Müharibənin taleyi Baydenlə Qərbin qərarına bağlı olacaq  - ŞƏRH

Ukrayna quru qoşunlarının komandanı general Aleksandr Sırski cəbhənin ən çətin istiqamətini açıqlayıb. Bu barədə teleqramda yazıb.

A.Sırskinin sözlərinə görə, şərq cəbhəsində durum ağır olaraq qalır: “Baxmut və Liman- Kupyansk istiqamətlərində rus qoşunları Ukrayna Silahlı Qüvvələrinin müdafiəsini yarmağa çalışır. Ən ciddi döyüşlər Rayqorodok və Kovalevka yaşayış məntəqələrində gedir. Düşmən itkilərə baxmayaraq, müdafiəni yarmağa çalışır”.

Məsələni "Sherg.az"a şərh edən tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasov bildirib ki, Müharibənin kimin xeyrinə bitməsini indidən proqnoz etmək çox çətindir:

"Heç bir tərəf geri addım atmaq istəmir. Ukraynanın bir il öncəki düşüncəsi müharibəni saxlamaq idi. Amma bu indi Ukraynanı qane etmir. Hətta Krımı geri almaq istəyir. Zelenski hakimiyyətinə  göndərilən kollektiv Qərb və Amerikanın yardımları birbaşa müharibənin davam etməsini təmin edir. 
Ola bilsin Baxmut və Liman istiqamətində Ukrayna qüvvələri mühasirədən çıxmağa çalışır. Amma buna nail ola bilmirlər. Digər tərəfdən Almaniyanın "Bild"  jurnalının verdiyi xəbərdə  "Surovikin xəttinin" yarıldığını və  rəsmi Kiyevin əks hücüma keçərək keçmiş torpaqlarının geri qaytarılması ilə bağlı məlumatlar var. Müharibə sırasında hər tərəf özünə uyğun propaqanda yayımlayaraq informasiya savaşı aparmağa çalışırlar. Bununla qarşı tərəfin gücsüzlüyünü vurğulayırlar. Kollektiv Qərb və Amerika Ukraynaya yardım göndərdiyi müddət ərzində müharibənin davam etməsini tələb edəcək. Müharibənin saxlanılması Bayden və Qərbin aldığı qərara bağlı olacaq".