Milli oyanış artıq qarşısıalınmaz prosesdir - RƏY

İranda milli fəallara qarşı işgəncə və təzyiq metodları artır

  İran təhlükəsizlik məmurları Güney azərbaycanlı bloger və sosial media fəallarını təhdid edirlər. Bildiriblər ki, bir neçə şəhərdə Təhlükəsizlik və Kəşfiyat Nazirliyinin yerli bölmələri fəallara zəng edib, onlara tövsiyələr veriblər. Fəallardan milli məzmunlu marş, mahnı və materialların paylaşımını məhdudlaşdırmaq tələb edilib. Güneyli fəallar bildiriblər ki, təhlükəsizlik məmurları Azərbaycan Respublikasından olan media və sosial media nümayəndələri ilə əlaqə saxlamamağa çağırıblar. Onların sözlərinə görə, məmurlar fəalları qeyd olunan məsələlərə diqqət etmədikləri təqdirdə məsuliyyətə cəlb olunacaqları ilə hədələyiblər. Xatırladaq ki, 44 günlük Vətən müharibəsindən sonra fars-molla rejiminin Güney Azərbaycandakı soydaşlarımıza, milli fəallarımıza qarşı başlatdığı təzyiq dalğası ötən ilin sentyabrında Qarabağda separatizmə son qoyulmasından sonra kəskin xarakter alıb. Azərbaycanın tarixi uğurlarından sonra Tehran rejimi soydaşlarımızın üzərinə daha çox getməyə başlayıb. 
  AMEA-nın əməkdaşı, türkoloq-alim Faiq Ələkbərli "Sherg.az"a açıqlamasında bildirib ki, son aylarda İran adlı ölkənin təhlükəsizlik və hüquq-mühafizə orqanları milli fəallarımıza qarşı daha ciddi addımlar atırlar. Alim vurğulayıb ki, həbs olunanların işgəncələrə məruz qalması, digərlərinin təhdidlərlə, təzyiqlərlə üzləşməsi, onlara nəzarətin güclənməsi açıq-aşkar ortadadır:

"Bunların səbəbi Güney Azərbaycanda, eləcə də, İran adlı yerin türklər yaşayan başqa bölgələrində ümumi fəallığın artmasıdır. Artıq milli oyanış son illərlə müqayisədə əhalinin bütün təbəqələrinə öz təsirini göstərir. Soydaşlarımız molla-fars rejiminin təhdidləri altında yaşamaq, insanlığa zidd davranışlara məruz qalmaq istəmirlər. O baxımdan rejimin insanlıqdan uzaq addımları soydaşlarımızın hiddətinə səbəb olmaqdadır. Əlbəttə, hər kəsi həbs etmək mümkün deyil. Əgər bunu etmək istəsələr, gərək onminlərlə insanı zindana atsınlar. Ona görə də təhdid və təzyiq metodlarına üstünlük verirlər. Soydaşlarımızın milli məsələlərdən, türklüklə bağlı məqamlardan uzaqlaşması üçün əllərindən gələni edirlər. Ancaq milli oyanış artıq qarşısıalınmaz prosesə çevrilməkdədir". 
  F.Ələkbərlinin qənaətincə, güneyli soydaşlarımızın Azərbaycan Respublikasına və quzeydəki qardaşlarına sevgilərinin, diqqətlərinin daha üst səviyyəyə çıxması təbiidir: "30 il əvvəlki durumla indiki dövr bir-birindən çox fərqlidir. Ötən dövrdə, xüsusən son 3 ildə kifayət qədər ciddi, önəmli tarixi hadisələr yaşanıb. Güneyli soydaşlarımız ərazi bütövlüyünü və suverenliyini təmin etmiş güclü Azərbaycan Respublikasına daha həssas yanaşmağa başladılar. Dövlət atributlarımıza, bayrağımıza və himnimizə marağın artması da bunun təzahürüdür. Biz birik, sahib olduğumuz dəyərlər də birdir, ortaqdır. Heç kim Təbrizi Azərbaycandan, güneyi quzeydən ayıra bilməz. Fars-molla şovinist rejimi qadağalarla nəyəsə nail olmayacaq. Bu, elə bir təbii prosesdir ki, bunun önünü kəsmək, buxovlamaq qeyri-mümkündür. Həbslər, işgəncələr, məhdudiyyətlər əks nəticə verər və milli oyanış prosesi daha da sürətlənər. Növbəti mərhələdə onminlərin yüzminlərə, yüzminlərin isə milyonlara çevrilməsinin şahidi olacağıq".