəsənət mücahidinin əsas vəzifəsi budur ki, adilikdə qeyri-adiliyi, qeyri-adilikdə adiliyi göstərə bilsin. Daha doğrusu, sadəlikdə mürəkkəbliyi, mürəkkəblikdə sadəliyi görməyi bacarsın. İncəsənət təsəvvür, xəyal və təxəyyül hesabına rəsm olunan, tərənnüm edilən, gələcək nəsillər üçün kitabələşən təbiət obrazıdır! Milli vüqarımız olan köhnəlməyən qədim incəsənətimiz çağdaş keçmişimizdir. Keçmiş istər qədim olsun, istər çağdaş olsun, ən qədim tariximiz də, ən yeni tariximiz də qəlbimizin, ruhumuzun Vətənidir. Ona görə də keçmişə kor baxmaq, tarixə “çor” demək günahdır. Keçmişə xəyanət Vətənə xəyanət deməkdir. Vətənə xəyanət ən ağır cinayətdir! Təbiət şairimiz Hüseyn Arif demişkən: 
“İstəsən qəbrini tapdamasınlar,
Yaşa keçmişində, öl keçmişində!”.
  Kamal Paşa üçün incəsənət gözəllikdir! Gözəllik insanın xoşbəxt olmaq arzusudur. Əfsuslar olsun ki, çox zaman gözəlliyə həsrət qalmaq xoşbəxt olmaq istəyənlərin bəxtinə düşür. İncəsənət gözəllik aşiqlərinə asta-asta pıçıldayır ki, gözəlliyi görmək asan olsa da dərk etmək mümkün deyil, çünki insan dərrakəsi yoxuşlarda, gözəllik zirvələrdədir. İncəsənət gözəllik vurğunlarına pıçıldayır ki, gözəl olmaq çətin iş deyil, gözəl görünmək gözəldən hünər istəyir. İncəsənət kobudları incələtmək üçün, inciləri incigülünə dəyişib inciklərə deyir ki, həyatda gözəl olmayan insanlar yoxdur, gözəlliyi görə bilməyən, dərk etməyən nadanlar var. Gözlərdə məhəbbət varsa ətrafdakı çirkinlər də gözəl görünür. Türkiyənin Prezidenti siyasətin Rüstəm Zalı Ərdoğanın vaxtilə yazdığı şeirin bir beytini xatırladım: 
“Kaş insanın ürəyi kor olmamış
Əzəl onun gözləri kor olaydı...”
  Tanrısı gözəllik olan, ustadım Hüseyn Cavid Əfəndi dostu və qardaşı Kazım Qarabəkir Paşaya vida məktubunda yazır: 
“Paşam, gözəllik o qədər zəngin və möhtəşəm xanimandır ki, onun qoynundakı xanədanlıq çox zaman kasıb görünür”. 
  1937-ci ildə siyasi məhbus olan, 1947-ci ildə azadlığa çıxan, 1957-ci ildə bəraət alan rəhmətlik atam son nəfəsinədək bəxtindən gileylənmədi, keçmişini qınamadı, əksinə, həmişə külfətimizə deyərdi ki, kim keçmişini sevirsə, keçmişlə yaşayırsa, o, gələcəyini yaşayır, kim indiki zamanla yaşayırsa, o, keçmişini yaşayır. Keçmişi qaytarmaq mümkün deyil, fəqət yaşatmaq mümkündür. Keçmişi yaşatmayanın gələcəyə inamını itirmək təhlükəsi var. Fəttah müəllimin yaxın dostu, fəlsəfə elmləri doktoru, professor İmran Cəfərzadəyə dediyi bir fikir çoxlarına ibrət dərsi olmalıdır. 
“Dünən qanımızdadır, bu gün canımızdadır, sabah yanımızdadır”. 
Mən hər dəfə Kamal Fəttah oğlunun və əlli illik kəramət dostum Baba Vəziroğlunun birlikdə ərsəyə gətirdikləri ruhi-rəvan nəğmələri, şirmayı-sədəf dillərdən qopan təranələri dinləyəndə Ruhəngahdan qulağıma səs gəlir: “Çiçəkləri arılara tapşırın!”