Sərhədçilərimiz yüksək döyüş vəziyyətindədir - RƏY

Hərbi ekspert deyib ki, dünyanın çox az  ölkəsində sərhədçilərin müharibə təcrübəsi olur
 
 
 Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində  sərhədlərin qorunması ilə bağlı da danışıb. Prezident deyib ki, sərhədlərimizi daha da güclü qorumalıyıq: “Bunu da qarşıya önəmli vəzifə kimi qoyuram. Sərhədimiz elə möhkəm bağlı olmalıdır ki, bir quş belə uça bilməsin. Sərhədlərimizin qorunması, eyni zamanda bizi xarici risklərdən qoruyacaq. Çünki ölkə daxilində risklər yoxdur. Bütün mümkün olan potensial risklər ölkəmizin hüdudlarından kənarda yerləşir və formalaşır. Təhlükəsizlik tədbirlərinin bundan sonra da görülməsi vacib vəzifə kimi qarşıya qoyulur. Biz özümüzü təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və sərhədlərimizin möhkəmləndirilməsi nəticəsində həm fiziki risklərdən qorumalıyıq, həm də özümüzü ideoloji risklərdən qorumalıyıq. İdeoloji risklər sərhəd tanımır, xüsusilə indiki şəraitdə...”.
 Prezidentin nitqini şərh edən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev deyib ki, sərhədlərin qorunması, ərazi bütövlüyü, eyni zamanda Azərbaycan ərazisi suverenliyinə qarşı təhdidlərin qarşısının alınması üçün ordu quruculuğunun davam etdirilməsi, sərhəd təhlükəsizliyinə müvafiq strukturların daha da təkmilləşməsi və bunun üçün aparıcı texnologiyalardan istifadə olunması çox önəmlidir:

“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində addımlar atılır, erməni havadarları, Qərb və digər dövlətlər isə məhz bu istiqamətdə Ermənistandan istifadə edərək, ikili siyasət yürüdür. Bütün bunlar təbii ki, gündəmdədir. Buna görə də güclü Azərbaycan Ordusunu daha da təkmilləşdimək, eyni zamanda kadr potensialı ilə gücləndirmək lazımdır.
 Bilirsiniz ki,  44 günlük müharibədən sonra Ermənistanla şərti sərhəddə yeni bir təmas vəziyyəti yaranıb. Halbuki 1994-cü ildə imzalanan atəşkəsdən sonra Ermənistanla Qazax rayonu istiqamətdə yeni sərhəd infrastrukturu formalaşmışdı. Vətən müharibəsindən sonra yaranan yeni  yaranmış təmas vəziyyətimizdə həm Müdafiə Nazirliyinin birinci eşolon bölmələrinin, xüsusən də, birlik və birləşmələrin cavabdehlik zolaqlarıdır.
 İki dövlət arasında hələ ki sülh müqaviləsi imzalanmadığı üçün şərti sərhəd  Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına təhvil veriləcək. İndiki vəziyyətdə isə Ermənistanla şərti sərhədləri birinci eşolon bölmələrinin hərbiçiləri ilə sərhədçilərimiz  döyüş növbətçiliyi formatında təhlükəsizliyimizi təmin edirlər.
 Sülh müqaviləsi imzalanandan sonra  yaranacaq yeni sərhəd infrastrukturu Arazdan-Murova qədər olan əraziləri əhatə edəcək. Bu isə respublikamızın aktiv əməliyyatlar aparılan rayonlarını, yəni Ermənistanla şərti sərhədi olan  Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər istiqamətlərinə düşür. Həmin ərazilərdə sərhəd infrastrukturu sırıfdan yaradılacaq. Bunun üçün də sərhədlərimizin delimitasiya-demarkasiyası müəyyənləşməlidir.
Amma bu, indiki reallıqda sərhədlərimizin nəzarətsiz olduğu anlamına gəlməməlidir. Ermənistanla şərti sərhədlərimizin qorunması əhalinin və dövlətin  təhlükəsizliyini təmin edəcək səviyyədə  təmin edilir. Ermənistan tərəfindən Azərbaycana keçərək təxribat törətmək istəyən diversiya qruplarının zərərsizləşdirilməsi də bunun sübutudur. Həm DSX hərbiçiləri, həm də MN Birinci eşolon bölmələrinin hərbiçiləri öz xidməti vəzifələrinin öhdəsindən yetəri qədər gəlirlər”.  
 Sərhədlərimizin təhlükəsizliyinin gücləndirilməsi istiqamətində  görüləcək işlərin həddindən artıq çox olduğunu vurğulayan E.Şıxəliyevin sözlərinə görə, Azərbaycanı xarici risklərdən qoruyacaq yeni sərhəd infrastrukturunun yaradılması üçün dövlət büdcəsindən ayrılan vəsait artırılmalı, həm də qurumun ştat strukturunda  kifayət qədər dəyişikliklər edilməlidir: “Çünki burada söhbət 1200 kilometrlik bir ərazinin  qorunmasından gedir.  Ölkə  başçısının da andiçmə mərasimində məhz bu mövzuya yer ayırması məsələnin  prioritet olduğunu göstərir”.
 Sərhədçilərimizin yüksək döyüş taktikasına bələd olduğunu vurğulayan E.Şıxəliyev deyib ki, dünyanın çox az  ölkəsində sərhədçilərin müharibə təcrübəsi olur: “Vətən müharibəsi zamanı bizim DSX hərbiçiləri döyüş tapşırıqlarının yerinə yetirilməsi istiqamətində çox böyük təcrübə əldə etdilər. DSX-nin hərbi hissələri kifayət qədər modern, 4-cü nəsil texnologiyaları ilkə dəstəklənən pilotsuz uçuş aparatları ilə təmin edilib. Şərti sərhədlər dövlət sərhədi statusu aldıqdan sonra mövcud sahədəki digər çatışmazlıqlar da aradan qaldırılacaq və sərhədlərimizin təhlükəsizliyi maksimum səviyyədə təmin ediləcək”.