Bu gün Ermənistan tərəfi növbəti dəfə hərbi təxribata əl atıb.
Ermənistan silahlı qüvvələrinin Zod istiqamətindəki bölmələri Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-larından və atıcı silahlardan istifadə etməklə atəş açıblar.
Ermənistan silahlı qüvvələri bölmələrinin açdığı atəş nəticəsində Azərbaycan Ordusunun 3 hərbi
qulluqçusu yaralanıb.
Ermənistanın növbəti təxribatına münasibət bildirən Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov "Sherg.az"a vurğulayıb ki, uzun müddətdir Ermənistan danışıqlar prosesindən kənarda dayanmağa çalışır:
"Eyni zamanda Ermənistan hazırkı vəziyyətdə də öhdəliklərini yerinə yetirmir və qeyri-konstruktiv mövqeyini getdikcə inkişaf etdirir. Ermənistanın gərginliyi dərinləşdirmək istəyi mövqelərimiz atəşə tutulması və yaralılarımız olması ilə bir daha sübut olunur. Bununla da indiki sülh prosesinə zərbə vurmağa çalışır. Avqustun sonu, sentyabrın əvvəli Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin moderatorluğu ilə növbəti görüş baş tutacaqdı. Lakin bu görüşün əhəmiyyəti kifayət qədər azalıb.
Çünki TIR şousunun davam etməsi, BMT Təhlükəsizlik Şurasında keçirilən müzakirələr, Fransanın bölgəyə humanitar yüklər göndərməsi, Paris meri Ann İdalqonun səfəri və çoxsaylı Avropa mediasında çıxan qərəzli məqalələr ciddi şəkildə sülh prosesini təhdid edir. Həmçinin PUA-dan istifadə edərək mövqelərimizi hədəfə alması Ermənistanın təxribatları davam etdirmək niyyətində olduğunu göstərir. Təxribatlar Nikol Paşinyan hakimiyyətinin siyasi mövqeyini əks etdirir. Görünən odur ki, Ermənistan sülhə deyil, müharibəyə hazırlaşır. Digər tərəfdən Hindistandan 1 milyard dollar həcmində silahların alınması ilə bağlı xəbərlərin yayılması da Ermənistanın revanşizm xülyasından əl çəkmədiyinə dəlalət yaradır. Əlbəttə, bu sülh dövlətlərarası münasibətlərin yaranması və birgə yaşayış ilə bağlı ümumi siyasi gündəliyə də ziddir. Rəsmi İrəvan məhz bu siyasi xətti davam etdirməklə sülhdə maraqlı olmadığını bir daha nümayiş etdirir".