Aİ və NATO rəsmilərinin İrəvana axını

Klaar və Kolomina kimi şəxslər Ermənistan hökumətini şirnikləndirir, yalan vədlərə təhrik edirlər

  Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Ermənistana səfər edib. Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə regional təhlükəsizlik və sülhlə bağlı son hadisələr müzakirə olunub. Toivo Klaar həmçinin Ermənistan Baş nazirnin müavini Mher Qriqoryanla da görüşüb. Tərəflər regional vəziyyət, eləcə də, Ermənistanın “Sülhün kəsişməsi” layihəsi, demarkasiya prosesinin prinsipləri və hüquqi əsasları barədə fikir mübadiləsi aparıblar.
  NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəsi Asiya üzrə Xüsusi Nümayəndəsi Xavyer Kolomina da Ermənistanda səfərdə olub. Ermənistan baş naziri Nikol Paşinyan Xavyer Kolominanı qəbul edib. Bildirilib ki, görüşdə Ermənistan-NATO əməkdaşlığı, həmçinin regional və beynəlxalq təhlükəsizliklə bağlı məsələlər müzakirə olunub. Paşinyan Xavyer Kolomina ilə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını da müzakirə edib. Baş nazir Cənubi Qafqazda təhlükəsizlik vəziyyətinə, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində baş verən son hadisələrə və sülh prosesinə toxunub. Kolomina Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan ilə də müzakirələr aparıb.
  Politoloq Qabil Hüseynli "Sherg.az"a deyib ki, erməni lobbisinin uydurma təbliğatının nəticəsində Qərb dairələrində yanlış olaraq elə təsəvvür formalaşıb ki, guya, Azərbaycan Ermənistana təhdid törədir, yeni ərazi iddiaları irəli sürür. Analitik vurğulayıb ki, ABŞ və Avropa İttifaqında düşünürlər ki, Azərbaycan sərhəd problemini həll etmək üçün Ermənistana hərbi güc tətbiq edəcək:

"Qərb bu uydurmalara aldanaraq, bir az da xristianlıq təəssübkeşliyi ilə anti-Azərbaycan mövqeyindən çıxış edir. Aİ və NATO rəsmilərinin İrəvana axınının səbəbi budur. Klaar və Kolomina kimi şəxslər Ermənistan hökumətini şirnikləndirir, yalan vədlərlə təhrik edirlər. Halbuki Aİ və NATO təmsilçisi hər iki tərəfə, yəni Ermənistanla yanaşı, Azərbaycana da səfər edə və onları sülh müzakirələrinə səsləyə bilərdi. Ancaq onlar suyu bulandırmaqla tərəflər arasında gərginliyin artmasına xidmət edirlər. Bu da Qərbin oynadığı qeyri-konstruktiv rolun əyani təzahürüdür. Onlar açıq-aşkar bölgədə yeni savaşın tərəfdarı kimi çıxış edirlər. Birtərəfli diplomatiya ümumi işə ciddi zərbə vurur və sülhyaratma prosesinə mənfi təsir göstərir".