“İstər bölgədə, istərsə dünyada İranın yürütdüyü aqressiv siyasət ona və digər ölkələrə xeyir gətirmir”
İranın Pakistana raket və pilotsuz təyyarələrlə zərbələr endirməsindən və hücum nəticəsində iki uşağın ölməsi tərəflər arasında münasibətləri kəskinləşdirib. İranın hədəfi Pakistanın Bəlucistan əyalətinin Koh Sabz adlanan ərazisindəki “Ceyş ül-Ədl” qruplaşmasının qərargahı olub. Lakin hədəf vurularkən mülki şəxslər də həyatını itirib və yaralanıb. Pakistan dövləti Tehrana kəskin etirazını bildirib və İrandakı səfirini geri çağırıb. Lakin İslamabad bununla kifayətlənməyib və İran ərazisinə aviazərbələr endirib. Pakistanın Xarici İşlər Nazirliyinin məlumatına görə, ölkə “Marg Bar Sarmachar” adlı antiterror əməliyyatı həyata keçirib və İranın Sistan və Bəlucistan vilayətində terrorçulara hücumlar edib. İran mediası hücum zamanı 3 qadın və 4 uşağın həlak olduğunu, zərbələrin raket və pilotsuz uçuş aparatları ilə endirildiyini yazıb. “Röyters”in məlumatına görə, Pakistan ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Bildirilib ki, İran tərəfinin Pakistana qarşı istənilən avantürasına sərt cavab veriləcək. Həmçinin Pakistanın Ravalpindi, İslamabad və Mandi Bəhaəddin şəhərlərində İrana bağlı 4 terrorçu da həbs edilib. Deyilənə görə, həbs olunan şəxslər İranın dəstəklədiyi şiə qruplarının üzvləridir. Türkiyə Hava Qüvvələrinin istefada olan general-polkovniki Ərdoğan Karakuş deyib ki, hazırda İranda dövlət idarəçiliyi sarsıntı içərisindədir. Onun sözlərinə görə, belə sarsıntı içərisində ikən Pakistanla yaxşı münasibətlər qurmaq yerinə, atdıqları addım son dərəcə yanlışdır. General-polkovnik İranı düşünülməmiş addımlar atmaqdan çəkinməyə çağırıb: “İranın daxilində çoxlu problemləri var. Xüsusilə Bəlucistanda İranı sıxışdırırlar. Yeri gəldi-gəlmədi məsələnin kökünü Pakistanda axtarırlar. Məncə, İran belə düşünülməmiş addımlar atmaqdan çəkinməlidir. Çünki vəziyyət gərginləşsə, Pakistan İran ordusunu silib-süpürər. Yəni Pakistan hərbi baxımdan qat-qat güclüdür, ancaq Hindistanla yaşanan problemlərə görə tələskənlik etmək istəmir. Fikrimcə, belə gərgin geosiyasi vəziyyətdə Türkiyə, Azərbaycan, Pakistan və İran bir-birinə kömək etməlidir”. Karakuş hadisənin SEPAH-ın içərisində İran-Pakistan yaxınlaşmasını istəməyən qüvvələr tərəfindən təşkil olunma ehtimalını istisna etməyib.
Siyasi şərhçi Tural İrfan "Sherg.az"a açıqlamasında bildirib ki, İranın Pakistana qarşı raket zərbələri yanlış addımdır. Əgər məsələ terrorçu məsələsi ilə əlaqədardırsa, bunu qarşılıqlı razılaşma əsasında həll etmək və ya məlumat verməklə zərərsizləşdirmək olardı:
"Lakin bu cür qəfil hücumu İranın qonşulara qarşı, ələlxüsus müsəlman ölkələrinə qarşı hegemonluq nümayişi kimi qiymətləndirmək olar. Bu da şübhəsiz, vəziyyəti gərginlik həddinə çəkir və İrana qarşı Qərbin təzyiqlərini artırır. Əvvəllər də bildirmişik ki, istər bölgədə, istərsə dünyada İranın yürütdüyü aqressiv siyasət ona və digər ölkələrə xeyir gətirmir. İlk növbədə bu cür aqressiya və dərin düşünülməmiş addımlar İranın özünə qarşı etibarı azaldır və qonşu ölkələrlə də münasibətlərini pisləşdirir".
Analitik vurğulayıb ki, bu cür addımlar, heç şübhəsiz, cavabsız qalmır və İrana qarşı Qərbin təsirləri artır. Nəticədə region ölkələri də seçim qarşısında qalmalı olurlar: "İran ələlxüsus da Pakistanın islam dövləti olmasını nəzərə alaraq münasibətləri silah işlətmək həddinə çatdırmamalı idi. Bu gedişatdan İranın tam antiislam mövqeyi üzə çıxır. Çünki istər Qarabağ savaşı zamanı, istərsə də digər müsəlman ölkələrindəki münaqişələrə bağlı onun mövqeyi müsəlman ölkələrinə qarşı olub. Vaxtilə Qarabağ savaşı zamanı da İran deyirdi ki, guya, Azərbaycan tərəfdə terrorçular var və bundan narahatdır. Halbuki əsla belə bir məsələ yox idi və təsdiqini də tapmadı. İndiki iddia da bunu xatırladır. Hesab edirəm ki, bu siyasət yanlışdır və Qərbin ciddi təzyiqi ilə qarşılaşacaq. Habelə qonşu ölkələrlə münasibətləri pozacaq".