Partizan müharibəsi davam edir: Moskvaya dron hücumu!

Rusiyanın Moskva vilayətində vurulan pilotsuz uçuş aparatının (PUA) qalıqlarının İstra şəhər məhəlləsindəki bağ evinə düşməsi nəticəsində iki nəfər yaralanıb.

Bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov özünün “Telegram” kanalında məlumat verib.

“Bu səhər iki pilotsuz təyyarə Moskva vilayətinin qərbində və şimal-qərbində hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub. Onlardan birinin qalıqları İstra şəhər dairəsində yerləşən “Dorojnik” bağ evinin üzərinə düşüb. Nəticədə iki nəfər xəsarət alıb. Onlardan bir kişi tibb müəssisəsinə yerləşdirilib, qadın isə xəstəxanaya getməkdən imtina edib. Həmçinin, üç evdə pəncərələr sınıb. Bütün təcili yardım xidmətləri hadisə yerində işləyir”, - deyə o qeyd edib.

İstra şəhər dairəsinin rəhbəri Tatyana Vituşeva bildirib ki, yaralananlar 56 yaşlı kişi və 77 yaşlı qadındır.

Tatyana Vituşeva, həmçinin, sakinlərə hava hücumundan müdafiə sistemlərinin işini əks etdirən görüntüləri paylaşmamağı xahiş edib.

Hadisəni “Sherg.az”a dəyərləndirən tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasov qeyd edib ki, heç kəs Ukrayna partizanlarının faşist Almaniyasına qarşı apardığı müharibəni yaddan çıxarmamalıdır:

"Ukraynalıların və belarusların genetik irsində partizan müharibəsi aparmaq təcrübəsi var. Bu əvvəl meşədə gizlənib gizlicə alman dəstələrinə hücum etmək idi. İndi isə bu partizan müharibəsi dronlar, yüksək texnologiyalar, xakker hücümları və digər vasitələrlə həyata keçirilir. Əlbəttə ki, Moskva bunun adını terror qoyacaq. Amma ən böyük terror Rusiyanın Ukrayna ərazilərini işğal etməsidir. Ona görə də açıq şəkildə deyə bilərik ki, Ukrayna Rusiyanın etdiyi kimi ona qarşılıq verir və bu hələ başlanğıcdır. Çünki Ukraynanın əlində elə texnologiyalar var ki, Rusiyanın hava hücumlarından müdafiə sistemilərinə yaxalanmadan istədiyi fəaliyyəti apara bilir".