Noyabrın 23-də Türk Ocaqları İstanbul Şöbəsində "Tovuzdan Turana" adlı konfrans keçirilib.
"Sherg.az"ın İstanbul müxbiri xəbər verir ki, toplantı mərhum millət vəkili Qənirə Paşayevanın xatirəsinə həsr olunub.
Məruzəçi qismində mərhum deputat Q.Paşayevanın bacısı Kəmalə Paşayeva və "Şərq" qəzetinin baş redaktoru, Azərbaycan Türk Ocağının başqanı Akif Aşırlı çıxış edib.
Çıxışlardan əvvəl İstanbul Türk Ocağı Şöbəsinin başqanı, Dr.Cezmi Bayram tədbir iştirakçılarını salamlayıb.
Mərhum deputatın ruhu yad edilib.
Dr.C.Bayram bildirib ki, Qənirə xanımın xatirəsinə ithafən daha geniş bir konfrans təşkil etməyi planlayırlar:
"Adətdir, Allahın rəhmətinə qovuşan insanların vəfatlarından sonra 7 və 40-cı günlərdə mərasim təşkil olunur. Qənirə xanımın da vəfatının 40-cı günü bir neçə gün əvvələ təsadüf edib. Azərbaycan Türk Ocağı başqanı A.Aşırlı və Kəmalə xanımın dəfndən uzun müddət sonra Bakıdan İstanbula gəlməsindən istifadə edərək, konfrans keçirmək qərarına gəldik".
Giriş nitqindən sonra K.Paşayeva İstanbul Türk Ocağı Şöbəsinin özü və mərhum bacısı üçün hər zaman doğma olduğunu qeyd edib:
"Bu gün ailəmizin, dostlarımızın yanındayıq. Hamınıza təşəkkür edirəm. Onun haqqında danışmaq mənim üçün çox çətindir, amma eyni zamanda da bundan qürur duyuram. Qənirə xanım bacım olmaqla yanaşı, həm də böyük şəxsiyyətdir. Bu həyatdakı ən yaxşı müəllim, dost və sirdaşım idi. Belə mövzularda emosional hislər keçirməyimizin tərəfdarı olmazdı. Qənirə xanımın gəncliyindən həyatının sonuna qədər ən böyük həyat fəlsəfəsi, prinsipi türk dövlətlərinin birliyi, türk dayanışması və türk qardaşlığı idi. Onun üçün Azərbaycan nəyi ifadə edirdisə, Türkiyə, Qazaxıstan, Özbəkistan və digər türk cümhuriyyətləri də eyni anlamı daşıyırdı. Çünki o, çox yaxşı bilirdi ki, birliyimiz, bərabərliyimiz, gücümüz önəmlidir. Q.Paşayeva uzun illər Avropa Şurası Parlament Assambleyasının, həmçinin Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü olub. Həmin platformalarda "Dağlıq Qarabağ" və sözdə "erməni soyqırımı" yalanlarını dünyaya çatdırırdı. Bir müddət Amerikada işlədim. Erməni lobbisinin ən çox yayıldığı əyalətlərdən biri Kaliforniyadır. Təxminən iki insandan biri ermənidir. Üstəlik çox aqressivdirlər. Qənirə xanımın 2-3 situasiyada həyatı ilə bağlı riskli vəziyyətin yaranması hamıya mətbuatdan da məlumdur. Çünki onun millətçiliyi bəlli idi. Erməni lobbisi də Q.Paşayevanı azərbaycanlıdan çox Türkiyəni müdafiə edən bir türk kimi görürdü. Hətta erməni mətbuatında da nifrətlərini açıq şəkildə büruzə verirdilər. Konfransın adı çox gözəl seçilib: "Tovuzdan Turana". Dövlətlərimiz arasında çox böyük dayanışma var, bunu İkinci Qarabağ müharibəsində də gördük. İkinci Qarabağ savaşını birliyimiz, bərabərliyimiz və gücümüz sayəsində qazandıq. Lakin siyasi cəhətdən ölkələrin biri-birinə yaxnlığı ilə yanaşı, həm də insanların birlik olması çox vacib nüansdır. Üzülərək bildirmək istəyirəm ki, türk dövlətləri ilə biri-birimizi yaxşı tanımırıq. "Tovuzdan Turana" deyəndə sadəcə İstanbuldakı insanlar yox, Tovuzun, eyni zamanda Anadolunun bir kəndindəki insanların da türk dünyasını yaxşı tanıması lazımdır. Ona görə də bu missiyanı yerinə yetirmək üçün ən böyük iş medianın üzərinə düşür. Sadəcə filmləri göstərərək, lüğətimizdən hansısa sözü istifadə edərək deyil, elmi cəhətdən kim olduğumuzu, kökümüzün haradan gəldiyini, qardaşlığımızın necə yarandığını bilməliyik. Universitetlərdə də sözügedən məsələ diqqətdə saxlanılmalıdır. Çünki böyük, imperial güclərin hər zaman məqsədi bu bölgənin birləşməməsi olub. Hətta Qənirə xanımın bir çıxışı da vardı: "Salam olsun, ey türk dünyası! Salam olsun, Azərbaycan! Salam olsun, Türkiyə! Salam olsun, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan! Salam olsun, Türküstan!.."
