Çünki Pakistan İraq deyil və nüvə dövlətidir
Pakistan xarici işlər nazirinin dəvəti ilə onun iranlı həmkarı Hüseyn Əmir Abdullahian yanvarın 29-da Pakistana səfər edəcək. Pakistan və İran xarici işlər nazirləri arasında telefon danışığından sonra hər iki tərəf iki ölkənin səfirlərinin yanvarın 26-na qədər öz iş yerlərinə qayıtmaları barədə razılığa gəliblər. Qeyd edək ki, İran 16 yanvarda İraqın Ərbil şəhərinə və Pakistanın Kuhi-Sabz bölgəsinə raket hücumları həyata keçirib. Nəticədə mülki şəxslər ölüb. Buna cavab olaraq Pakistan İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan vilayətinin sərhəd kəndlərinə bir neçə raket zərbəsi endirib və tərəflər arasında ciddi qarşıdurma yaranıb.
Politoloq Tural İrfan bildirib ki, SEPAH-ın Pakistana hücumu Tehranı siyasi baxımdan çıxılmaz vəziyyətə salmışdı. Analitikin sözlərinə görə, İran hökuməti SEPAH-ın yol verdiyi səhvi təmizləməyə çalışır:
"İran geri addım atmağa məcbur qaldı, çünki Pakistan İraq deyil və nüvə dövlətidir. Əslində, Pakistana da Hindistandan sonra ikinci cəbhə açmaq heç də sərfəli deyil. O baxımdan tərəflərin güzəştə getməsi gözlənilirdi. Məsələ ondadır ki, SEPAH-ın Tehran hökuməti ilə anlaşmazlıqları artır. SEPAH-ın məsələlərə zor tətbiq etməklə cavab verməsi İranı daha aqressiv obrazda dünyaya təqdim edir. Dünyadan təcrid olunan İranın əlavə olaraq Pakistanla da düşmənçiliyi Tehranın işini çətinə salardı. Bunu anlayan İran rəsmiləri Pakistanla danışıqlara tələsirlər".