“QHT sədrlərinin də gənc qızlara deyəcəyi sözləri var” - RƏY

Gender, ailə, demoqrafiya məsələlərinin işıqlandırılması;

Mehriban Zeynalova: “Yay düşərgələrində qeyri-hökumət təşkilatları rəhbərlərinin iştirakı da nəzərə alınmalıdır”

  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycanın əksər rayonlarını təmsil edən qızların iştirakı ilə yay düşərgəsinin təşkili, düşərgə müddətində onlara gələcək həyatlarında lazım olacaq bəzi vərdişlərin aşılanması istiqamətində təlimlərin keçirilməsi müsbət qarşılanır. Düşərgənin əhəmiyyətinə diqqət yetirməzdən öncə təşkilati işlər barədə qısaca məlumat verək. Yay düşərgəsi “Biz Birlikdə Güclüyük!” devizi altında keçirilib. Düşərgənin açılış mərasimində öz fəallığı ilə seçilən yeniyetmə qızlar, o cümlədən şəhid və qazi övladları iştirak ediblər. Düşərgənin təşkilində məqsəd qızların asudə vaxtlarının səmərəli təşkili, ictimai fəallığın artırılması, eləcə də liderlik keyfiyyətlərinin formalaşmasına dəstək məqsədi daşıyır. Düşərgədə ümumilikdə 100 nəfər gənc qız iştirak edib. Eləcə də düşərgədə müxtəlif mövzuları əhatə edən təlimlər təşkil edilib, ekskursiya və əyləncəli oyunlar keçirilib. Düşərgənin fəaliyyət planına musiqili gecələr, filmlərin nümayişi də daxil edilib. Tədbir iştirakçıları arasında rəssamlıq istedadı ilə seçilən qızların rəsm əsərlərindən ibarət sərgi təşkil olunub və düşərgənin fəaliyyəti müddətində bu rəsm əsərləri nümayiş edilib və onlara baxış keçirilib. Qızlar bir sıra zəruri mövzularla bağlı seminar-təlimlərdə iştirak ediblər. Bu təlimləri öz sahəsində peşəkar olanlar tədris edib. Məsələn, düşərgənin beşinci və altıncı günlərində "Ümidli Gələcək" Sosial Təşəbbüslər İB-nin səhiyyə sahəsi üzrə təlimçi-eksperti Pərvin Quliyeva polisə dəstək, yol qaydalarına diqqət, Human development senter-mentor təlimçi Cavidan Səfərli özgüvən mövzularında təlimlər keçirib. Sonrakı günlərdə Səhiyyə Nazirliyi İctimai səhiyyə və islahatlar mərkəzi, həkim, AHA (American Heart Association) təlimçisi Könül İsmayılova fövqəladə vəziyyətlərdə ilkin yardım, Dövlət Məşğulluq Agentliyinin karyera məsləhətçisi, təlimçi və mentor Sura Əzizli isə zamanın idarə olunmasından danışıb. Düşərgə iştirakçıları ilə görüşən Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, tanınmış modelyer-dizayner, teatr və kino rəssamı Gülnarə Xəlilova iştirakçı qızlara səhnə mədəniyyəti və davranış qaydalarından danışıb, həmçinin öz təcrübəsini bölüşüb. Qızların müasir Bakının simvollarından olan Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edilib. Düşərgə iştirakçıları kompleksin tarixi və memarlıq xüsusiyyətləri, sərgi zalları ilə tanış olublar. Asudə vaxtlarında qızlar kitab oxuyub, stolüstü və aktiv oyunlar oynayıblar. Onlar üçün teatr saatları təşkil olunub, eləcə də açıq havada film izləyib, musiqi dinləyiblər.