Bu böyük coğrafiya birlik, bərabərlik nümayiş etdirsə, dünyanın ən böyük güclərindən olarıq. Təbii ki, böyük dövlətlər bunu istəməz. Ona görə də azərbaycanlıya azəri, qırğızıstanlı qırğız, türkmənistanlıya türkmən deyərək, bölgü apardılar. Beynimizə yedirə-yedirə bizi biri-birimizdən ayırdılar. Bəzən azərbaycanlılara "azəri" kəliməsini deyənlər əslində yanlış olduğunu bilirlər, lakin dilləri öyrəşib.Amma dilə də gətirməsinlər. Bir şeyi dilə, düşüncənə, düşüncənə gətirmə, əmələ çevrilir, əmələ gətirmə, həyat tərzinə çevrilir. Azərbaycanlı olduğumuzu bildiyimiz halda "azəri" deyərək, düşüncənin də, türk birliyinin də ayrılmasına şərait yaradırıq".
K. Paşayeva xüsusilə də, gənclərə üzünü tutub:
"Güclü olmaq, haqq səsimizi hər zaman dünyaya çatdırmaq istəyiriksə, bu yol birlik, bərabərlikdən keçir. Qənirə xanım da bir yoldur. O, türk birliyinin vacibliyini dünyaya hayqıraraq, söylədi. Biz birlik olsaq, önümüzə heç kim keçə bilməz".
Daha sonra çıxış edən "Azərbaycan Türk Ocağı" mın sədri Dr.Akif Aşırlı konfrans iştirakçılarını salamlayıb. Başda Türk Ocaqları İstanbul şöbəsinin başqanı, Dr. C.Bayram olmaqla toplantını təşkil edənlərə oz təşəkkürlərini bildirib:
"Q.Paşayevanın milli şüurun Türk coğrafiyalarında möhkəmlənməsində müstəsna xidmətləri var. Türk Ocaqlarının 100 illiyi ilə əlaqəli olaraq, bir həftə boyunca Azərbaycanda tədbirlərin keçirilməsində və "Azərbaycan Türk Ocağı"nın bərpasında müstəsna rolu olan dəyərli bir aydındır. Qənirə xanım haqqında saatlarla danışmaq mümkündür. Mətbuata onunla eyni illərdə gəldik. Həmin vaxtlarda Qənirə xanım Azərbaycan Tibb Universitetinin sonuncu kursunda oxuyurdu. Azərbaycanın ilk müstəqil, özəl və xəbər televiziyası olan ANS TV-də jurnalist fəaliyyətinə başlamışdı. Mən də müxalifət qəzetində işləyirdim. Doğulub, böyüdüyümüz bölgələr də yaxın idi . O dönəmdə Azərbaycanda müstəqil medianın fəaliyyəti əsas amalımız, məqsədlərimiz sırasında önəmli yer tuturdu.
Bu konfransı keçirmək ərəfəsində məndə belə qənaət yarandı ki, Qənirə xanımın fəaliyyət sahəsi sistemli şəkildə tədqiq olunmalıdır. Media fəaliyyəti ilə bərabər, türk birliyi üçün apardığı mübarizə, milli kimlik məsələsinə xüsusi həssas yanaşması, ümumi ortaq türk tarixinin Azərbaycanda təbliği, eyni zamanda türk dünyasına qatqısı olan, türk coğrafiyasını əhatə edən tarixi şəxsiyyətlərin Azərbaycan, Türkiyə, Orta Asiya, türk cümhuriyyətlərində də addım-addım, mərhələ-mərhələ tanıdılması Qənirə xanımın türkçülük yolunda maarifçi hərəkatının nəticəsi idi. Mərhum millət vəkilimiz hədəflərə çatmaq üçün tarixdən, keçmişdən başlayırdı. Keçmişin ən yaxşı nümunələrini günümüzə daşımaqla aktuallaşdırırdı. Ona görə də onun fəaliyyətinin bir istiqaməti media, ikincisi isə türk birliyinə, milli şüura, milli təfəkkürə söykənən gənclərin yetişməsi və cəmiyyətə faydalı olması uğrunda apardığı aramsız işlər və millət vəkili statusunda gördüyü işlər, digər istiqamət isə ədəbi fəaliyyətidir. Azərbaycan parlamentində Qənirə xanım müstəqil millət vəkili olub. Media çalışmalarında və parlamentdə cəsarətli çıxışları ilə secilib , toplumun rəğbətini qazanıb. Yəqin ki, gələcəkdə fəaliyyəti ilə bağlı statistika aparılacaq. Onun parlamentdə seçilməsindən sonra Azərbaycanda kütləvi şəkildə gənc xanımların ölkənin ayrı-ayrı universitetlərinin Jurnalistika fakültəsinə axını oldu. Hamı özünü yaxşı mənada, nümunə olaraq, Qənirə xanıma bənzətməyə çalışırdı. O, kitablar da yazırdı. Xocalı faciəsindən öncə Qazax rayonunun bir kəndində ermənilərin kütləvi insan qətliamını törətməsi ilə bağlı birgə kitab da yazdıq. Ermənilər hətta 40 günlük körpəni də odlar, alovlar içinə atıb, yandırmışdılar. Qənirə xanım təklif etdi ki, bu hadisə kitab halına salınmalı, həmçinin film çəkilməlidir. O deyirdi ki, zamanla dünyaya tanıtdığımız Xocalıya gedən yolun haradan başladığını mərhələli şəkildə yaddaşlara yazmalıyıq. Bu kimi xüsusiyyətləri, düşüncələri də onun bütün proseslərə türk tarixi kontekstindən yanaşmasının bariz nümunəsi idi. Onun həyatı da, fəaliyyəti də gələcək nəsillər üçün örnəkdir. Qənirə xanım sadəcə Tovuzdan seçilən deputat deyildi. O, eyni zamanda Azərbaycanın və türk dünyasının millət vəkili idi".
