QHT də, dövlət də eyni amaldadır 

Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu

Əhalinin həssas qruplarına ödənişsiz hüquqi yardım göstəriləcək

Bakı şəhərində, Tovuz, Qazax və Ağstafa rayonlarında təlim və ictimai müzakirələr təşkil olunur

Hüquqi dövlətin sosial əsası özünütənzimləyən vətəndaş cəmiyyətidir. Hüquqi dövlət vətəndaş cəmiyyətinin forması kimi çıxış edir. Bu tip dövlətin mərkəzində də insan və onun maraqları durur. Sosial təsisatlar vasitəsilə vətəndaşların yaradıcılıq imkanları üçün şərait yaranır, plüralizmi, şəxsi hüquq və azadlıqları təmin edilir. Stabillik hüquqi dövlətin sosial əsasını daha da möhkəmləndirir.

Vətəndaş cəmiyyətinin bir tərkib hissəsi olaraq QHT-nin cəmiyyətdə əsas rolu vətəndaşların tələbatının ödənilməsi istiqamətində onların öz potensial qüvvələrinin səfərbər edilməsindən, bu yöndə vətəndaş şüurunun artırılması və işlək mexanizmlərin formalaşdırılmasından ibarətdir. Azərbaycanda fəaliyyət göstərən QHT-nin də ölkəmizdə vətəndaş cəmiyyətinin qurulmasında rolu müstəsnadır. QHT-nin mənası, funksiyaları, əhəmiyyəti və fəaliyyətləri barədə əhali geniş məlumatlı olmasa da, intellektual insanlar və cəmiyyətin ictimai fəalları arasında bu barədə informasiya kifayət qədərdir. Respublikamızda fəaliyyət göstərən QHT əsas etibarilə insan hüquqları və demokratiya, ailə, qadın və uşaq məsələləri, iqtisadi və sosial məsələlər, elm, təhsil, mədəniyyət, ekologiya, gənclər və digər sahələrdə fəaliyyət göstərir, öz istiqamətlərinə uyğun müxtəlif layihələr həyata keçirirlər. Onlar insan hüquqlarının təbliğində, əhalinin müxtəlif sahələrdə maariflənməsində, vətəndaşların sosial problemlərinin həllində layihələr həyata keçirirlər. Hazırda pulsuz hüquq yardım göstərən, vətəndaşlar üçün iddia hazırlayan, sorğular göndərən QHT var. Hətta sırf Avropa Məhkəməsinə ərizələrin hazırlanması xidmətini göstərən təşkilatlar da mövcuddur. Bəzi qurumlar vətəndaşlara mülkiyyət məsələlərinə dair yardım göstərir.
  
Qeyd edək ki, əhalinin hüquqi maarifləndirilməsi, hüquqi düşüncə və hüquq mədəniyyətinin günün tələbləri səviyyəsində inkişaf etdirilməsi demokratik-hüquqi dövlətin və vətəndaş cəmiyyətinin formalaşması prosesinə təkan verən ən mühüm amillərdəndir. Hüquqi maarifləndirilmə demokratik, hüquqi dövlətin və vətəndaş cəmiyyətinin formalaşdırılmasının mühüm cəhətlərindən olmaqla yanaşı, insan hüquq və azadlıqlarının müdafiəsini daha səmərəli təmin etmək baxımından da böyük əhəmiyyət daşıyır. Məhz həyata keçirilən hüquqi maarifləndirmə tədbirləri insan hüquq və azadlıqlarının təmin edilməsi və müdafiəsi məqsədilə dövlət tərəfindən gerçəkləşdirilən səmərəli fəaliyyətin tərkib hissəsi kimi çıxış edir.  İnsanlar arasında hüquqi maarifləndirmənin zəif olması ilə cəmiyyətdə hüquq pozuntularının sayının artması arasında səbəbli əlaqə heç kimdə şübhə yaratmır. Bu səbəbdən hüququn təbliği və qanunvericiliyin izahı cinayətkarlığın qarşısının alınmasında ən mühüm vasitə kimi nəzərdən keçirilməlidir. Bir çox hallarda insan hüquqlarının pozulması bilavasitə məlumatsızlıqdan və hüquqi savadsızlıqdan irəli gəlir.
  
Son illər Azərbaycanda əhalinin zəif təbəqədən olan vətəndaşlarına pulsuz hüquqi yardımın verilməsi layihələri təşkil olunur. Layihənin təşəbbüskarı “Sosial hüquqların araşdırılması” İctimai Birliyi, koordinatoru isə Birliyin sədri Mayis Əliyevdir. 
  
Bu barədə “Sherg.az”a danışan M.Əliyev 2012-ci ildən etibarən əhalinin  hüquqi maariflənməsi istiqamətində çox ciddi addımlar atdıqlarını deyib: “Sosial müdafiəyə xüsusi ehtiyacı olan ailələrin sosial hüquqlarının müdafiəsi məqsədilə ödənişsiz hüquqi yardım xidmətlərini artıq uzun illərdir davamlı  təşkil edirik. Şərifzadə 122 ünvanında yerləşən Sosial Məsələlər üzrə Hüquq Klinikasında aztəminatlı ailələr, şəhid ailələri, məcburi köçkünlər, müharibə əlillərinin ödənişsiz  şəkildə bütün hüquqi problemlərini həll edir, onların maariflənməsinə çalışırıq.    

 Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə təşkil olunan “Sosial müdafiəyə xüsusi ehtiyacı olan ailələrin sosial hüquqlarının müdafiəsi məqsədilə ödənişsiz hüquqi yardım xidmətlərinin təşkili” adlı layihə də işimizin tərkib hissəsidir”.  

