"Uşaqları çox sevirdi" - Bəyin yaxınları danışır...

Milli Azadlıq Hərəkatının lideri, mərhum prezident Əbülfəz Elçibəyin ölümündən 23 il ötdü.  Avqustun 22-i Bəyin cismən bu dünyadan ayrılıb əbədiyyətə qovuşduğu gün idi. 

Onu anmaq istədik. Tariximizdəki rolunu, azadlığımızdakı əməyini, bizə aşıladıqlarını, gələcək nəsilə miras qoyduğu türkçülük sevdasını hər birimiz bilirik, danmırıq. 

Bəs, Bəy gündəlik həyatında necə insan idi? Millətin taleyi üçün vuruşmaqdan başqa nələr edərdi? Məsələn, hansı musiqiləri sevirdi?

Bütün bu suallar ətrafında onun ən yaxınları ilə həmsöhbət olduq. 

Bəyin qızı Çilənay xanımın ömür-gün yoldaşı Aqil Səmədbəyli “Sherg.az”a söylədi ki, o, ailədə də sadə, təvazökar bir insan idi:

“Çox mehriban, təvazökar, hər yerdə necə idisə, evdə də elə idi. Ancaq milli məsələlərlə bağlı mövzularda kimsə xoşuna gəlməyən nəsə deyəndə, milləti qınayanda qaşları çatılırdı. Hər kəs də onun xasiyyətini bilirdi. Əbülfəz bəyin qaşı çatıldısa, deməli  onun xoşuna gəlməyən  söhbət idi. Eləcə də ailədə onun hər mimikasının nəyi ifadə etdiyini yaxşı bilirdilər. Kələki balaca kənddir, hamı bir-birinə qohum idi. O Kələkidə qaldığı dövrdə istər müxbirlər, istərsə də digər dostlarla onu ziyarət etmişik. İlk dəfə onu görənlər Əbülfəz bəyin sadəliyinə heyrət edirdilər. 
Milli Azadlıq Hərəkatının lideri, Prezident olmuş, dünyada bu qədər tanınan insan necə belə sadə ola bilərdi? Təəssüflər olsun ki, vaxtında xalqımızın bir hissəsi o sadəliyi doğru dəyərləndirə bilmədi. Əbülfəz Elçibəyin sadəliyinin böyüklükdən qaynaqlandığını anlaya bilməyən bir kəsim oldu. O da bizim hamımıza zərər verdi. Ailədə bəzi hallarda Bəyin bir mimikası bəs edirdi ki, hər kəs farağat vəziyyətinə keçsin. Əbülfəz bəy haqqında danışmaq həm asandır, həm də çətin və məsuliyyətlidir. Çünki onu heç bir kəlmə, söz, cümlə, yazı tam ifadə edə bilməz. Atalar boşuna deməyib ki, yüz dəfə eşitməkdən bir dəfə görmək yaxşıdır. Bir xatirəmi bölüşüm.  Onda Bəy Kələkidə idi. Türkiyədə Ağcabədidən olan bir tələbə var idi. Biz bir otaqda qalırdıq. Çox suallar verirdi, mən də cavablandırırdım. Hiss edirdim ki,  cavablar onu tam qane etmir.  Dedim ki, səni Kələkiyə aparacağam, ürəyin nə istəyir soruşarsan, cavabları da Bəyin özündən alarsan. Onunla bərabər getdik, O vaxt Bəyin qardaşı oğlu Ədalət onun köməkçisi idi, biz də ona “Cocu” deyirdik. Bəy də belə çağırırdı onu. Bəyin otağına girdik.
Dedim ki, Bəy, bu mənim dostumdur, tələbədir. Onun sualları var. Elçibəy 5 dəqiqədə bir mühit yaratdı, dostum özünü tam rahat hiss etdi. Dedi ki, ürəyin hansı sahədən istəyir soruş. Dostum sual verir, Bəy cavablandırır. Mən də ləzzətlə dinləyirəm. Söhbət bitdi, biz  çıxanda Cocu dedi ki, xəbəriniz var, neçə saatdır içəridəsiniz? Söhbət mənə o qədər şirin gəlib ki, deyirəm, yəqin yarım saatdır. Cocu dedi ki, 4 saat yarımdır ki, içəridəsiz. Deməli, bu müddət ərzində  dostum sualları verib, Bəy də əhatəli və dəqiq danışıb. Onda dostum dedi ki, “Aqil, qolumdan tut”. Dedim, nə olub? Qayıtdı ki: “Aqil, uçacağam”. Dedi ki, bu adam peyğəmbərdir. O belə adam idi. Bir dəfə görüşmək kifayət edirdi ki, onun fanatiki olasan. O qədər dərin , səmimi insana nüfuz edən şəxsiyyət idi. Həqiq mənada Tanırının millətimizə göndərdiyi bir elçi idi.  Allah yarımçıq qalan arzularının həyata keçməsini bizə nəsib etsin”.

Elçibəyin köməkçisi Oqtay Qasımov da böyük şəxsiyyətdən danışır:

“Təbii ki, Əbülfəz Elçibəy 20-ci əsr Azərbaycan tarixinin yetişdirdiyi ən görkəmli şəxsiyyətlərdən biridir. Dövlət, siyasət adamı idi.  Milli Azadlıq Hərəkatının lideri kimi Azərbaycan tarixində olduqca önəmli rol oynamış bir şəxsdir. Hər bir liderin  həm də şəxsi həyatı olur. Əbülfəz bəy də öz həyatını kifayət qədər sadə və təvazökar yaşayırdı, insanlara qarşı diqqətcil idi. Həm də uşaqlara böyük sevgisi var idi. Hər zaman getdiyi yerdə, küçədə, yaxud da hansıa bir məclisdə uşaqları görəndə onlara qayğı ilə yanaşar, bir neçə dəqiqə də olsa, hal-əhval tutub, söhbətləşərdi. Kasıblara qarşı çox diqqətli idi. Dörd il yarım Kələkidə olduğumuz müddətdə o imkanı qədər kəndin ən kasıb ailələrinə yardım etməyə çalışardı. 
Onların özü bilmədən yaxın adamları vasitəsilə yardımlar edirdi. Əslində Əbülfəz bəyin həyatı şəffaf idi. Eyni zamanda onun qeyd etdiyimiz davranışları da insanların gözü qarşısında olurdu. Baxmayaraq o bu məsələlərin bilinməsini çox istəməzdi.  Sadə bir insan idi. Kənddə öz odun sobasını özü yandıracaq qədər  sadə idi. Əbülfəz bəyin cəmiyyətdə davranışları necə idisə, həyatda da elə idi. Olduğu kimi görünür, göründüyü kimi də olurdu. 
Onun musiqi  biliyi mükəmməl idi. Özü də təsəvvür etməyəcəyimiz qədər. Xalq musiqisini, klassik musiqini, aşıq sənətini, fokloru çox gözəl bilirdi. Bir çox musiqişünaslar onunla söhbətləri ilə bağlı xatirələrini bölüşəndə bunu qeyd edirlər. Deyirlər ki, Əbülfəz bəyin musiqini bu qədər dərindən bilməsi onları ciddi təəccübləndirib. Bəy gözəl musiqini xoşalyırdı. Türk musiqisini çox sevirdi. Əbülfəz bəyin Azərbaycanın görkəmli musiqiçiləri ilə yaxın  dostluq münasibətləri olub.  Məsələn, Akif İslamzadə, Flora Kərimova, Cavanşir Quliyev...”.