Ana dili Azərbaycan xalqının milli sərvətidir

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və
mədəniyyətinin təbliği;


Dilimizin bugünkü inkişaf səviyyəsi xalqımızın dünyanın ən qədim xalqlarından biri olduğunu təsdiqləyir
 
 Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili günü kimi qeyd edilir. Bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. H.Əliyev həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb.
  Ana dilimizin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi qürurvericidir. Çünki dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir.
  Dil hər bir xalqın, millətin özünəməxsusluğunu, tarixi keçmişini və mədəniyyətini, elmini, milli-mədəni adət-ənənələrini, əxlaqi davranışları və dünyagörüşünü özündə daşıyan milli sərvətdir. Milli dövlətçiliyin yaranmasında və inkişafında ana dili mühüm tarixi rol oynayır. Çünki o, xalqın özünüqoruma instinktini gücləndirən, səfərbər edən və birləşdirən, həmçinin bir toplumu digərlərindən fərqləndirən və müdafiə edən ən etibarlı vasitədir. Ona görə də dövlət dilinin saflığının qorunması, inkişafı və zənginləşməsinə xüsusi qayğı bütün dövrlərdə böyük əhəmiyyət kəsb edib.
  Qeyd edək ki, Azərbaycanda dil siyasətinin yürüdülməsi Xalq Cümhuriyyəti dövründən başlanır. Hökumətin 27 iyun 1918-ci il tarixli qərarı Azərbaycan dilini dövlət dili elan edən ilk rəsmi sənəd kimi böyük əhəmiyyətə malikdir. Azərbaycanda milli dil siyasətinin formalaşması millətin mənafeyinə uyğun düzgün ideoloji mövqeyin də əsasını qoyub. Lakin Azərbaycan sovetləşəndən sonra dilimiz çox ciddi təzyiqlərə məruz qalıb.
  Heydər Əliyev respublikamıza rəhbərliyə başladığı ilk illərdən Azərbaycan dilinin siyasi nüfuzunun yüksəlməsinə çalışıb, doğma dilimizə işləklik qazandırmaq, onun dövlət dili kimi yüksək bir statusa sahib olmasını təmin etmək üçün məqsədyönlü addımlar atıb. Ümummilli Liderin təşəbbüsü ilə 1978-ci il Konstitusiyasında ilk dəfə Azərbaycan dili dövlət dili kimi rəsmiləşdirilib.
  Ulu Öndər dövlətçilik fəaliyyəti prosesində millilik amilini, tarixilik anlayışını və müasirlik prinsipini ardıcıl olaraq həyata keçirmək yollarındakı mübarizəsində ədəbiyyatda dərin iz salmış, köklü ənənələrə malik olan həmin amillərdən yerli-yerində, əsaslı şəkildə faydalanmaqla özünün ali məqsədinə nail olmağa çalışıb. Ümummilli Liderin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edən Azərbaycan Respublikasında dil siyasəti sahəsində də bu varislik qorunub saxlanıldı. “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir”, - deyən Ulu Öndər mövcud tarixi təcrübəni və müasir dövrün tələblərini nəzərə alaraq mükəmməl bir dil siyasəti yürüdüb. Heydər Əliyev dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızla görüşlərində də bu məsələyə hər zaman xüsusi diqqət ayırıb, Azərbaycan dilinə sevgini azərbaycançılıq ideologiyasının əsas əlamətlərindən biri kimi təsbit edib. Dövlətçilik dilin dayağıdır. Dilin müstəqil inkişafı, zənginləşməsi və nüfuzu bilavasitə dövlətçiliklə bağlı olduğu üçün dil dövlətin əsas atributlarından biri hesab olunur. Ona görə də ana dilimizin dövlət dili statusu Konstitusiyada qanuniləşdirildikdən sonra dövlət idarəçiliyinin müxtəlif sferalarında, sosial-iqtisadi həyatda dilimizin fəaliyyət dairəsi tədricən genişlənməyə başlayıb.
  Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsində Prezident Heydər Əliyevin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli fərmanı mühüm tarixi rol oynayıb. Bu fərmanla Azərbaycan dövlətinin müstəqillik təcrübəsinə əsaslanan Ümummilli Lider dövlət dilinin tətbiqi sahəsində görülməli olan zəruri işlərin proqramını ortaya qoyub. 1939-cu ildə repressiyaya uğradılmış latın qrafikalı Azərbaycan əlifbasına Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində yeni həyat verilib. Azərbaycan türk dünyasında Türkiyədən sonra latın qrafikasına keçən ilk postsovet türk respublikası oldu. Yeni qrafikaya keçid eyni zamanda rus imperiyasına bağlılıqdan xilas olmaq istiqamətində irəliyə doğru atılmış ilk mühüm və düşünülmüş addım idi.
  Ümummilli Liderin milli dil siyasəti onun layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının 12 yanvar 2004-cü ildə imzaladığı kiril əlifbasında olan bədii və ictimai-siyasi ədəbiyyatın latın qrafikasında nəşri haqqında sərəncamı milli dil siyasətinin reallaşması baxımından çox mühüm əhəmiyyət kəsb edir. Eləcə də, 2007-ci il 30 dekabr tarixində imzalanan “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamı ana dilinin həyatımızın bütün sahələrində tam və müfəssəl tətbiqini gerçəkləşdirib.
