"Qızıl Aypara Cəmiyyətinin rəhbər heyəti və əməkdaşları Ağdam-Xankəndi yolunda iki hərbi maşın karvanı ilə Qarabağ iqtisadi zonasında Rusiya sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə yaşayan erməniəsilli sakinlərə 40 ton un məmulatlarını çatdırmaq üçün 7 gündür buradadır".
Bu fikirləri "Sherg.az"a açıqlamasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) vitse-prezidenti Qafar Əsgərzadə deyib.
O bildirib ki, bu, xalqımızın humanitar missiyasıdır:
"Qızıl Aypara Cəmiyyətinin rəhbər vəzifəli şəxsləri və Rusiya sülhməramlıların komandanlığı arasında danışıqlar aparıldı. Həmin danışıqlarda humanitar yardımların ünvana çatdırılması üçün komandanlıq bizdən vaxt istədi. Bildirdilər ki, yaxın zamanda sizə cavab verəcəyik. Bundan sonra yardımları keçirə bilərsiniz. Amma 7-ci gün olmağına baxmayaraq komandanlıq tərəfindən müsbət fikir söylənilməyib. Biz hələlik missiyamızı yerinə yetirmək üçün vəzifəmizin başındayıq. Yaxın zamanda razılıq əldə olunsa, bizim cəmiyyətin bütün heyəti səfərbər olaraq yardımların ünvana çatdırılmasını həyata keçirəcəklər. İşçilərin təhlükəsizliyinə tam şəkildə zəmanət verildiyi halda isə bizim əməkdaşlar mütəxəssislər cəlb edərək müəyyən monitorinq aparacaqlar. Bunun əsasında qiymətləndirilmə olacaq və onların həqiqətən hansı zəruri mallara ehtiyacı olduğu müəyyənləşdiriləcək. Növbəti mərhələdə bu yardımların da onlara aparılması nəzərdə tutula bilər".
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) vitse-prezidenti qarşı tərəfdən unun keyfiyyəti ilə bağlı səsləndirilən fikirlərə də aydınlıq gətirib. Q Əsgərzadə bildirib ki, həmin un məmulatlarının keyfiyyət sertifikatı var:
"Hər bir un kisəsinin üzərinə etiket yapışdırılıb. Orada göstərilir ki, un məmulatlarının istehsal tarixi 28 avqust 2023-cü ildir. 12 ay isə saxlama müddəti var. Yəni, 2024-ci il 28 avqusta qədər mallar istifadə oluna bilər. Biz hazırda gözləyirik. Çünki bu bizim humanist, xeyirxahlıq və insansevərlik addımımızdır. Bu hərəkət Qızıl Aypara Cəmiyyətinin bilavasitə Azərbaycan Respublikası ərazisində humanitar sahədə olan səlahiyyətinin göstəricisidir. Bu həm milli qanunvericiliyə, Cenevrə konvensiyalarına, həm də Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyəti federasiyasının nizamnaməsinə uyğundur. Biz bir daha göstərdik ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti kənar təşkilatların da köməyi olmadan müstəqil şəkildə bu aksiyanı keçirməyə qadirdir".