Problem ondadır ki, Ermənistan birbaşa təmaslar və müzakirələr əvəzinə kənar güclərdən özünə dəstək və təminat almaqla məsələni uzadır
Ermənistan Azərbaycanla sərhədin delimitasiya və demarkasiyadan sonra öz suveren ərazisi haqqında məlumat əldə edəcək. Bunu Ermənistanın Kadastr Komitəsinin rəhbəri Suren Tovmasyan Baş nazir Nikol Paşinyanın Ermənistanın kadastr sertifikatının olmaması ilə bağlı açıqlamasına aydınlıq gətirərkən deyib. Tovmasyan bildirib ki, Baş nazir bəyanatında sərhədlərin delimitasiya edilməməsini nəzərdə tuturdu: "Məmur üçün sərhədlərin delimitasiyası və demarkasiyasının əsas aspekti hüquqi qiymətdir. Yalnız hüquqi qiymət əsasında delimitasiya və demarkasiya prosesinin hansı xəritələrlə aparılacağını söyləmək mümkün olacaq". Xatırladaq ki, ötən gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Bakı və İrəvan arasında müxtəlif səviyyələrdə təmasların olduğunu qeyd edib. Onun sözlərinə görə, tərəflər Prezident və Baş nazir administrasiyaları ilə yanaşı, xarici işlər nazirlikləri və digər dövlət qurumları səviyyəsində də əlaqə saxlayırlar. Sülh sazişi ilə bağlı sənədlərin mübadiləsini XİN həyata keçirir: "Danışıqların vasitəçi ilə, yaxud vasitəçisiz keçirilməsi Ermənistan üçün prinsipial məsələ deyil. Bizə Bakıdan sərhəddə görüş təklifi gəlməyib, amma belə bir təşəbbüs haqqında eşitmişəm”. Qeyd edək ki, rəsmi Bakının sülh prosesini apardığı vaxtda İrəvandan belə açıqlamanın verilməsi Ermənistan tərəfinin sülhdən yayınmaq cəhdləri kimi qəbul edilə bilər.
Ankara Universitetinin professoru, politoloq Toğrul İsmayıl "Sherg.az"a deyib ki, 44 günlük Vətən savaşından sonra Azərbaycan əslində istədiyini əldə edib. Professorun sözlərinə görə, 2023-cü ildə Qarabağda antiterror əməliyyatı ilə demək olar ki, bütün problemləri ortadan qaldırıb:
"Azərbaycan-Ermənistan arasında münasibətlər daha tez müddətdə həllini tapa bilərdi və tapmalı idi. Yəni sülh anlaşması imzalana bilərdi. Çünki Azərbaycan qarşısına qoyduğu hədəflərə çatmışdı, öhdəliklərini yerinə yetirmişdi. Ermənistan da Azərbaycanın ərazi bütövlüyünü tanıdığını iddia edirdi. Təbii ki, ikili görüşlər çərçivəsində sülh anlaşmasının imzalanması müsbət olardı. Problem ondadır ki, Ermənistan birbaşa təmaslar və müzakirələr əvəzinə kənar güclərdən özünə dəstək və təminat almaqla məsələni uzadır. Prosesə başqa gücləri cəlb etməyə çalışır. Amma ümumən, proseslərə nəzər yetirdikdə, sülh sazişinin 2024-cü ildə imzalanma ehtimalı yaxın görünür. Bakının mövqeyi, açıqlamaları konkret və aydındır. Ermənistan da başa düşür ki, artıq başqa yol, çarə yoxdur. O ki qaldı sərhədlərin müəyyənləşməsi, 8 kəndin qaytarılması məsələləri, bunlar bir müddət çəkə bilər".