Ermənilər razılaşır: Yaxın vaxtlarda daha ciddi xəbərlər eşidəcəyik – Səməd Seyidov


"Qarabağ separatçılarının rəhbərləri yüklərin Ağdamdan keçməsinə razılaşıb". Bu barədə Ermənistanın "Hrapark" qəzeti yazıb.

Qəzet qeyd edir ki, bu gün saat 11:00-da Qarabağ separatçılarının "lideri" Arayik Arutyunyan "Təhlükəsizlik Şurası"nın geniş iclasını keçirib. İclasda "parlament qüvvələri", "keçmiş prezidentlər", eləcə də son günlər fəallaşan "yerli özünümüdafiə dəstəsi"nin komandiri Karen Matevosyan iştirak edib.
Nəşrin yazdığına görə, islasda "Azərbaycanın Ağdam vasitəsilə humanitar yüklərin daşınması tələbinin qismən təmin olunmasına qərar verilib”.
“Hraparak” iclasda baş verənlərin təfərrüatını daha sonra dərc edəcəyini vəd edib.


Bunun hələ başlanğıc olduğunu deyən millət vəkili, AŞPA- da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov “Sherg.az”a vurğulayıb ki, Ermənistan Azərbaycanın təklif etdiyi sülh planına məhkumdur:

"Bu gün Azərbaycanın yaratdığı reallıq və təklif etdiyi məsələlər beynəlxalq münasibətlər çərçivəsində olan davranış qaydalarıdır. Gözü açıq olan heç kəs separatçılığı dəstəkləməz. Çünki artıq hamıya məlumdur ki, Ermənistan humanitar məsələləri siyasi məqsədlər üçün istifadə edir. Sonuncu müzakirələr isə bunu bir daha göstərdi. Yəni Azərbaycan hər kəsə sübut etdi ki, yol açıqdır və ermənilər humanitar məsələləri ortaya ataraq qara yaxır".
Parlamentari əlavə edib ki, Azərbaycan konstitusiyasının qəbulu və təklif etdiyi müqavilə əsasında sülhün əldə olunması mütləq baş tutacaq:
"Sadəcə ortada iki məsələ var. Birincisi reallıqla razılaşmayan separatçılar  erməni əhalisini alət kimi istifadə edərək öz maraqlarını həyata keçirmək istəyir. Çünki onlar qorxur ki, vaxtı gələndə ədalət qarşısına çıxmalı olacaqlar. Digər tərəfdən isə beynəlxalq aləmdə bəzi ölkələr və təşkilatlar proseslərdən istifadə edərək, öz siyasi maraqlarını tədbiq etməyə çalışır. Yəni hər bir böyük dövlət Qafqazda hansısa ölkəni alətə çevirmək istəyir. Azərbaycan güclü olduğu üçün buna imkan vermir. Ermənistan isə onsuz da alətə çevrilib. Lakin bunun reallığa təsiri olmayacaq və əminəm ki, yaxın vaxtlarda daha da ciddi xəbərlər eşidəcəyik".