“Əgər yekun qərar da əleyhimizə olarsa, bu, AŞ PA ilə Azərbaycan arasında böyük uçurum yaradacaq”
"Avropa Şurası Parlament Assambleyasının sessiyasında verilən qərar gözlənilən idi. Çünki Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi, Qarabağda antiterror əməliyyatı ilə separatçılığa son verməsi Avropa təsisatlarının "prinsiplərinə" uyğun deyil". Bu sözləri Strasburqda AŞ PA-nın iclaslarını izləyən Demokratiya və İnsan Hüquqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov deyib. Ekspert bildirib ki, Avropa Şurası Parlament Assambleyası və digər institutlar münaqişənin dondurulmasını, danışıqların qeyri-müəyyən müddətədək davam etməsini və erməni işğalının rəsmiləşməsini istəyirdilər: "Ancaq Azərbaycan öz gücü hesabına torpaqlarını işğaldan azad edərək qətiyyətli addımları ilə Avropa qurumlarının gözləntilərini alt-üst etdi. Bu da Avropa İttifaqını və xüsusən Fransanı qıcıqlandırdı və ölkəmizə qarşı müxtəlif addımlar atdılar. Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməməsi və səs hüququnun dondurulması əleyhimizə növbəti addımdır. Əgər yekun qərar da əleyhimizə olarsa, bu, AŞ PA ilə Azərbaycan arasında böyük uçuruma səbəb olar. Azərbaycan buna cavab olaraq AŞ PA-dan çıxa bilər. Çünki indiki şəraitdə, əslində, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına ehtiyacı yoxdur".
Hüquq müdafiəçisi vurğulayıb ki, 2001-ci ildən, yəni AŞ PA-ya üzv olandan bu yana qurum lehimizə qərar çıxartmayıb, Ermənistan nümayəndə heyətinin səsini dondurmayıb və daim ikili standartlardan çıxış edib: "O baxımdan belə bir quruma artıq ehtiyac da duyulmur. Azərbaycan ən böyük məsələsini, Qarabağ məsələsini həll edib və ərazi bütövlüyünü bərpa edib. Azərbaycan müstəqil və güclü dövlətdir. İndiki məqamda Avropanın özünün Azərbaycana ehtiyacı var. Çünki Avropanın, elə Fransa və Almaniyanın qaz təchizatında mühüm rol oynayan ölkələrdən biri məhz Azərbaycandır. Əlaqələrin pozulmasından, münasibətlərin kəsilməsindən itirən Avropa və AŞ PA olacaq. Ən azından ən mühüm enerji tərəfdaşlarından məhrum qalacaqlar".