  Millət vəkili Məşhur Məmmədov “Şərq”ə açıqlamasında deyib ki, “Xalqı xalq edən, milləti millət edən onun ana dilidir” deyən Ulu Öndər Heydər Əliyev Azərbaycan dilinə dövlət dili statusunun verilməsində əvəzsiz rol oynayıb.
  Ulu Öndər Heydər Əliyev çıxışlarında hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilinin olmasını qeyd edib. Vurğulayıb ki, bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz yaşayıb və zənginləşib. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Çünki dil xalqın sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyil.
  Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin səyləri xalqımız üçün əvəzedilməz töhfələrdir. Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən, hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili günü kimi qeyd edilir.
  Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir.
  Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin də Azərbaycan dili haqqında etdiyi çıxışlarda Azərbaycan dilinə dəyər verməyin vacibliyi qeyd olunur: “Prezidentin çıxışlarından birində qeyd etdiyi kimi, müstəqil dövlətin olmadığı dövrlərdə azərbaycanlıları bir xalq kimi qoruyan, assimilyasiya olunmağa imkan verməyən Azərbaycan mədəniyyəti, Azərbaycan dili, milli-mənəvi dəyərlər olub. Azərbaycan dilinin, Azərbaycan mədəniyyətinin qorunub inkişaf etdirilməsi həm də müstəqilliyimizin, vahid dövlətçilik ənənələrimizin və milli birliyimizin ən başlıca simvollarını qorumaq kimi dəyərləndirilməlidir. Zənginliyi nöqteyi-nəzərindən Azərbaycan dilinin dünya dilləri arasında xüsusi yeri vardır. Son vaxtlar Azərbaycan dilinə daxil edilən bəzi kəlmələr dilin dəyişilməsinə səbəb olur. Dilin orijinallığının qorunması məsələsi media ilə bağlı qurumların, eləcə də telekanalların da öhdəsinə yeni vəzifələr müəyyən edir. Ümummillli Lider də öz çıxışlarında Azərbaycan dilinin saflığının qorunması üçün çağırışlar edir, dilimizin türk dilləri ailəsində xüsusi müstəqil mövqeyini vurğulayırdı. Azərbaycan dilini qorumaq hər bir azərbaycanlının borcudur”.
  Filoloq Nəzakət Qəhrəmanzadə isə sosial media hesabında dilin xalqın birliyinin, vahidliyinin təcəssümü olmaqla ən böyük milli-mənəvi sərvətlərdən biri olduğunu yazıb. Onun sözlərinə görə, insanlar arasında ünsiyyət vasitəsi olan dil həm də milləti birləşdirən ən böyük faktordur: “Ulu Öndər Heydər Əliyevin 2001-cil tarixli Fərmanı ilə 1 avqust ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili günü elan edilib. Hər bir azərbaycanlı əcnəbi dilləri öyrənməklə bərabər, öz ana dilini səlis bilməli, bu dildə yazmağı və oxumağı bacarmalı, dilinin mənəvi saflığını qorumalıdır. Hər bir xalqın milli-mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Dil hər bir xalqın varlığının ən əsas, bəlkə də yeganə təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dilimiz xalqın keçdiyi bütün tarixi mərhələdə onunla birgə olub, onun taleyini yaşayıb. Əsrlər, qərinələrdir ki, xalqımızın əbədiyaşarlığına xidmət edən ana dilimiz qədim tarixə malik olan, min illərin müxtəlif burulğanlarından alnıaçıq, üzüağ çıxaraq müasir dövrə gəlib çatmış ən böyük mənəvi sərvətimizdir. Ana dilimiz dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir. Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan dilinin inkişafına xüsusi diqqət yetirib. Çünki ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir. Ana dili hər bir xalqın milli sərvəti, həmin xalqın varlığının təsdiqidir. Dil millətin formalaşmasında vacib olan amillərdən biridir. Xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, ilk növbədə onun dilində öz əksini tapır. Dil, həm də, çətin tarixi-siyasi dövrlərdə millətin varlığını sürdürməsi üçün əsas vasitədir. Dilini itirən xalq məhvə məhkumdur. Azərbaycan dili də Azərbaycan xalqının milli sərvətidir və xalqımız, millətimiz tarix durduqca bu sərvətin qayğısına qalmalı və dilimizi gələcək nəsillərə ötürməlidir. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi xalqımızın dünyanın ən qədim xalqlarından biri olduğunu təsdiqləyir. Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi, qorunması və inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan Respublikasının rəhbəri olan Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirib. Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi, qorunması və inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır”.