  M.Əliyevin sözlərinə görə, layihənin əsas məqsədi əhalinin sosial müdafiəyə xüsusi ehtiyacı olan təbəqələrinin sosial hüquqlarla bağlı məlumatlandırılmasından, regionlarda “Ödənişsiz hüquqi yardım günləri”nin təşkil edilməsindən, vəkillərin, vəkilliyə namizəd olan nümayəndələrin, praktik hüquqşünasların, hüquq fakültəsi tələbələrinin, eləcə də sosial sahədə fəaliyyət göstərən QHT-nin sosial hüquqlara dair biliklərinin artırılması üçün təlimlərin təşkilindən, sosial məsələlər üzrə hüquq klinikasında benefisiarlara ödənişsiz hüquqi yardım xidmətlərinin göstərilməsinin davam etdirilməsindən ibarətdir: “Layihə çərcivəsində sosial məsələlər üzrə hüquq klinikasının fəaliyyətinin təmin edilməsi və genişləndirilməsi,  sosial qanunvericiliyə dair maarifləndirici bukletin və sosial qanunvericiliyin əsas müddəalarına dair materialların hazırlanması və benefisiarlara paylanması, Bakı şəhərində, Tovuz, Qazax  və Ağstafa rayonlarında “Ödənişsiz hüquqi yardım günü”nün təşkil edilməsi, vəkilliyə namizəd olan şəxslərin sosial hüquqlara dair biliklərinin artırılması üçün təlim və ictimai müzakirələrin təşkili, layihədə nəzərdə tutulan fəaliyyətlərin və araşdırmaların nəticəsi olaraq “Sosial müdafiəyə xüsusi ehtiyacı olan ailələrin sosial hüquqlarının müdafiəsi ilə bağlı meydana çıxan problemlərin aradan qaldırılmasıdır. 
  
Bilirsiniz ki, ölkəmizdə vəkil xidmətindən istifadə etmək çox bahalıdır və hər adamın buna gücü çatmır. Biz də sosial qayğıya ehiyacı olan insanların hüquqi xidmətə əlçatanlığını  təmin etmək üçün bu  cür layihələr icra edirik. Qeyd etdiyim bölgə  Ermənistanla həmsərhəd rayonlar  olduğu üçün orada yaşayan insanların problemlərini həll etməyə çalışırıq. Hazırda da yoldayam və  sabah Tovuz Gənclər Evində əhali ilə görüşüb, onları maraqlandıran məsələlərə aydınlıq gətirəcəm. Layihə oktyabrın sonuna qədər  davam edəcək”. 
  
Qeyd edək ki,  vətəndaşlara kömək etmək məqsədilə bir sıra QHT tərəfindən "Dövlət tərəfindən təmin edilən hüquqi yardım haqqında" qanun layihəsi hazırlanıb. Ödənişsiz hüquqi yardıma aid bu qanun layihəsi aztəminatlı və əhalinin sosial cəhətdən həssas qruplarının pulsuz hüquqi yardıma çıxış imkanlarını müəyyən edir. Burada həmçinin vətəndaşların keyfiyyətli hüquqi yardım almaq hüququnun təmin edilməsi, regionlarda vəkil çatışmazlığı probleminin həlli, vətəndaşların hüquq və maraqlarının təmini, yerlərdə ödənişsiz hüquqi yardım göstərəcək qurumların yaradılması ilə bağlı məsələlər əksini tapıb.
  Layihəyə görə, dövlət tərəfindən əhaliyə  həm ilkin, həm də peşəkar hüquqi yardım göstərilə bilər. Yəni məsləhətdən tutmuş, məhkəmələrdə iştirak, məhkumun maraqlarının müdafiəsi və təmsil olunması və s. kimi işlər görülə bilər. Layihədə həmçinin “kim dövlətdən hüquqi yardım ala bilər” sualına da cavab verilib.
  "Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin sədri Zemfira Mustafayeva  isə deyib ki, vətəndaş cəmiyyəti institutlarının uğrunda çox çalışdıqları  həmin qanun, nəhayət, qəbul edilib. Yəni bundan sonra əhalinin həssas qruplarına aid olan şəxslərə mülki işlərdə vəkillər tərəfindən dövlət hesabına pulsuz hüquqi yardım göstəriləcək.
  QHT sədrinin sözlərinə görə, bu qanunda bu şəxslərin dairəsi genişdir, lakin yığcam olaraq belə qruplaşdırmaq olar: “İnsan alveri qurbanları və məişət zorakılığından əziyyət çəkmiş, əlilliyi müəyyən edilmiş və işləməyən, əlilliyi müəyyən edilmiş 18 yaşına qədər, işsiz kimi qeydiyyatda olan, maddi vəziyyəti və orta aylıq gəlirinin cari il üçün yaşayış minimumundan əhəmiyyətli dərəcədə aşağı olması məhkəmə tərəfindən qiymətləndirilən digər şəxslər, valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olunmuş uşaqlar, ünvanlı dövlət sosial yardım alan ailələrin üzvləri ayırmaq olar. Bu sadalanan şəxslərə dövlət hesabına hüquqi yardımın göstərilməsi bu şəxslərə məhkəməyə qədər QHT tərəfindən göstərilən pulsuz hüquqi yardımın davamını təmin etməyə və onların hüquqlarının müdafiəsinin səmərəliliyinin yüksəldilməsinə şərait yaradır”.