“ABŞ Qarabağda humanitar vəziyyətin sürətlə pisləşməsindən dərin narahatdır. Humanitar yüklərin həm Laçın, həm də Ağdam marşrutlarının yaxınlığında yerləşdirildiyini qeyd edirik. Biz Qarabağdakı kişilərə, qadınlara, uşaqlara çox ehtiyac duyulan humanitar ləvazimatların keçməsinə imkan yaratmaq üçün hər iki dəhlizin dərhal və eyni vaxtda açılmasına çağırışımızı təkrar edirik”.
Bu barədə ABŞ Dövlət katibinin sentyabrın 10-da yayılan “Qarabağda humanitar yardıma kəskin ehtiyac” adlı mətbuat üçün bəyanatında deyilir.
Dövlət katibi bildirir ki, ABŞ həmçinin liderləri gərginliyi artıran və ya bu məqsəddən yayındıran hər hansı addım atmamağa çağırır.
Məsələni "Sherg.az"a dəyərləndirən siyasi şərhçi Həşim Səhrablı bildirib ki, ABŞ və bir sıra Qərb dövlətlərinin Cənubi Qafqazda öz maraqlarını təmin etməsi üçün dincliyə ehtiyacları var:
"Çünki münaqişə zəminində onların hərbi sahədə müdaxilə etmək şansları yoxdur. İş hərbi variantlara qaldığı zaman burada sözü keçəcək tərəflərin Türkiyə və Rusiya olacağını Qərb çox yaxşı bilir. Sadəcə müəyyən qədər İran tərəfi bəyanatlar verə bilər. Bu da bəyanatlardan o tərəfə keçə bilməyəcək. Buna görə də Qərb ölkələri səmimi qəlbdən Qarabağdakı sakitlikdən yanadırlar. ABŞ hazırda Cənubi Qafqazda sabitliyi təmin etməyə çalışır. ABŞ Qarabağın kimdə qalması ilə bağlı açıqlama da vermir. Həmçinin İngiltərə, Almaniyada da vəziyyət belədir. Onlar üçün Qarabağın Azərbaycanın tərkib hissəsi, müstəqil dövlət olması və yaxud Ermənistanın tərkibinə keçməsinin heç bir əhəmiyyəti yoxdur. Əsas məqsədləri Cənubi Qafqazda Qarabağ məsələsinin həll edilməsi ilə Rusiyanın hegemon mövqeyininə zərbə vurmaqdır.
Buna görə ABŞ Qarabağda yaşayan gərginliklərə öz mövqeyindən çıxış etdiyinə görə məsələdə sabitlikdən yanadır. Ermənistan tərəfinə artıq Qarabağa olan iddialarınızdan əl çəkməsi üçün çağırış etmir. Çünki belə olan halda ermənilər öz şovinist maraqlarından yenə çıxış etməyə davam edəcəklər. Həmçinin Cənubi Qafqazın ən dominant söz sahibi olduğu Azərbaycana da Qarabağdan əl çək deyə bilməz.
İki halda da yenidən qarşıdurmalar yarana bilər. Bu nöqtədə ABŞ-ə sakitliyin bərqərar edilməsindən başqa alternativ yol qalmır. Hazırda Qərb tərəfi sadəcə olaraq problem və təzyiqlərin aradan qalxmasını istəyir. Bu isə bizə yararlı deyil. Çünki biz də 30 il ərzində hər şeyin hüquq normaları çərçivəsində həll olunmasını istədik. Amma gördük ki, qarşı tərəfi ancaq müharibə ilə oradan çıxarmaq olar. 2020-ci ildə bu effektiv nəticə də verdi. Azərbaycan indi yaşamış olduğu 30 illik təcrübəni qırağa qoya bilməz. Hazırda status kvonu özü idarə edərək qarşı tərəfə Beynəlxalq hüquqa əsaslanan tələblər qoyur. Azərbaycanın bu tələbləri qoyarkən heç bir hüquqa zidd əməllər etmədiyini hər kəs bilir. Ona görə də Azərbaycan tərəfi dondurulmuş deyil həll olunacaq problemlərdən yana çıxış edəcək. Ermənistan tərəfi döyüşmək yoxsa, Beynəlxalq hüquqa boyun əymək istədiklərinə qərar verəcək".