Məhəmməd Əmin Rəsulzadə hər bir türkün haqqı, hüququ, azadlığı uğrunda mübarizə aparıb
Yanvarın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında "Məhəmməd Əmin Rəsulzadə və Türk Dünyası" adlı elmi praktik konfrans keçirilib. Azərbaycan Türk Ocağı və Mərkəzi Elmi Kitabxanının təşkilatçılığı ilə keçirilən tədbir Azərbaycan Xalq Cümhuriyyətinin qurucu lideri, görkəmli siyasi-ictimai xadim Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyinə həsr olunub.
Tədbirdə AMEA Mərkəzi Elmi Kitabxanasının baş direktoru, professor Məmməd Əliyev, Azərbaycan Türk Ocağının sədri, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı, Kuzey Kıbrıs Türk Cumhuriyyətinin Azərbaycandakı Təmsilçiliyinin rəhbəri Ufuk Arca Turganer, millət vəkili Arzu Nağıyev, tarixçi-alim Firdovsiyyə Əhmədova, Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə, media nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Konfransı giriş sözü açıq elan edən AMEA Mərkəzi Elmi Kitabxanasının baş direktoru, professor Məmməd Əliyev Prezident İlham Əliyevin M.Ə.Rəsulzadənin anadan olmasının 140 illiyi ilə bağlı verdiyi Sərəncamı xatırladıb. Professor vurğulayıb ki, Sərəncamdan irəli gələrək AMEA-nın Tədbirlər Planına əsasən, MEK-də bir sıra tədbirlər keçiriləcək. M.Əliyev Kitabxanada M.Ə.Rəsulzadə ilə bağlı kitab sərgisinin də təşkil olunduğunu deyib: "Hər bir xalqın, o cümlədən Azərbaycan xalqının müstəqilliyi asan yolla əldə olunmayıb. 1918-ci ildə Şərqdə ilk demokratik dövlət quran Azərbaycan Xalq Cümhuriyyəti əfsuslar olsun ki, 1920-ci ildə müstəqilliyini itirdi. Novxanı kəndində anadan olmuş Rəsulzadə ömrünün son günlərini Ankarada keçirtdi və orada vəfat etdi. Onun dünyasını dəyişərkən söylədiyi söz - Azərbaycan olub. M.Ə.Rəsulzadənin və onun tərəfdaşlarının ruhları şaddır. Çünki cənab Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev uzun illər bayrağımız, gerbimiz olmayan Xankəndidə suverenliyimizi bərqərar etdi".
Giriş nitqindən sonra Azərbaycan torpaqlarının azadlığı və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Türk Ocağının sədri, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı çıxış edib. Azərbaycan Türk Ocağı adından qonaqları salamlayan baş redaktor bildirib ki, bugünkü konfrans böyük öndər, Azərbaycanın istiqlal savaşçısı, Milli Şuramızın sədri, ilk dövlət başçısı Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunub. O qeyd edib ki, dövlət başçısının müvafiq Sərəncamına əsasən, elm, təhsil və ictimai təşkilatların üzərinə müəyyən vəzifələr qoyulub: "Azərbaycan Türk Ocağı olaraq il boyu bir neçə konfrans və simpoziumun keçirilməsi planlarını hazırlamışıq. Rəsulzadənin 140 illiyi ilə bağlı ölkəmizdə müxtəlif səpkili tədbirlər keçirilir, fərqli müstəvilərdə müzakirələr aparılır. Müzakirələrin ən önəmli detalından biri də "Məhəmməd Əmin Rəsulzadə və Türk Dünyası" mövzusudur. Rəsulzadə sadəcə Cümhuriyyətin qurucu lideri deyil, eyni zamanda hər bir türkün haqqı, hüququ, azadlığı uğrunda mübarizə aparmış böyük mücahiddir. Onun ictimai-siyasi fəaliyyətinə nəzər yetirsək, görərik ki, sosial-demokrat "Hümmət" təşkilatında çar Rusiyasına qarşı mübarizə aparan M.Ə.Rəsulzadə 1911-cu ildə Türkiyəyə gedib. 2 il müddətində Qafqaz türklərini, Rusiyanın məhkum türklərini Osmanlı türklərinə tanıtmaq üçün ciddi işlər gördü, qəzetlərdə yazılar yazdı".
