"Ümumiyyətlə, bu kimi təşəbbüslər çox yanlış idi. İstər daha öncə hörmətli Qafar Çaxmaqlının elan etdiyi "cümhuriyyət" olsun, istərsə də digərləri. Əvvəla bir sual ortaya çıxır: Bu şəxslər belə səlahiyyəti haradan alırlar? Əslən İrəvandan olan hər şəxs ətrafına 10-15 adam yığıb "hökumət" elan eləsə, bunun nəticəsi nə olacaq? Gülünc vəziyyətə düşərik”.
Bunu “Sherg.az”a açıqlamasında Azərbaycanın mühacirət tarixinin tədqiqatçısı, araşdırmaçı-jurnalist, "Çapar" jurnalının baş redaktoru Dilqəm Əhməd Göyçə- Zəngəzur qondarma qurumunun özünü buraxması baradə məlumatların yayılmasından danışarkən deyib.
O vurğulayıb ki, hökumətlər aşağıdan qurulmalıdır:
“Yəni İrəvan bölgəsinin mahalları, kəndləri bəllidir. Əvvəlcə oranın qaçqın əhalisi qurultaylar keçirib öz təmsilçilərini seçməli, ondan sonra həmin təmsilçilər qurultay keçirib seçki yolu ilə mühacir hökumət təşkil etməlidir. Yalnız belə olduğu halda başqa təşəbbüslərə yer verilməyəcək. Ləğv olunan qondarma "cümhuriyyət"ə gəlincə, onu quranlar birbaşa Azərbaycan dövlətçiliyinə qarşı çıxıblar. Zəngəzur haradır? Məlumdur ki, qərb hissəsi hazırda Ermənistanın işğalındadır, şərq hissəsi isə üç ildir ki azad olunub. İndi bu "hökumət"ə ad verənlər Azərbaycan Respublikasına da ərazi iddiası ilə çıxış etmiş olublar. Digər tərəfdən bilirik ki, bu "hökumət"in təmsilçilərindən biri İraq Kürdüstanı ilə əlaqələri olan şəxsdi. Ona görə də bu kimi təşəbbüslərdə olanlara ciddi təpki verməliyik.
D.Əhməd əlavə edib ki, İrəvan camaatından kimsə öz məqsədləri üçün istifadə edə bilməz:
“Mən əminəm ki, hər iki təşəbbüs Azərbaycandan kənardakı qüvvələrin işidir. Azərbaycan dövlətinin dəstək verdiyi Qərbi Azərbaycan İcması var, irəvanlılar o icma ətrafında təşkilatlanmalı və tarixi torpaqlarına qayıtmalıdırlar. Ümumiyyətlə, bu qayıdışdan sonrakı müddətdə orada əvvəlcə muxtariyyət elan edilməli, tarixi şans düşəndə isə müstəqilliyimiz bərpa olunmalıdır. Unutmayaq ki, İrəvanın, Zəngəzurun, Qarabağın bizdən qoparılması təkcə Rusiyanın planı deyildi. Eləcə də Türk xəttinin qoparılması üçün edilən planlı iş olub. Ona görə də bu xətti bərpa etmək üçün hazırda Azərbaycan Respublikasının planları xaricində əsla təşəbbüslərə baş vurulmamalıdır. Çünki dövlət başçısı dəfələrlə Göyçəyə, Zəngəzura və digər bölgələrə qayıdacağımızı deyib. Mən isə buna inanıram, necə ki Füzuliyə, Şuşaya, Zəngilana qayıtdıq".
Xatırladaq ki, “Qərbi Azərbaycana Qayıdış” İctimai Birliyinin rəhbəri Rizvan Talıbov 2022-ci ildə “Göyçə-Zəngəzur Respublikası”nı yaratdıqlarını, tanınmamış respublikanın öz prezidenti, parlamenti, Nazirlər Kabineti olduğunu iddia edib.
Ardınca sentyabrda “Göyçə-Zəngəzur Respublikası”nın Ankara nümayəndəliyinin açıldığı bəyan edilib.
Rizvan Talıbov iddia edirdi ki, bu “respublikanı” vaxtilə Ermənistan ərazisində azərbaycanlıların kompakt yaşadığı bölgələrin təmsilçiləri yaradıb.
Lakin Qərbi Azərbaycan İcması bəyanat yayaraq, belə bir təşəbbüsü dəstəkləmədiklərini açıqlamışdı.