COP29 Azərbaycan cəmiyyətinə bir sıra yeniliklər gətirəcək -EKSPERT 

Davranış qaydalarında belə yeniliklər olacaq

  Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Belə ki, ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün olan bərpa olunan enerji mənbələrinin potensialı 27 000 MVt, o cümlədən, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.
Enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq, Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir.
  Ölkə başçısı ötən gün keçirilən andiçmə mərasimində də bərpa olunan enerji növlərinin və bu sahədə infrastrukturun inkişaf etdirilməsinin əhəmiyyətdən və bu istiqamətdə atılan real addımlardan  bəhs edib: “Ölkə iqtisadiyyatının inkişafı üçün vacib vəzifələrdən biri bərpaolunan enerji ilə bağlıdır. Burada da biz ön sıralardayıq, artıq işlərə start verilib. Bizim planlarımıza görə, 2030-cu ilin sonuna qədər Azərbaycanda 5 min meqavata yaxın bərpaolunan enerji növləri, yeni enerji növləri yaradılmalıdır, əsasən günəş, külək və hidro – su elektrik stansiyaları. Dediyim rəqəm tam realdır, bu, artıq imzalanmış kontraktlar əsasında olacaqdır”. Niyyət protokolları isə daha böyük rəqəm haqqında bəhs edir, təqribən 10 min meqavat. Beləliklə, biz böyük həcmdə təbii qazımızı ixrac edə biləcəyik, ona qənaət olunacaq. Elektrik enerjisinin böyük hissəsi bərpaolunan enerji hesabına istehsal ediləcək. Biz iqlim dəyişikliyi məsələlərinə də öz töhfəmizi vermiş olacağıq, xüsusilə nəzərə alsaq ki, Azərbaycan bu il COP29-a - dünya miqyasında ən böyük beynəlxalq konfransa ev sahibliyi edəcəkdir. Ona görə bərpaolunan enerji növləri ilə bağlı bizim hədəflərimiz aydındır”. 
  Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 25 dekabr 2023-cü il tarixdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncam Azərbaycanın qlobal təşəbbüslərə ilk qoşulan ölkələrin sırasında olduğunu bir daha sübut edir. Digər tərəfdən dövlət başçımızın 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsi bütün il ərzində bu sahədə fəaliyyətimizi genişləndirəcəyimizdən və ətraf mühitin qorunması istiqamətində görüləcək işlərin xeyli dərəcədə intensivləşəcəyindən xəbər verir.
  Sərəncamda qeyd edildiyi kimi, Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Azərbaycan baza ili (1990) illə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürüb. İki il əvvəl isə qlobal iqlim dəyişikliklərinə qarşı mübarizəyə ölkəmiz 2030-cu ilə qədər istehsal olunan elektrik enerjisinin 30 faizini bərpa olunan enerji ilə əvəz olunması ilə bağlı könüllü öhdəlik götürüb. 
  2024-cü ildə isə  COP 29 tədbirinə Azərbaycanın ev sahibliyi təsdiq edilib. Dünya birliyinin bir daha Azərbaycanı bu mötəbər tədbirdə dəstəkləməsinin əsasında ölkəmizin qazandığı nüfuzu və etibarlı tərəfdaş kimi özünü təsdiq etməsi dayanır. Azərbaycan həm bərpaolunan enerji yaradır, həm də sürətlə yaşıllaşdırma işlərini davam etdirir. Cari ilin noyabrında ölkəmizdə keçiriləcək COP29 beynəlxalq konfransda Azərbaycan iqlim dəyişikliklərinə verdiyi töhfələrini əyani şəkildə dünya ictimaiyyətinə çatdıracaq və bütün dünyanı bu qlobal çağırışa həmrəylik göstərilməsində birləşdirəcəkdir. Eyni zamanda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ölkəmiz COP29-da əhəmiyyətli qərarların qəbul olunmasına təşəbbüs nümayiş etdirməklə yenə də özünün dünya liderliyini bir daha təsdiq edəcəkdir.