A.Aşırlı vurğulayıb ki, M.Ə.Rəsulzadənin Türk ocaqlarının fəaliyyətindəki rolu geniş tədqiq olunmayıb və diqqətdən kənarda qalıb:
"Rəsulzadənin iki böyük məqaləsi "Türk Yurdu" dərgisində dərc olunub. Onlardan biri "Qafqaziya türkləri", digəri isə "Şeyx Cəmaləddin Əfqaninin milli birlik fəlsəfəsi"dir. Ümumiyyətlə, Türk ocaqlarının qurulmasında Nəsib bəy Yusifbəyli, Yusif Akçura, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu kimi şəxslərin çox mühüm rolu olub. Onlar Osmanlının sərhədlərindən kənardakı türklərin vəziyyəti, siyasi-ictimai, milli-mənəvi yolunda mübarizəyə başladılar. Rəsulzadənin də Türk Ocaqlarının təşəkkülündə iştirakı, bu yöndə fəaliyyəti gələcəkdə mühüm tədqiqat mövzularımızdan olmalıdır. 1924-cü ildə Rəsulzadə türkçülüyün nəzəri-siyasi və fəlsəfi aspektlərini təhlil edən Ziya Göyalpın məzarında belə bir fikir söyləyib. Deyib ki, "1919-cu ildə İstanbulu ingilislər işğal edəndə ilk qapatdıqları yer Türk Ocağı oldu və sözlərinə əlavə edib ki, 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra bolşevik Rusiyasının bağladığı ilk məkan Azərbaycan Türk Ocağı idi. M.Ə.Rəsulzadə sovetlərə qarşı mübarizə dövründə də bütün məhkum türklərin lideri rolunda çıxış etdi. Ömrünün sonunadək onun fikirləri, ideyaları Türk ocaqlarında aparıcı mövqeyə sahib oldu".
Kuzey Kıbrıs Türk Cumhuriyyətinin Azərbaycandakı Təmsilçiliyinin rəhbəri Ufuk Arca Turganer bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan M.Ə.Rəsulzadə müasir Azərbaycan milli kimliyinin formalaşmasında çox mühüm rol oynayıb.
Onun sözlərinə görə, Rəsulzadə siyasi-ictimai fəaliyyəti çərçivəsində bütün həyatı boyu Azərbaycanın azadlığı, müstəqilliyi və toplumun maariflənməsi üçün çalışıb: "1918-ci ilin mayın 28-də istiqlalını elan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin "bir kərə yüksələn bayraq, bir daha enməz" sözü milli şüarımız halına gəlib. Azərbaycan istiqlaliyyətinin ən önəmli müdafiəçilərindən olan Rəsulzadə bütün Türk dünyasının haqlarını qoruyub. Əvvəlcə çar Rusiyasına, sonra sovetlərə qarşı əzmlə, fikirləri, ideyaları ilə mübarizə aparıb, öz qələmi ilə savaşıb. Vətənindən sürgün olunmağa məcbur qalsa da, dövləti və milləti üçün etdikləri, dəyərli əsərləri sayəsində Türk dünyasının dərin hörmətini qazanıb. Ona görə də bu cür şəxsiyyətin həyatı və fəaliyyəti daha dərindən bilinməli, yeni nəsillər tərəfindən öyrənilməlidir".
Millət vəkili Arzu Nağıyev böyük və dəyərli bir şəxsiyyətin həyat və fəaliyyətinə həsr olunmuş konfransda iştirak etməkdən məmnunluq duyduğunu deyib. Deputat bəyan edib ki, cənab Prezidentin müvafiq Sərəncamına uyğun olaraq, Rəsulzadənin 140 illiyi ilə bağlı çoxsaylı tədbirlər keçirilir:
"Türk bölgəsini təmsil edən millət vəkili kimi deyim ki, seçicilərim Rəsulzadənin 140 illiyi ilə bağlı xatirə medalının təsis olunmasını xahiş edirlər. Tarixçilər səviyyəsində, elmi müstəvidə M.Ə.Rəsulzadənin həyatı, siyasi-ictimai fəaliyyəti geniş tədqiq olunur, araşdırılır. Amma yaxşı olardı ki, Rəsulzadə irsi orta və ali məktəblərdə də öyrənilsin. Bu işdə AMEA və QHT-nin rolu danılmazdır".
