“Artıq gecdir, amma istəyirəm nəvələrim görsün” - Ekoloji fəlakət..


Paslanmış gəmilər gölünə döndü

  Vaxtilə ölçüsünə görə Asiyanın ikinci, dünyanın dördüncü gölü sayılan Aral ötən əsrdən bu yana kiçilə-kiçilə qurudu, yox oldu. Mavi suları göz qamaşdıran, görənləri heyran edən, Böyük Çölün “yaşıl zümrüdü” göl indi yalnız paslanmış, tərk edilmiş gəmilərə sahiblik edir. Aral gölünün ərazisi 68 min kv.kilometr olub. Buna görə də Aral göl yox, dəniz adlandırılıb. Lakin ötən əsrdə Sovetlər Birliyinin yanlış siyasəti Aralın qurumasına və sən nəticədə yox olmasına gətirib çıxarıb. “Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, Qazaxıstanla Özbəkistan arasında yerləşən Aral gölü 20-ci əsrin ortalarına qədər füsunkar görünüşə və şirin suya malik olub. 1960-cı illərdə isə sovet rəhbərliyi Qazaxıstanda taxıl, Özbəkistanda pambıq “erası”na başladıqda taxıl zəmilərini və pambıq tarlalarını suvarmaq üçün bir çox çayın axarı dəyişdirilərək su anbarlarına yönlədirilib. Hansı ki bu çaylar məhz Aral gölünə axırdı və bioloji müxtəlifliyin qorunmasına səbəb olurdu. Aralın quruması da bununla başlayıb. Çayların önü kəsilərək su anbarları inşa edilib. Nəhəng ərazidə ekoloji fəlakət başlayıb. 1980-ci illərdə Aral gölü su ehtiyatlarının yarısını artıq itirib. Bir çox balıq növlərinin nəsli kəsilib. Aral gölü ucsuz-bucaqsız səhraya dönüb. Suvarma sistemləri Aral gölünün sonunu sürətləndirib. Aral şirin su hövzəsi ikən duzlu gölə çevrilib. Vaxtilə 68 min kv.kilometr ölçüyə malik göl son 15 ildə 2 min.kv-kilometrə qədər azalıb. Aralın getdikcə yox olması təkcə ekoloji deyil, sosial fəlakət də gətirib. 35 milyon yerli əhali gölün qurumasının mənfi təsirlərinə məruz qalaraq ərazidən köçmək məcburiyyətində qalıb. Aralın özüylə bərabər əhalisi də getdikcə azalıb. Bir zamanlar turistlər Aral gölünü və oradakı müxtəlif canlıları görməyə gəlirdisə, indi böyük səhrada atılıb qalmış paslanmış gəmilərə baxırlar. Hazırda yalnız gölün kiçik bir hissəsi Özbəkistan dövlətinin mühafizəsi altındadır. Hökumət kiçik ölçülü olsa da, yenə də Aralı qorumaqda israrlıdır. Və inanılmaz geri dönüşümə ümid edir. Ötən əsrdən bu günə kimi Aral limanı adlanan ərazidə yaşayan qazax qadın – Maryan Baybolqızı BBC-yə açıqlamasında Aralın ehtişamlı günlərini xatırladığını deyib. Qazax qadın “bəlkə mənim üçün artıq gecdir, amma istəyirəm, nəvələrim Aral dənizini yenidən görsünlər”, söyləyib.