Türk dövlətlərinin güclənməsi istiqamətində real addımlar atılır
“Rəqabət Şurası TDT daxilində inteqrasiyanın dərinləşməsinə əlavə töhfələrini verəcək. Belə addımları çoxaltmaq lazımdır. Hətta TDT-yə üzv ölkələrin futbol komandalarının ortaq yarışlarını keçirmək lazımdır”
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin rəqabət orqanlarının təşəbbüsü ilə Türk Dövlətləri Rəqabət Şurası yaradılıb. Bu barədə üzv dövlətlərin nümayəndələrinin Türkiyənin İstanbul şəhərində keçirilən toplantısında qərar qəbul edilib. Rəqabət Şurası Türk Dövlətləri Təşkilatının Baş Katibliyinin koordinasiyası ilə üzv dövlətlərin rəqabət orqanlarını bir araya gətirmək təşəbbüsü ilə yaradılıb. Rəqabət Şurası ilə bir tərəfdən üzv ölkələr arasında ortaq tarixi, dil və mədəni irs əlaqələrinin gücləndirilməsi, digər tərəfdən rəqabət hüququnun anlaşılması və həlli üçün ortaq araşdırmalar, səfərlər və təlim fəaliyyətləri həyata keçiriləcək. Quruma ilk 3 ildə Türkiyə sədrlik edəcək. Bildirilib ki, Şura türk dövlətlərinin rəqabət orqanlarını bir araya gətirəcək. Qurumun yol xəritəsi artıq hazırdır. Toplantıda vurğulanıb ki, Rəqabət Şurası bir tərəfdən üzv dövlətlər arasında tarixi, mədəni əlaqələri gücləndirəcək, digər tərəfdən rəqabət hüququ ilə bağlı problemlərin həllinə xidmət edəcək, müxtəlif vasitələrlə regionda rəqabət mədəniyyətini formalaşdıracaq. İstanbulda keçirilən Türk Dövlətləri Rəqabət Qurumları Şurasının birinci iclasında qərara alınıb ki, bu yeni qurumun növbəti iclası Azərbaycanda keçirilsin. Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibinin müavini Merey Mukazhan iclasda çıxış edərək bildirib ki, təşkilatın nəzdində əməkdaşlıq platformasının – Rəqabət Şurasının yaradılması iqtisadi əlaqələrin inkişafında yeni mərhələnin başlanğıcı olacaq. Baş katibin müavini yeni qurumun yaradılmasının Türk dünyasının 2040-cı ilədək vizyonunun, TDT-nin 2022-2026-cı illər üçün strategiyasının həyata keçirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Türkiyənin ticarət naziri Ömər Bolat Türk Dövlətləri Rəqabət Şurasının ilk iclasında çıxışı zamanı deyib ki, Türk İnvestisiya Fondu və Turan Xüsusi İqtisadi Zonası kimi layihələr türk dövlətləri arasında ticarət həcmini artıraraq iqtisadi inkişafa töhfə verəcək: “TDT-yə üzv ölkələrin bir-birini tamamlayan resurs və istehsal gücləri ənənəvi ticarət yolları üzərindəki coğrafi yeri ilə birlikdə nəzərə alındıqda, təşkilatın regional rolu daha yaxşı başa düşüləcək. İnanırıq ki, bu gün İstanbulda TDT-yə üzv ölkələrin imzaları, Türkiyə Rəqabət Qurumunun ev sahibliyi ilə qurulan TDT Rəqabət Şurasının fəaliyyəti Türk dünyasının rəqabət hüququ və siyasətində yeni bir dövrün başlamasına gətirib çıxaracaq. TDT-Rəqabət Şurası 173 milyon gənc əhalisi, 15 trilyon dollarlıq ÜDM-ni və zəngin təbii sərvətləri ilə türk dövlətləri arasında ticari və iqtisadi əməkdaşlığı daha da irəli aparacaq”.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli bildirib ki, Azərbaycan və Türkiyə rəqabət sahəsində məlumat bazasının inkişaf etdirilməsi üçün nəzəri və praktiki baxımdan təcrübə mübadiləsi aparacaq. O qeyd edib ki, Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlərin rəqabət qurumlarının iştirakı ilə keçirilən iclas çərçivəsində Türkiyə Rəqabət Qurumunun rəhbəri Birol Küle ilə ikitərəfli görüş baş tutub: “Görüşdə qardaş ölkə ilə ticarət əlaqələri və əlverişli investisiya layihələrinin həyata keçirilməsində sağlam rəqabət mühitinin önəmindən bəhs etdik. Qabaqcıl beynəlxalq təcrübə əsasında hazırlanmış və yenicə təsdiq olunmuş Rəqabət Məcəlləsində biznes və rəqabət mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində tətbiq olunan müasir yanaşmalar barədə məlumat verdik. Hər iki qurumda kadr potensialının inkişaf etdirilməsi məqsədilə əməkdaşların uzunmüddətli qarşılıqlı olaraq iş prosesinə cəlb olunması istiqamətində razılığa gəldik". Qeyd edək ki, Türk Dövlətləri Təşkilatına Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstan daxildir. Türkmənistan və Macarıstan isə müşahidəçi ölkələrdir. Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan olmaqla, ümumtürk birliyinin yaranması türkdilli dövlətlər arasında beynəlxalq münasibətlərin bütün sahələrində müstəqil əlaqələrin qurulmasına, türkdilli dövlətlərin əməkdaşlığına, inkişafına geniş imkanlar açır. Yüz illərlə bir-birindən ayrı düşmüş, böyük imperiyaların dövlət siyasəti səviyyəsində həyata keçirdikləri məkrli tədbirlər nəticəsində dövlətçilikdən məhrum edilmiş bəzi türk xalqları yalnız XX əsrdə əsl mənada milli dirçəlişə nail olublar. Müstəqil türk dövlətləri kimi həm ayrı-ayrılıqda, həm də birgə çoxtərəfli münasibətlərdə, beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyət göstərirlər. TDT-yə üzv dövlətlərin ümumi sahəsi 4 milyon 242 min 362 kv km, əhalisinin sayı 149 milyon 817 min 367 nəfərdir. Ümumi Daxili Məhsulun həcmi 1 trilyon 42 milyard 561 milyon dollardır. Bu o deməkdir ki, TDT 200 milyon nəfərin siyasi, iqtisadi, mədəni sahələrdə, təhlükəsizliyin təmin edilməsi istiqamətində birgə fəaliyyət göstərməsi günün tələbidir. Tərəflərin bir-birinin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı, habelə daxili işlərinə qarışmamaq prinsipləri əsasında dövlətlərin siyasi və iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsində əməkdaşlığa üstünlük verməsi də qlobal miqyasda yaranan vəziyyətin şərtlərindən sayıla bilər. TDT-nin başlıca vəzifələrindən biri də bir-birinin təəssübünün çəkilməsidir. Başqa sözlə, türk dövlətlərin xarici siyasət məsələsində, ortaq mövqedən çıxış etməsidir. Bu, təşkilatın beynəlxalq arenada çəkisinin artmasına müsbət təsir göstərər. Bu, TDT-nin iqtisadi, mədəni və təhlükəsizliyin təmin edilməsi baxımından güc mərkəzi olaraq çıxış etməsi imkanlarını artırar. Məlumdur ki, türk etnosunun dövləti olmayan nümayəndələri var. Onlar yaşadıqları ölkələrin siyasi rejimləri tərəfindən assimilyasiyaya uğradılırlar. Bu türklərin dili, mədəniyyəti, milli varlıqları inkar olunur, milli -mədəni hüquqların belə təmin olunması istiqamətində fəaliyyət göstərənlər isə təqib, təzyiq və başqa məhrumiyyətlərə məruz qalır. Odur ki, TDT üzvlərinin ümumtürk mədəniyyətinin inkişafına da diqqət yetirməsi bu kimi problemlərin aradan qalxmasına yardım edər. Yaxud dünyanın müxtəlif ölkələrində türk etnosu nümayəndələrinin diasporları arasında əlaqələrin yaranması, əməkdaşlığı onların yerli mədəniyyət tərəfindən assimilyasiya olunmasının qarşısını alar, türk dövlətlərinin problemlərinin beynəlxalq səviyyədə təbliğatına yardım edər. Beləliklə, TDT-nin güclü, sayılıb-seçilən, beynəlxalq təhlükəsizlik məsələlərində aparıcı rola malik olması üçün qəbul etdiyi qərarları icra etməsi vacib şərtlərdəndir.
Siyasi şərhçi Azər Həsrət "Sherg.az"a açıqlamasında bildirib ki, türk dövlətləri və türk xalqları arasında inteqrasiyasının sürətləndirilməsi, dərinləşdirilməsi istiqamətində atılan hər bir addım təqdir edilməlidir. Ekspert vurğulayıb ki, Rəqabət Şurası da bu yöndə önəmli addımdır:
"İnteqrasiya sadəcə bir istiqamət üzrə olmur. Bu, kompleks yanaşma tələb edən bir məsələdir. Xəbər qarşıma çıxanda sevindim ki, artıq konkret və real işlər görürük. Türk Dövlətləri Təşkilatının güclənməsi istiqamətində real addımlar atılır. TDT bir növ Avropa Birliyinin keçdiyi yolu keçir. AB də qurulanda "kömürün və dəmir filizinin ittifaqı" kimi əndrəbadi bir adı var idi. Amma bu gün Avropa Birliyi 27 ölkəni öz sıralarında birləşdirən nəhəng bir təşkilatdır. Dünya siyasətinə nüfuz etmək imkanına sahib güclü qurumdur. Yəni demək istəyirəm ki, AB də günümüzədək müxtəlif sahələrlə bağlı ortaq qərarlar qəbul edərək, sıralarına yeni üzvləri daxil edərək gücləniblər. Türk Dövlətləri Təşkilatı da bənzər yol keçməkdədir. Düzdür, biz onlara baxanda məsələni bir az kökündən həll etmişik. Dövlətlərarası təşkilat kimi ilk başdan türk ölkələrinin qurumu olaraq birləşmişik. Bu zamana kimi şura, konsey olaraq fəaliyyət göstərirdik. Rəqabət Şurası TDT daxilində inteqrasiyanın dərinləşməsinə əlavə töhfələrini verəcək. Belə addımları çoxaltmaq lazımdır. Hətta TDT-yə üzv ölkələrin futbol komandalarının ortaq yarışlarını keçirmək lazımdır. Həm milli, həm də klub komandalarının yarışlarını təşkil etməliyik. Bu da xalqlar arasında yaxınlaşma üçün böyük effekt verəcək. Eyni zamanda mədəniyyət sahəsi ilə bağlı daha irihəcmli layihələr hazırlanmalıdır".