A.Aşırlı həmçinin əlavə edib ki, cəmiyyət sağlığında Q.Paşayevanın şeirlərinə bəlkə də, çox diqqət yönəltmirdi:
"Amma son dönəmlərdə Azərbaycan mediasında, sosial şəbəkələrdə paylaşılan şeirlərini oxuyanda sətirlərdə yatan zənginlik, bədiilik və milliliyi görmək mümkündür.
A.Aşırlı bildirib ki, Qənirə xanım Türk dünyasının bütün sarsıntılarından duyğulanırdı: "Türkiyədə zəlzələ olan günün sabahı Qənirə xanımla zəngləşdik. Yardımların təşkilində və Azərbaycan Türk Ocağının ətrafındakı ziyalıların, insanların bir araya gəlməsində də həddən ziyadə rolu oldu".
Başqan A.Aşırlı bunu da diqqətə çatdırıb ki, mərhum millət vəkilinin ən sevdiyi ziyalılar arasında Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə xüsusi yer tuturdu:
"Həmişə sentyabrın 15-i Qafqaz İslam Ordusunu birgə anardıq. Tədbirlərdə çıxışları olardı. Bir dəfə Nuru Paşanın məzarının tapılması üçün məzarlığa getdiyimizdə məzarlığın mühafizəçiləri Qənirə xanımı tanıdılar. Nuru Paşanın məzarına yaxınlaşdıq. Çox pis vəziyyətdə olan, üzərini ot, kol-kos basmış məzarı ətrafdakı insanların da köməyi ilə təmizlədik, orada abadlıq işi gördük. Sonra da üç rəngli Azərbaycan bayrağını məzarın üzərinə sərdik. Məzar üçün müraciətimiz də oldu. Aradan 15-20 gün keçmişdi ki, Türkiyədən məzarın yenidən qurulacağı xəbərini aldıq .Bir neçə aydan sonra Azərbaycanın 28 may Müstəqillik günü ərəfəsində məzarlıq təmir olundu.
Biz də Türk Xalqlarının Əməkdaşlıq Təşkilatının sədri İlham İsmayılovla birgə Türkiyəyə gələndə Qarabağ uğrunda canından keçən şəhidlərimizin torpağından gətirib, Nuru Paşanın məzarına səpdik".
A.Aşırlının sözlərinə görə, Azərbaycanda elə bir şəhid ailəsi yox idi ki, Qənirə xanım ona baş çəkməsin:
"Onun dəfn mərasimində türk dünyası ağladı. Ən çox ağlayan da şəhid ailələri oldu. Qənirə xanım xəstələnəndə səhhəti ilə bağlı məlumat almaq üçün Türkiyədən aramsız zənglər gəlirdi. Bu, Q.Paşayevanın qazandığı, türk dünyasına verdiyi əməklərin, zəhmətlərin nəticəsi idi. Türk Ocaqlarının da mərhum deputatın xatirəsini anması təkcə bu toplantı ilə yekunlaşmamalıdır".
Baş redaktor həmçinin vurğulayıb ki, ziyalımız Əhməd bəy Ağaoğlunun qızı Sürəyya Ağaoğlu Şuşa doğumlu idi, türk və müsəlman dünyasında ilk qadın vəkil oldu:
"Kimsəsiz uşaqları bir araya gətirib, onlara analıq edib. Qənirə xanım da Sürəyya xanım kimi ilklərə imza atıb.
Bəlkə də, Qənirə xanım Tanrının ən çox sevdiyi bəndələrindən idi. İnsan onu anmayanda, xatırlamayanda ölür. Qənirə xanımın Tovuzdan başlayan Turan yolu yaddaşımızda düşüncələrimizdədir. Ona görə də, Qənirə xanımı və onun kimi şəxsiyyətlərimizi anmalıyıq. Allah rəhmət eləsin! Məzarı nurla dolsun!".