Kosmetoloqlar mütləq tibbi təhsili olmalıdır 

Bütün dünyada belədir

“Bizdə isə xarici ölkələrdən fərqli olaraq "kosmetoloq” işləyən şəxslərin əksəriyyəti 5-6 aylıq kursa gedib deyə özünü professional kosmetoloq kimi təqdim edir”


  “Kosmetoloji iş üzrə ambulator tibbi xidmət “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin” siyahısına daxil olduğundan bu istiqamətdə fəaliyyət göstərən müəssisələr müvafiq lisenziya əldə etməlidirlər”.
  Bunu Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Tibbi nəzarət şöbəsinin müdir müavini Ramik Quliyev bildirib. Onun sözlərinə görə, bu müəssisələrdə kosmetoloji iş üzrə ambulator tibbi xidmətin göstərilməsinə nəzarət Səhiyyə Nazirliyinin müvafiq qurumları tərəfindən plan üzrə yoxlamalar, eyni zamanda daxil olmuş şikayət və təqdimatlar əsasında digər qurumlarla birlikdə plandankənar yoxlamalar şəklində aparılır: “Kosmetoloji xidmətlər insan orqanizminin örtük toxumalarına müdaxilə ilə müşayiət olunduğundan, bu müəssisələr müvafiq tələblərə cavab verməlidirlər. Kosmetoloji işlərlə məşğul olanlar (həkim-dermatoloq) ali tibbi təhsilli mütəxəssislər və ya orta tibbi təhsili olan orta tibb işçiləri olmalıdır. Həmçinin bu ali və ya orta ixtisas təhsilinə malik mütəxəssislər praktik tibb fəaliyyəti ilə məşğul olduqlarından beş ildə bir dəfə sertifikasiyaya cəlb edilməlidirlər. “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müəyyən olunmuş qaydada hüquqi şəxs yaratmaqla özəl tibb fəaliyyəti, həmçinin ali tibb təhsili olan şəxslər tərəfindən hüquqi şəxs yaratmadan fiziki şəxs olaraq özəl tibbi praktika üzrə fəaliyyət həyata keçirilə bilər”.
  R.Quliyev deyib ki,  “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, lisenziya verən qurum kimi İqtisadiyyat Nazirliyi özəl tibb fəaliyyəti üçün lisenziyanın verilməsi ilə bağlı daxil olmuş müraciətə baxılması ilə əlaqədar Səhiyyə Nazirliyinin rəyini alır. O cümlədən, kosmetoloji iş üzrə ambulator tibbi xidmət göstərmək niyyətində olan müəssisələr özəl tibb fəaliyyəti üçün lisenziyanın verilməsi ilə bağlı İqtisadiyyat Nazirliyinə müraciət etməlidirlər: “Müraciət əsasında rəyin verilməsi məqsədilə hər iki qurumun iştirakı ilə müəssisəyə birgə baxış keçirilir. Müsbət rəy nəzərə alınmaqla müəssisəyə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli Qərarı ilə özəl tibb fəaliyyəti üzrə göstərilən xidmətlərə uyğun kosmetoloji iş üzrə müvafiq lisenziya verilə bilər. Rəyin verilməsi və sonrakı nəzarət tədbirləri zamanı müəssisənin tələblərə uyğun təşkil olunması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 07 aprel 2009-cu il tarixli 37№-li əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə dair Qaydalar” və digər normativ aktlarla qiymətləndirilir. Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nda “kosmetoloji” iş üzrə tibbi xidmətin göstərilməsi tibbin bir sahəsi kimi qeyd olunub və tibbi kosmetologiyaya daxil olan estetik problemlər, onların korreksiyasına və profilaktikasına yönəlmiş, örtük toxumalarına müdaxilə ilə müşayiət olunan müxtəlif kompleks prosedurları nəzərdə tutur. Tibbi kosmetologiyaya, cərrahi müdaxilələr istisna olmaqla (plastik cərrahiyyəyə aid olduğundan) konservativ və korreksion üsullar daxildir. Bu üsullara inyeksion prosedurlar, müxtəlif növ aparat kosmetologiyası (o cümlədən lazer üsulu epilyasiya), biorevitalizasiya, mezoterapiya, pilinq prosedurları, müalicəvi masaj üsulları, plazmoliftinq aid oluna bilər. Bu üsulların hamısı “kosmetoloji” işə aid olunduğundan müvafiq iş üzrə özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur. Bu sahədə praktik tibbi fəaliyyət üzrə müvafiq sertifikatı olan həkim-dermatoveneroloqlar və tibbi kosmetologiya üzrə ixtisaslaşma keçmiş ali tibbi təhsilli mütəxəssilər məşğul olmaq hüququna malikdirlər".
  Qeyd edək ki, dəfələrlə mətbuatda gözəllik salonlarının xidmətindən istifadə edib, daha sonra ciddi xəstəliyə yoluxanlar barədə xəbərlər gedib. Bu da səbəbsiz deyil. Manikür üçün gözəllik salonuna gedib, sonra panarisiya xəstəliyinə yoluxanlar bu sahədə xüsusi üstünlük təşkil edir. Gözəllik salonlarında xüsusən də hepatitlər yayılıb. 
  Dermatoloq-kosmetoloq Humay İsmayılova  da “Sherg.az"a açıqlamasında deyib ki, kosmetoloji prosedurları icra edən şəxslərin mütləq tibbi  təhsili olmalıdır. Bütün dünyada belədir, bizdə isə xarici ölkələrdən fərqli olaraq "kosmetoloq” işləyən şəxslərin əksəriyyəti 5-6 aylıq kursa gedib deyə özünü professional  kosmetoloq kimi təqdim edir. Hansı ki sual versən, nə farmakologiya, kimya, anatomiyadan, nə də  dəri xəstəlikləri və  onların müalicəsindən xəbəri var. 
  Bir neçə aylıq kursla kosmetoloq işləməyin düzgün olmadığını deyən dermatoloq hesab edir ki, bahalı aparatları alıb salona qoymaqla iş bitmir: 
“Həm tibbi savad olmalı, həm də bu sahənin  üzərində uzun müddət çalışmalı, təcrübə əldə edib başlanılmalıdır. Aparatda işləməyi öyrənmək kosmetoloq olmaq deyil. Bu cür məsuliyyətsiz kosmetoloqlar pasiyentlərə ciddi problem yaradırlar. Belə ki, onlar üzün sinirlərindən, quruluşundan, damarlarından xəbərdar olmadıqları üçün yanlışlara yol verirlər. Kurs bitirib, sertifikat alanların estetik mərkəzlərdə həkim-kosmetoloq kimi çalışıb, kosmetoloji lazer prosedurları, botoks həyata keçirməsi çox ciddi təhlükədir.  Hazırkı dövrdə kosmetoloji prosedurlara inyeksion metodlar daxil olduğundan kosmetoloqun tibbi savadı mütləq olmalıdır. Kurs bitirən kosmetoloqlar üz masajı, dərinin gigiyenik təmizlənməsi, maska qoymaq və s. kimi prosedurları həyata keçirə bilərlər. Həkim kosmetoloqlar isə dəri xəstəliklərinin müalicəsi, kosmetoloji lazer prosedurları, inyeksion metodikaların həyata keçirilməsi ilə məşğul olmalıdır. Çox təəssüf ki, müasir cəmiyyətimizdə heç bir tibbi savadı olmayan dırnaqarası mütəxəssislər botoks, dərinin kontur plastikası, mezoterapiya, plazmaterapiya kimi tibbi prosedurları həyata keçirir və ağırlaşmalar olduqda onların vaxtında və fəsadsız aradan qaldırılması üçün heç bir tədbir görə bilmirlər”.