Türkiyə və  Rusiya prezidentləri Ukrayna savaşını bitirə bilər Son şans

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20-yə daxil olan ölkələrin Hindistanda keçiriləcək sammitində Rusiya Prezidenti Vladimir Putinin Ukraynada münaqişənin başa çatması ilə bağlı şərtlərini açıqlaya bilər.
Bu ehtimal “Milliyet” qəzetinin köşə yazarı Özay Şendirin məqaləsində yer alıb.
  
Müəllif yazıb ki, Türkiyə Prezidenti G20 sammitindən əvvəl Rusiya lideri ilə görüşə biləcək yeganə Qərb lideridir: “Bu da Türkiyəni Hindistanda keçiriləcək sammitdə "ulduz"a çevirəcək. Beləliklə, Türkiyə Prezidenti Rusiyanın şərtlərini və təkliflərini G20 ölkələrinə açıqlayacaq. Bu o deməkdir ki, Ukrayna və Rusiya arasında münaqişəyə son qoymaq üçün faktiki vasitəçilik prosesi başlayıb”.
 
 Ö.Şenderin fikirlərini şərh edən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov "Sherg.az"a vurğulayıb ki, Rusiya və Türkiyə prezidentlərinin danışıqları çox həssas və lazımlı bir dövrdə keçirilir: 

"Bu iş birliyi Türkiyə vasitəsilə dünyanı gözləyən qlobal aclıq və qida problemi kimi proseslərdən qurtulmağına səbəb oldu. Türkiyə Rusiya-Ukrayna müharibəsində Şimal qonşumuz ilə körpüləri tam olaraq yandırmayan yeganə NATO ölkəsidir. Bu, Türkiyənin dünya səviyyəsində nizamlayıcı rolunu göstərir. Ukrayna böhranından sonra Rusiya ilə Türkiyə arasında bir çox sahələrdə dərin əməkdaşlıq var. Qlobal mənada qardaş ölkəmiz həm  Ukraynanın ərazi bütövlüyünü tanıyır, həm də Rusiya ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq özlüyündə böyük prospektivlər vəd edir. İki ölkə arasında dərinləşən əlaqələr dünyada önəmli qlobal problemlərin də  həllinə səbəb olur. Təbii ki, bir görüş ilə müharibənin taleyi həll oluna bilməz. Amma hər halda bu görüşün müstəsna əhəmiyyəti var. Görüşdən sonra  humanitar, Rusiya-Ukrayna  arasında gələcəkdə sülh sazişi və atəşkəs kimi məsələlərdə ümumi razılıq əldə edilə bilər".

Qeyd edək ki, sammit sentyabrın 9-10-da Yeni Dehlidə keçiriləcək.