Rusiya və ABŞ münasibətləri sıfırın altında deyil  - ŞƏRHÇİ

Səhnə arxası təmaslar davam edir. Artıq amerikalılar savaşın davamında maraqlı deyillər

Rusiya ilə ABŞ arasında münasibətlər sıfır səviyyəsindədir, hətta sıfrın altındadır.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Rusiya və ABŞ qlobal strateji sabitlik üçün xüsusi məsuliyyət daşıdığından, zaman keçdikcə münasibətlər yenidən bərpa edilməli olacaq. Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden arasında ehtimal olunan görüş üçün lazımi şərtlər yaranmalıdır. Qarşılıqlı istək də lazımdır. Putin dəfələrlə istənilən təmaslara hazır olduğunu bildirib”, - Peskov bildirib.

Rəsmi anlamda Rusiya və ABŞ münasibətlərin korlandığını deyən siyasi şərhçi Elçin Xalidbəyli "Sherg.az"a vurğulayıb ki, iki ölkə arasındakı əlaqələr qeyri-rəsmi fonda normal şəkildə davam edir:

"Bunu Qərb mətbuatına sızan məlumatlar da təsdiqləyir. İddialara görə artıq amerikalılar ruslarla Ukrayna savaşını hansı şərtlər altında dayandırmaq olar konteksində gizli danışıqlar aparırlar. Məlumatlar ondan ibarətdir ki, Rusiya Ukrayna müharibəsinin dayandırılması üçün ABŞ-dən Krımı və Donbaskı tələb edirlər. Rəsmi Vaşinqton isə tələbi yerinə yetirməyə hazır olduğuna dair eyham vurub. Yəni Amerikanın vasitəsilə sülh sazişi imzalansa, Ukrayna parçalanacaq. Həmçinin sonrakı mərhələdə Rusiyanın istəyinə uyğun olaraq Zelenski hakimiyyəti dəyişdiriləcək və ictimai rəyə Ukrayananın parçalanmasının onun günahı olduğu təqdim ediləcək".

Analitik əlavə edib ki, Rusiya və ABŞ münasibətləri sıfırın altında deyil:
"Yəni səhnə arxası təmaslar davam edir. Artıq amerikalılar savaşın davamında maraqlı deyillər. Çünki Avropa ölkələri bu yükü çəkə bilmir. Hətta bəzi ölkələr resurslarının tükəndiyini və dəstək verə bilməyəcəklərini deyirlər. Belə bir vəziyyətdə isə münasibətlərin fərqli məcraya keçməsi mümkündür. Peskovun açıqlaması da ictimai rəyi gələcəkdə Rusiya və ABŞ münasibətlərini açıq müstəviyə keçməsinə hazırlamağa hesablanıb. Hətta eyham vurulur ki, gələcəkdə Bayden və Putinin görüşü ehtimalı var. Bu görüş səhnə arxası danışıqların yaxşı nəticələnməsi fonunda baş tuta bilər".