Tarixçi-alim Firdovsiyyə Əhmədova bildirib ki, Rəsulzadənin 140 illiyinə həsr olunmuş tədbirin Elmi Kitabxanada keçirilməsi təsadüfi deyil. Alimin sözlərinə görə, Rəsulzadənin bütün əməli irsi mütəmadi mütaliəyə söykənib:
"Rəsulzadə gənclikdən ta ömrünün sonunadək dayanmadan dövrünün çağdaş bilgilərini, nəzəri yanaşmalarını öyrənərək sonradan bir çox müstəvidə tətbiq edib. Bayaq vurğulandı ki, Rəsulzadə İstanbuldan Azərbaycana döndükdən sonra ilk işlərdən biri Azərbaycan Türk Ocağının yaradılması oldu. Azərbaycan ilk türk cümhuriyyəti olduğu üçün Türk Ocağının dərhal ölkəmizdə yaradılması çox təbii idi. Türk Ocağı türkçülük məfkurəsinin formalaşmasında öz əməyini vermiş bir qurumdur. Eyni zamanda M.Ə.Rəsulzadənin siyasi türkçülüyün formalaşmasında böyük əməyi olub. Türk ocaqları həm də Azərbaycan siyasi mühacirətinin fəaliyyətinə, hətta fiziki mövcudluğuna belə böyük dəstək göstərib. Təsadüfi deyil ki, 1925-ci ildə M.Ə.Rəsulzadə Parisdə Ceyhun bəy Hacıbəyliyə məktubunda yazıb ki, "Yeni Qafqaziya" jurnalının maliyyələşdirilməsinə Türk ocaqları dəstək verirlər".
F.Əhmədova əlavə edib ki, Rəsulzadənin çox zəngin siyasi-ictimai, ədəbi-publisistik irsi var:
"Onun bioqrafiyasını hamı bilir. Amma həmin bioqrafiyadakı məlumatların arxasında çox zəngin və çətin həyat, gərgin mübarizə var. 16 yaşında publisistik fəaliyyəti ilə təşkilatlanmaya töhfə verməyə başlayan Rəsulzadə ömrünün sonunadək bu sahəyə sadiq qalıb. Gənc yaşda "Müsəlman Gənclər Təşkilatı"nı yaradıb və Azərbaycan gəncliyini hədəflədiyi ideallara daşımaq üçün çalışıb. Onun fəaliyyəti siyasi baxışlarının formalaşmasına da ciddi təsir göstərib. Onun məqalələri hər dövr, xüsusən günümüz üçün öz aktuallığını qoruyur. Əsərləri elmi müstəvidə daim müraciət edilən dəyərli mənbələrə çevrilib". Tarixçi xüsusilə bir məqamı qeyd edib ki, M.Ə.Rəsulzadə Cümhuriyyətin süqutundan sonra da mühacirət həyatında əzmlə, fədakarlıqla, ümidlə ictimai, ədəbi fəaliyyətini davam etdirib: "Bu, gənc nəsillər üçün örnəkdir".
Türkiyənin Ərciyəs Universitetinin professoru Qafar Çaxmaqlı deyib ki, M.Ə.Rəsulzadə sadəcə bir dövlət xadimi, Cümhuriyyətin qurucusu deyil, həm də bizim milli məfkurəmizin, türkçülüyün formalaşmasında və bütün Türk dünyasına yayılmasında önəmli rol oynayan şəxsiyyətlərdən biridir:
"Ancaq biz Rəsulzadənin irsinə nə dərəcədə sahib çıxırıq, bununla bağlı müəyyən fikirlər ola bilər. Xüsusən, Rəsulzadə irsinin gənclər arasında təbliğində, geniş yayılmasında bir sıra işlər görülməlidir. Ümumiyyətlə, mən bu məsələdə çox işlərin görülməsinin tərəfdarıyam. Əslində, bu məqamlar, Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi ilə bağlı Sərəncamında da öz əksini tapır. Dövlətimiz Azərbaycan xalqının tarixində böyük rol oynamış şəxsiyyətlərə böyük qiymət verir. Sadəcə bir məqama toxunmaq istəyirəm. Rəsulzadə Azərbaycan türklərinin yaşadıqları ərazilərin dövlətin ərazisi olması üçün mücadilə aparırdı. Eyni davanı ermənilər də aparırdılar. Çünki həmin dövrdə Azərbaycanın bəzi yerlərində ermənilər toplu halda yaşayırdılar. Gəncənin dağlıq hissəsində erməni əhalisi yaşadığı üçün iddia edirdilər ki, erməni dövlətinin sərhədləri oradan keçməlidir və s. 1918-ci ildə Batum konfransında Osmanlı dövləti Ermənistanın 9 min kv.km. ərazidə müstəqilliyini tanıdı. Ancaq ermənilər bununla razılaşmadılar və İstanbula bir heyət göndərdilər. Erməni heyəti 2-3 ay İstanbulda qaldı. Ənvər paşa, Tələt paşa, Xəlil və Vehib paşalarla görüşdülər. Bu məsələlər erməni qaynaqlarında var və mən onları türkcəyə çevirmişəm. Ermənilər iddia edirdilər ki, onların ərazisi çox azdır və əhalini orada yerləşdirmək mümkün deyil. Erməni tərəfinin məqsədi Zəngəzuru, Qarsı almaq idi. Görüşlərdə Xəlil paşa ermənilərə deyir ki, "Qars-Qazax-Dilican tərəfdən Azərbaycana gedirik, qarşımıza çıxırsız. İndi Zəngəzurdan gedəcəyik, yenə də qarşımıza çıxmaq istəyirsiz. Elə etməyin ki, sizin dövlətin gələcəyini başqa cür həll edək". Nəticədə ermənilər görüşlərdən əliboş geri qayıdırlar".
Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli bildirib ki, M.Ə.Rəsulzadə ilə bağlı Sərəncama fürsət kimi baxmaq lazımdır. Onun fikrincə, bu fürsətdən maksimum yararlanmaq lazımdır:
"Dövlət qurumları bununla bağlı müəyyən tədbirlər keçirəcəklər. Amma il boyu daha çox iş görmək mümkündür. Rəsulzadəyə millət olaraq borcumuz çoxdur. Abidə qoyulması, adların verilməsi ilə bağlı da addımlar atılmalıdır. Rəsulzadə Azərbaycan xalqının yetişdirdiyi dünya miqyasında böyük şəxsiyyətlərdən biridir. Ona görə də Rəsulzadə və tərəfdarlarının həyat və fəaliyyəti daha geniş tədqiq və təbliğ olunmalıdır".
"Türküstan" qəzetinin baş redaktoru Aqil Camal qeyd edib ki, M.Ə.Rəsulzadənin anadan olmasının 140 illiyi Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam təmin etdiyi bir dövrdə keçirilir:
"İnanırıq ki, buna görə böyük öndərin ruhu şaddır. 2022-ci ildə Azərbaycan Ordusu ilk dəfə olaraq Cümhuriyyət sərhədlərinə çıxdı. Ordumuz Gorus, Qafan, Göyçə sərhədlərinə çıxanda Azərbaycanın bu missiyasına qarşı çıxanlar və "bizim qonşu ölkənin ərazisində nə işimiz var" deyənlər də oldu. Azərbaycan Xalq Cümhuriyyəti öz bayrağı, xəritəsi ilə Azərbaycan gəncliyi üçün daha çox nümunədir. Hazırda Qərbi Azərbaycana qayıdış məsələsi qarşımızda prioritet olaraq dayanır. Bu həm də, Rəsulzadə yolunun davamıdır. Rəsulzadənin 125 illiyində köşə yazmışdım. Orada qeyd etmişdim ki, Rəsulzadə ideyası Azərbaycan Respublikası öz müstəqilliyini bərpa edəndə qalib gələcək. Amma Rəsulzadənin Rus imperiyası üzərində fərdi qələbəsi məhz 125 illik yubileyində baş vermişdi. Çünki həmin dövrdə Azərbaycanda, Avropada, BMT-də Rəsulzadənin yubiley tədbirləri keçirildi. Eyni zamanda Kremlin divarları arasında da yubiley tədbiri baş tutdu. Bu da ömrünü çar və sovet Rusiyasına qarşı mübarizəyə həsr etmiş bir liderin qələbəsi idi".
M.Ə.Rəsulzadənin nəvəsi, Əməkdar rəssam Rais Rəsulzadə də çıxış edərək tədbir təşkilatçılarına və çıxışçılara öz təşəkkürünü bildirib və "İrəvanın ermənilərə verilməsi" məsələsinə də qısaca toxunub:
"İlk növbədə hamıya dərin minnətdarlığımı bildirirəm. Onu qeyd edim ki, 1849-cu ildə çar hökuməti tərəfindən İrəvan xanlığı ermənilərin sərəncamına verilmişdi. Ona görə də hesab edirəm ki, bu məsələlərlə bağlı daha dəqiq araşdırmalar aparılmalıdır. Rəsulzadə həm də türkçülük, turançılıq ideyasının formalaşmasında mühüm rol oynayıb. Bunu diqqətdə saxlamaq lazımdır, çünki bu məsələ müasir zamanın da tələbidir. Dünyada cərəyan edən hadisələri hamımız görürük".
M.Ə.Rəsulzadənin bacısı nəvəsi Nazim müəllim də belə bir konfransda iştirakdan çox məmnun qaldığını deyib:
"Təşkilatçılara təşəkkür edirəm. Deyilənlərdən özüm üçün belə bir nəticə çıxarıram ki, dünyada bir çox mübariz insanlar olub. Amma Rəsulzadənin unikallığı odur ki, ən ağır və ekstremal şəraitdə əzmlə mübarizə aparıb, ruhdan düşməyib. Bu çox unikaldır. İstərdim ki, bundan sonra da Rəsulzadə irsini araşdıranlar bu məqama xüsusi toxunsunlar".