Qarabağ dünyada daha da tanınacaq

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

Azərbaycanın haqq davasını dəstəkləyən dövlətlər eyni zamanda Qarabağdakı quruculuq işlərində iştiraka can atır


Ölkənin sosial-iqtisadi inkişafını prioritet vəzifə olaraq qarşısına qoyan Azərbaycan dövləti 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı qələbə sayəsində işğaldan azad edilmiş ərazilərdə də eyni siyasət yürüdür.  30 ilə yaxın müddətdə erməni separatçılarının dağıdıb viran qoyduğu şəhərlər, qəsəbə və kəndlər dövlətimizin apardığı məqsədyönlü siyasət nəticəsində abadlaşır, yenidən bərpa edilərək məskunlaşma üçün uyğun vəziyyətə gətirilir. Qarabağ iqtisadi rayonu mövcuddur və bir neçə rayonu əhatə edən bu geniş bölgədə sənaye müəssisələrinin açılması, infrastrukturun bərpası ilk növbədə əhalinin doğma yurdlara qayıdışına hesablanıb. 

Sənaye müəssisələri, ictimai iaşə obyektləri, təhsil, səhiyyə ocaqları, ümumilikdə Qarabağ regionunun da ölkəmizin digər regionları ilə getdikcə ayaqlaşmasını şərtləndirir. Qarabağ regionunun inkişafına təkan verəcək amillərdən biri də işğaldan azad edilmiş ərazilərdə cənab Prezident İlham Əliyevin göstərişi ilə “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin icrasıdır. Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov növbəti layihənin icrası barədə danışıb. 
E.Hüseynov qeyd edib ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə "Böyük Qayıdış"a dair I Dövlət Proqramı”na uyğun olaraq 2026-cı ilin sonuna qədər 34 min 600 ailənin köçürülməsi nəzərdə tutulur. Bu istiqamətdə bərpa ediləcək şəhər, kənd və qəsəbələrin konkret siyahısı təsbit olunub. Bu layihə çərçivəsində ən önəmli komponentlərdən biri də “ağıllı kənd” və “ağıllı şəhər”lərin tikintisidir.

 Artıq məlumdur ki, ilk belə kənd Zəngilan rayonunun Ağalı kəndində salınıb sakinlərin istifadəsinə verilib və orada artıq ailələr yaşayır. Növbəti belə bir kənd isə Azərbaycan dövlətinin öz maliyyəsi hesabına Füzuli rayonunun Dövlətyarlı kəndində tikiləcək. Dövlətyarlı kəndində artıq layihələndirilmə işləri yekunlaşmaq mərhələsindədir. Kənddə bir ay ərzində torpaq işlərinə başlanılacaq. Dövlət satınalmaları proseduru isə artıq işə başlayıb. Bu istiqamətdə üçüncü belə bir layihə Ağdam rayonunun Baş Qərvənd kəndində reallaşacaq. Digər əvvəlki layihələrdən fərqli olaraq Baş Qərvənd kəndinin Slovakiya Respublikasının mütəxəssisləri tərəfindən layihələndirilərək “ağıllı kənd” kimi bərpa olunması nəzərdə tutulur. 

Sözsüz ki, bu layihə də Azərbaycan dövlətinin vəsaiti hesabına həyata keçiriləcək. Amma burada tətbiq ediləcək “ağıllı” həllər məhz Slovakiyanın mütəxəssisləri və mühəndisləri tərəfindən böyük effektivliklə bütün dünyada infrastruktur sahəsində tətbiq olunur: “Hesab edirik ki, bu da bərpa prosesində baş verən yeniliklərdən biridir. Qeyd edim ki, layihə çərçivəsində ümumilikdə ərazisi 470 hektar olan bir kəndin tamamilə yenidən qurularaq “ağıllı kənd” kimi bərpası nəzərdə tutulur. Kəndə birinci mərhələdə 5500, ikinci mərhələdə isə 1170 nəfərin köçürülməsi planlaşdırılır. Kəndə əvvəlcə 917, növbəti mərhələdə isə 600 ailə köçürüləcək”.  Baş Qərvənd kəndində “ağıllı həllər”in məhz Slovakiya mütəxəssisləri tərəfindən tətbiq ediləcəyi barədə bu günlərdə ölkəmizdə səfərdə olan, səfər çərçivəsində işğaldan azad edilmiş əraziləri də ziyarət edən Slovakiya Respublikası Milli Şurasının sədri Boris Kollar da məlumat verib. Onun sözlərinə görə, Slovakiya 2024-cü ilin yazında Ağdam rayonunun Baş Qərvənd kəndində "ağıllı" kəndin tikintisində iştirak edəcək. 
  
