Paris ilə İrəvanın danışıqları və hərəkətləri arasında uyğunsuzluq müşahidə olunur
Ermənistan və Fransa bölgədə silahlanmaya və hərbiləşmə siyasətinə son qoymalı, bu ölkələr bölgədə sülh və əməkdaşlığın alternativinin olmadığını nəhayət anlamalıdırlar.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransanın Ermənistana hərbi texnika göndərməsi ilə bağlı şərhində qeyd olunub.
Bildirilib ki, beynəlxalq ictimaiyyət öz təcavüzkar siyasəti və əməlləri ilə tanınan Ermənistanı silahlandırmaqdan və buna şərait yaratmaqdan çəkinməli, regionda sülh və firavanlığın bərqərar olunmasının qarşısını alan belə qeyri-legitim fəaliyyəti dayandırmalıdır.
İrəvanın bu məsələdəki mövqeyinin aydın olmadığını deyən siyasi şərhçi Turab Rzayev "Sherg.az"a bildirib ki, Sülh istədiyini dilə gətirən Ermənistan sürətli şəkildə silahlanır:
"Alınan yeni silahlar isə çox maraqlıdır. Bunların arasında, hava hücumlarından müdafiə sistemləri, anti-dron qurğuları və.s var. Alınan silahlar isə 44 günlük savaşda Ermənistanın Azərbaycana qarşı ən zəif nöqtələri idi. Xatırlayırsınızsa, 2 gün ərzində Azərbaycan demək olar ki, hava məkanında üstünlük təşkil etmişdi. Bütün proseslər Ermənistanın Azərbaycan qarşısındakı zəifliklərini gücləndirməkdə olduğunu göstərir. Belə məqamda sual yaranır ki, bir tərəfdən sülh istəyib, digər tərəfdən də iqtisadi vəziyyətinin çətin olduğu bir vaxtda silahlanmaq nəyə lazımdır?".
Analitikin sözlərinə görə, Fransanın mövqeyi birmənalı deyil:
"Çünki rəsmi Paris dəfələrlə Cənubi Qafqazda sülh yaratmaq istədiyini dilə gətirib. Ancaq bunlar əməldə görünmür. Yəni Fransanın sülhdən danışaraq açıq şəkildə Ermənistana hərbi dəstək verməsi, onun sülh prosesinə necə töhfə verməsi sualı doğurur. Hətta təsəvvür edin ki, Ermənistan müxalifəti Minsk Qrupunun yenidən əktivləşməsindən danışır. Fransa ilə Ermənistanın danışıqları və hərəkətləri arasında uyğunsuzluq müşahidə olunur. Ona görə də həm rəsmi Paris, həm də İrəvan suallara aydınlıq gətirməlidir. Digər tərəfdən Ermənistanın Rusiyaya qarşı silahlandırıldığını da ehtimal etmək olar. Ancaq Fransanın Rusiyaya qarşı açıq cəbhə açacağını və Ermənistanın verilən silahlarla ruslara qalib gələcəyini düşünmürəm".