  Neft Araşdırmaları Mərkəzinin rəhbəri  İlham Şaban "Sherg.az" qeyd edib ki, ənənəvi enerji öz yerini tədricən ekoloji cəhətdən təmiz, “yaşıl enerji”yə verir. Bu prosesdə isə  ilk növbədə, insan ruhu ilə ətraf mühit arasında bir həmahənglik formalaşmalıdır. Yəni insan təkcə evində qazdan, kömürdən istifadə etməklə ətraf mühitə ziyan vurmur. Yaponiyada hələ uşaq bağçasında təbiətə münasibət, zibillərin çeşidlənməsindən tutmuş digər məsələlərədək davranış formalaşdırılır: 

“Qlobal istixana effekti yaradan qazların emissiyalarının cəmi 0,15 faizi ölkəmizin payına düşür. Buna baxmayaraq, emissiyaları azaltmaq üzrə ölkəmiz iddialı hədəflər qəbul edib. Ssenarilərə uyğun olaraq qlobal istiləşməni 1,5 dərəcə daxilində saxlamaq məqsədilə, 1990-cı illə müqayisədə istixana effekti yaradan qazların emissiyalarının 2030-cu ilə qədər 35 faiz azaltmaq hədəf götürülüb. Bununla yanaşı, Azərbaycan 2050-ci ilə qədər istixana effekti yaradan qazların emissiyalarının 40 faiz azaldılmasını qarşıya mühüm bir vəzifə kimi qoyub. 
  Azərbaycan təkcə bu hədəflə kifayətlənmir. Ölkəmiz, eyni zamanda düşməndən təmizlənən ərazilərimizdə münaqişə sonrası həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq layihələrinin reallaşdırılması zamanı ekoloji cəhətdən təmiz texnologiyalara, həmçinin “ağıllı” və “yaşıl” yanaşmalara əsaslanır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “yaşıl enerji" zonasının yaradılması, dayanıqlı kənd təsərrüfatı, ekoloji cəhətdən təmiz nəqliyyat, “ağıllı” şəhər və kəndlər kimi innovativ yanaşmalar və minlərlə hektar sahədə meşələrin bərpası vasitəsilə işğalçıdan təmizlənən torpaqların 2050-ci ilə qədər “Karbon neytral” zonasına çevrilməsi qarşıya mühüm hədəf kimi qoyulub”.

  İ.Şabanın sözlərinə görə, COP29-un Azərbaycanda keçirilməsi özü ilə bərabər bir sıra yeniliklər, baxışlar formalaşdıracaq. Bu beynəlxalq tədbir daha çox fəlsəfi mənada ölkəmizə müəyyən davranış qaydaları gətirəcək: 
“2012-ci ildə Bakıda "Avroviziya" mahnı müsabiqəsi keçirilməsindən sonra bizdə elektron ticarət, yəni kartlarla ödəniş geniş vüsət aldı. 2015-ci ilin Avropa Oyunları zamanı Azərbaycan vətəndaşları ilk dəfə təmiz enerji ilə işləyən nəqliyyat növünün şahidi oldular. Gətirdiyim bu misallara əsasən, deyə bilərəm ki, Azərbaycan vətəndaşlarının postsovet məkanı və yaxud digər ölkələrin, eləcə də Şərq dövlətlərinin insanlarından bir üstün cəhəti var ki, biz qanuna, qaydalara daha tez alışan xalqıq. Rusiyada, Moskva kimi iri şəhərlərdə avtobuslarda kartla ödənişin tətbiqinə başlandıqda insanlarda buna bir qədər etinasızlıq var idi. Hətta turniket qoymuşdular. Azərbaycanda isə cəmi-cümlətanı 3 ay zaman kifayət etdi ki, insanlar ön qapıdan minib arxa qapıdan düşsünlər. Şübhəsiz, bəzi məqamlarda neqativ hallar oldu, bunu etiraf etmək lazımdır. Ancaq qanunla bütün insanlar buna alışdı. 2017-ci ildə keçirilən İslam Oyunları zamanı artıq elliklə kartdan istifadə etmək, ondan yararlanmaq meyli formalaşmışdı. 
Bu baxımdan hesab edirəm COP29 da Azərbaycan cəmiyyətinə bir sıra yeniliklər gətirəcək. Şərt o deyil ki, evlərin damında günəş panelləri, həyətlərdə kiçik külək pərləri olsun”.