"ABŞ hər zaman Avropanın ipini əlində saxlayacaq"- RƏY

"Bu gün ABŞ-nin Almanyada 50-dən, ümumi Avropada isə 250-dən çox hərbi bazası var. Onları əsla əldən vermək istəmir"


NATO-nun Ukraynadakı məğlubiyyəti Rusiya və Almaniyanı daha da yaxınlaşdıracaq.

Bunu tanınmış fransız tarixçisi və politoloq Emmanuel Todd deyib.

“Vaşinqtonun 2004-cü ildən bəri Berlini Moskvadan uzaqlaşdırmaq kimi strateji düşüncəsi uğursuzluqla başa çatacaq. Avropanın xəritəsinə baxsanız, iki böyük güc önə çıxır - bunlar Almaniya və Rusiyadır. Moskva və Berlin artıq qarşıdurmada ola bilməz, onların iqtisadiyyatı bir-birini tamamlamaq üçün qurulub və “Şimal axını” bunu açıq şəkildə göstərib”, - o bildirib.

Alimin fikrincə, gec-tez Berlin və Moskva əməkdaşlığa başlayacaq:


“ABŞ və Ukraynanın məğlubiyyəti onların yaxınlaşmasına zəmin yaradacaq. Amerika Almaniya və Rusiyanı bir-birinə cəlb edən, obrazlı desək, bu cazibə qüvvəsini sonsuzadək cilovlaya bilməyəcək. Vaşinqton Avropanı tərk edərsə, o zaman günəşin dinc planet üzərində doğduğunu görəndə təəccüblənəcəyik”.

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətov  "Sherg.az"a açıqlamasında Emmanuel Toddun sözləri ilə  tam razılaşmır:


"İkinci Dünya Müharibəsi və ondan sonrakı mərhələdə tarix göstərdi ki ABŞ Avropanı digər regionlara qarşı bir qalxan kimi istifadə etməyi bacarır. Bu gün ABŞ-nin Almanyada 50-dən, ümumi Avropada isə 250-dən çox hərbi bazası var. Onları əsla əldən vermək istəmir.  Emmanuel Todd özü hər zaman Rusiyameyilli fikirlər səsləndirən biri kimi tanınır. Onun bu açıqlamaları sifariş əsasındadır. Düşünmürəm ki, ABŞ Avropa ölkərini özbaşına buraxsın. Hər zaman ipi əlində saxlamağa çalışacaq".