Mübariz İbrahimov Vətənin, insanların yaddaşına öz qanı, cəsarəti ilə tarix yazdı
Dünən Azərbaycan Ordusunun giziri, Milli Qəhrəman, xalqın igid balası Mübariz İbrahimovun ad günü idi. Cəmi 22 yaşındaykən adını Vətənimizin tarixinə, insanların yaddaşına öz qanı, cəsarəti ilə yazan Mübariz yaşasaydı, 35-ci yaş gününü qeyd edəcəkdi. Amma o, öz ölümü ilə ölümsüzlük mərtəbəsinə yüksəlməyi seçdi. O, igidliyi, mərdliyi, vətənpərvərliyi, cəsur və məğrurluğu ilə onu tanıyan hər kəsin yadında silinməz olaraq qaldı. Adı kimi vətənin hər qarış torpağı uğrunda son nəfəsinə kimi mübarizə apardı və Mübariz İbrahimov adını əbədi olaraq yaddaşlarda həkk etdi. Qəhrəmanlıq nümunələri ilə zəngin olan tariximizi növbəti dəfə yenilədi.
Onun haqqında filmlər çəkildi, ölkəmizin müstəqilliyi uğrunda canından keçən bir çox igidlərimiz onu öz idealına çevirdilər. 22 yaşlı gənc Azərbaycan hərbçisinin döyüş ruhunu və bacarığını dünyaya göstərdi. Onun qəhrəmanlıqları Azərbaycan vətəndaşlarında, ordusunda özünəinamı artırdı. Məhz Mübariz illərlə erməni ordusu barədə yaradılan mifin dağılmasının başlanğıcını qoydu. Onun cəsarəti və şücaəti 2020-ci ilin sentyabrın 27-də başlanan 2-ci Qarabağ müharibəsi zamanı daha geniş miqyasda təkrarlandı. Mübarizin qəhrəmanlıqları barədə söhbətlər, dərsliklərdəki mövzularla tərbiyələnən gənclik 44 günlük Vətən müharbbəsində onun uğruna can verdiyi torpaqlarımızı işğaldan azad etdi.
13 il əvvəl Mübarizin yazdığı məktubu dillər əzbəri edən uşaqlar böyüyüb Vətən torpağını düşmən tapdağından azad etdilər.
Qeyd edək ki, şəhidlik zirvəsində əbədiyyətə qovuşmuş Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orada orta təhsilini başa vurub.
Həmin il həqiqi hərbi xidmətə çağırılıb. Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.
Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.
Təsdiq edilməmiş versiyalara görə, 19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçib. Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edib. Sonra isə düşmənin öz silahlarından özlərinə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşüb. Düşməni ağır itkilərə məruz qoyub, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub.
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb. Şəhid gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib.
Məzarında rahat yat, Ey Qəhrəman oğul!