  Bununla yanaşı, düşərgə iştirakçılarının Azərbaycanın tanınmış ictimai xadim qadınları ilə, öz fəaliyyətlərində nailiyyətlər əldə etmiş xanımlarla, o cümlədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ilə görüşləri təşkil olunub. Düşərgənin son günündə iştirakçılara sertifikatlar təqdim edilib. Qeyd edək ki, “Biz Birlikdə Güclüyük!” devizi altında təşkil olunmuş yay düşərgəsi ictimaiyyətdə və QHT arasında böyük marağa səbəb olub.
Mehriban Zeynalova “Sherg.az"a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilmiş yay düşərgəsini yüksək qiymətləndirdiyini bildirdi:
" Bu cür düşərgələrin təşkili, əlbəttə, müsbət haldır. Gənc qızlarımız belə tədbirlərdə bir çox keyfiyyətlər qazanır, vərdişlərə yiyələnir, uğurlu qadın həyatları ilə tanış olurlar. Gənc qızlara nümunə ola biləcək xanımların təqdim olunması, qızların bu cür fəal, ictimaiyyətçi xanımlarla tanış olmaları, onların təcrübəsi ilə tanış olmaları, necə, hansı əzmlə bu səviyyəyə çatmalarını öyrənmək çox faydalıdır. Sevindirici olan əsas budur ki, cəmiyyətimizdə belə qadınlar, gənc fəal xanımlar var. Qızlarımız onlardan nümunə götürə bilər. Yaxşıdır ki, düşərgə müddətində qızların belə xanımlarla görüşü təşkil edilib. Azərbaycan mentaliteti, bizim adət-ənənələr xanımların ictimaiyyətçi olmalarına qarşı deyil. Heç vaxt belə olmayıb. Əksinə, fəal xanımlara, ziyalı qadınlara Azərbaycan cəmiyyətində həmişə hörmət olub. Onlar sayılıb, seçiliblər. Həmişə deyilir ki, təhsilli qadın təhsilli ana deməkdir, təhsilli ana isə təhsilli, savadlı uşaqlar – gənc nəsil deməkdir. Həqiqətən də belədir. Ana əvvəlcə özü savadlı, dünyagörüşlü olmalıdır ki, övladını da bu kriteriyalar daxilində böyüdə bilsin. Bu, bizim sağlam genefondumuzun sütununu təşkil edir. Savadlı gənc qız təkcə fəal ictimaiyyətçi olmayacaq, eyni zamanda savadlı həyat yoldaşı, savadlı ana olacaq. Ailə münaqişələrinin, məişət zorakılığının əsasında çox zaman gənc qızların təhsilli olmaması, öz hüquqlarını bilməməsi, ümumiyyətlə, ailə həyatı barədə məlumatsız olmaları dayanır. Hesab edirəm ki, gənc qızlarımıza ailə dəyərlərini aşılamaqla yanaşı onları maarifləndirmək də əsas vəzifədir. Məsələn, fikir verdim ki, düşərgə müddətində qızlara özgüvən, karyera, zamanın idarə olunması kimi mövzularda təlimlər keçirilib. Bunlar çox yaxşıdır. Müasir gənc, sabahın qadını, anası bunları bilməlidir. Özgüvən təkcə o demək deyil ki, gənc xanım ailə üzvlərinə qarşı sayğısızlıq nümayiş etdirsin. Özgüvən istənilən insana, istər qadın olsun, istər kişi, həyatda mövqeyini tapmağa, özünü ailənin bərabərhüquqlu üzvü kimi hiss etməyə və ən əsası da gələcəkdə özünə güvənəcək övladlar yetişdirməyə kömək edir. Bu cəhət bizim ailə dəyərlərimizin qorunmasına xidmət edəcək".
M.Zeynalova təklif etdi ki, bu cür düşərgələrdə qeyri-hökumət təşkilatları rəhbərlərinin iştirakı da nəzərə alınmalıdır:
"Öz təcrübəsini gənc qızlarımızla bölüşə biləcək QHT sədrləri kifayət qədərdir. Onlar da 100 qıza öz təcrübəsindən danışa bilərdi. Eləcə də 100 qızdan, heç olmasa, 10 nəfəri gələcəkdə ictimai fəal olmaqla, gənclərin QHT-sini yarada bilərdi. Belə tədbirlərdə QHT unudulmamalıdır. QHT sədrlərinin də gənc qızlara deyəcəyi sözləri, paylaşacaqları həyat və iş təcrübəsi var".