“Paşinyan hakimiyyəti bu danılmaz reallığı nə qədər tez qəbul etsə, proseslərdən bir o qədər uduşlu çıxacaq”
Erməni deputat Qarnik Danielyan deyib ki, ermənilər Tavuşun “anklav” adlanan kəndlərini (Qazaxın Ermənistanın işğalında olan kəndləri nəzərdə tutulur – red.) tərk edirlər. Onun sözlərinə görə, oradan miqrasiya sürəti artır. Danielyan iddia edib ki, Azərbaycan bu əraziləri alaraq, hərbiləşdirilmiş istehkamlar yaratmaq və Ermənistanda nəqliyyat kommunikasiyalarına nəzarət etmək istəyir: “Bu, Ermənistanın 1990-cı illərdən istehkam işlərinin aparıldığı bütün şimal cəbhəsini məhv edəcək. Azərbaycanın almaq istədiyi kəndlər Ermənistan üçün strateji əhəmiyyət kəsb edir. Azərbaycanın bu kəndlərə maneəsiz çıxışının təmin edilməsi Ermənistanın özünü anklava çevirəcək. Məqsəd Ermənistanı bir dövlət kimi ləğv etməkdir”. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev öz maksimalist münasibətini ortaya qoyub: “Danışıqlar masasında Tavuş bölgəsindəki kəndlər, Zəngəzur dəhlizinin açılması, azərbaycanlıların Ermənistana köçürülməsi, təzminat ödənilməsi məsələləri var. Biz bütün bu təhlükələrlə bağlı xəbərdarlıq etdik və bildirdik ki, Azərbaycan bununla da dayanmayacaq”.
Politoloq Azər Qasımov "Sherg.az"a açıqlamasında bildirib ki, Ermənistan rəsmiləri hər zaman olduğu kimi öz xislətlərinə uyğun fikirləşirlər. Siyasi şərhçinin fikrincə, işğal edilmiş Azərbaycan kəndlərinin gec-tez özümüzə qaytarılmasını ölüm-qalım məsələsi hesab etməyin özü xəstə təfəkkürün təzahürüdür:
"Erməni deputat guya qorxulardan, narahat olduqları məqamlardan danışır. Əgər iki ölkə arasında qalıcı sülh olarsa, Ermənistan niyə və nədən qorxmalıdır ki?! Bunların məntiqi onu deməyə əsas verir ki, ermənilər üçün sülh anlayışı nisbidir. Deməli, məqam düşən kimi sülhü tanımayacaqlar. Ancaq Ermənistan üçün həlledici məqam odur ki, 8 kənddən ikisi - Yuxarı Əskipara və Kərki kəndləri Ermənistan üçün həyatı əhəmiyyət daşıyan İrana və Gürcüstana çıxış yollarının üzərində yerləşir. İrəvan qorxur ki, bu nəqliyyat yolları Azərbaycanın nəzarətində olarsa, Ermənistan tamamilə Bakıdan asılı vəziyyətə düşəcək. Sözügedən kəndlərdə yaşayan erməni əhali də yaxşı bilir ki, Azərbaycan öz ərazisinə tezliklə qayıdacaq. Odur ki, özgəyə məxsus ərazini tərk edirlər. Lakin İrəvan anlamalıdır ki, söhbət hansısa hansısa kəndlərdən keçən yola nəzarətdən getmir, hazırda Ermənistan bütünlüklə Azərbaycandan asılı durumdadır. Azərbaycan Ermənistan üçün hansı gələcəyi məsləhət biləcəksə, onların yaşamı da o istiqamətdə gedəcək. Ermənistan bu danılmaz reallığı nə qədər tez qəbul etsə, proseslərdən bir o qədər uduşlu çıxacaq. Zaman Ermənistanın əleyhinə işləyir".