İqtisadçı Fuad İbrahimov “Sherg.az”a açıqlamasında Azərbaycan dövlətinin Qarabağ iqtisadi rayonunun dirçəlməsinə xüsusi diqqət ayırmasının tamamilə anlaşılan olduğunu bildirdi: 
- Məlumdur ki, Qarabağ 30 ilə yaxın bir müddətdə erməni separatçıları tərəfindən sözün birbaşa mənasında talan edilib, viran hala salınıb. Dövlətimiz də Qarabağın ölkəmizin digər regionları kimi sürətli inkişafında maraqlıdır. Qarabağ regionu qısa zamanda digər regionlarla ayaqlaşmalıdır. Mümkün deyil ki, ölkənin hansısa bir regionu inkişaf etmiş olsun, digərində isə inkişaf ləngisin. Çünki ölkə vahid bir orqanizmdir. Orqanizmin bütün üzvləri – regionları - sağlam olmalıdır ki, ümumi sağlamlıq əldə edilsin. Azərbaycana səfər edən əcnəbi Bakıda kəsintisiz internetdən rahat istifadə edə bilirsə, eyni vəziyyəti Qarabağda da görməlidir. Yoxsa Bakıda onlayn imkanlardan istifadə edən birisi paytaxtdan çıxan kimi internet bağlantısı kəsiləcəksə, daha bunun harası inkişaf oldu? Yaxud, bölgələrdə, regionlarda müasir texnoloji üsullar tətbiq edilməyəcəksə, inkişafdan danışa bilməyəcəyik. “Ağıllı şəhər”, “ağıllı kənd” layihələri məhz bunu nəzərdə tutur ki, məskunlaşmanın artıq başlandığı Qarabağ regionunda müasir texnologiyalar tətbiq edilsin, Qarabağ regionu qlobal dünyaya inteqrasiya etmiş vəziyyətdə olsun. İqtisadçı 

Cəbrayıl rayonunda aparılan yenidənqurma işlərində müasir üsullardan istifadə edildiyini, ekoloji tarazlığın qorunduğunu da qeyd etdi: 

- Məlumatlarda bildirilir ki, Cəbrayıl rayonunun Horovlu kəndinin bərpa və yenidən qurulması zamanı yaranan tikinti-söküntü tullantılarının təkrar emalına başlanılıb. Bu məqsədlə rayon ərazisində tikinti-söküntü tullantılarının təkrar emal edən avadanlıqlar quraşdırılıb. Təkrar emal nəticəsində tikintidə istifadə edilə bilən materiallar əldə olunur. Bu materiallardan inşaat zamanı yol yataqlarında, beton işlərində, alt dolğu işlərində səmərəli istifadə ediləcək. Bu yanaşma tullantıların poliqona aparılmadan emalı üçün imkan yaradır. Həmçinin təbii ehtiyatların səmərəli istifadəsinə və ətraf mühitə mənfi təsirinin azaldılmasına töhfə verir. Bundan başqa, təkrar emal vasitəsilə maliyyə vəsaitlərinə də qənaət edilir. Kommunikasiya xətlərinin, yol-nəqliyyat infrastrukturunun qurulmasında ağıllı texnologiyalardan istifadə edilir. “Ağıllı şəhər”  və “ağıllı kənd"lər də məhz bu konsepsiyalara əsaslanır.
  
F.İbrahimov bildirdi ki, Qarabağ regionuna xarici investorların cəlbi də iqtisadi inkişafı sürətləndirmək məqsədi daşıyır: 

- Biz görürük ki, xarici ölkələr, Azərbaycanın haqq davasını dəstəkləyən dövlətlər eyni zamanda Qarabağdakı quruculuq işlərində iştiraka can atır. Bu, onlar üçün də sərfəlidir, bizim üçün də. Bizim üstünlüyümüz ondadır ki, regiona cəlb olunacaq investisiyalar sosial-iqtisadi inkişafa xidmət edəcək. Azərbaycan, o cümlədən Qarabağ dünyada daha da tanınacaq. Bu günlərdə  Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov İsveçrənin Milli bayramına həsr olunmuş tədbirdə çıxışı zamanı qeyd etdi ki, Azərbaycan-İsveçrə birgə ticari-iqtisadi komissiyasının fəaliyyəti əlaqələrimizin daha da inkişaf etməsinə imkan yaradır. Nazir müavini İsveçrə şirkətlərinin işğaldan azad olunmuş torpaqların bərpasında iştirak etmək istədiklərini, təşəbbüslə çıxış etdiklərini də vurğuladı. İsveçrənin Azərbaycandakı müvəqqəti işlər vəkili Aleksander Hoffet də həmin mərasimdə bu barədə danışıb. Deyib ki, artıq 6 aydır ki, Azərbaycanda müvəqqəti işlər vəkili postundadır və Azərbaycanın regionlarına səfər etmək, bu ölkənin zəngin mədəniyyəti ilə, insanları ilə tanış olmaq şansı əldə edib. Hər iki ölkənin zəngin təbiəti var və ölkələrimiz turistlərin diqqətini cəlb edir. Azərbaycanın turizm perspektivi gələcək vəd edir. İki ölkə arasında iqtisadi əlaqələrin inkişafı üçün də  imkanlar var. İsveçrə şirkətləri işğaldan azad edilən ərazilərdə yenidənqurma prosesində işləmək, öz innovasiyalarını burada tətbiq etməkdə maraqlıdırlar. Təbii ki, Azərbaycan da bu cür təşəbbüsləri dəstəkləyir. Belə təşəbbüslərin dəstəklənməsi ölkəmizin tanınması, regionların, o cümlədən də Qarabağ regionunun da iqtisadi yüksəlişi və turizmin də inkişafı üçün lazımdır.