İmamoğludan Akşenerə: "Boş zamanlarında İstanbula gələn şəxslər bu şəhəri idarə edə bilməz"

İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlu İYİ Partiyanın rəhbəri Meral Akşenerin "əli partiya mərkəzində, gözü başqa postlarda olan, boş zamanlarında İstanbula gələn şəxslər bu şəhəri idarə edə bilməz" sözlərinə münasibət bildirib. 
"Sherg.az" Türkiyə mediasına istinadən xəbər verir ki, İmamoğlu həqiqəti əks etdirməyən mənasız iddialara cavab vermək istəmədiyini deyib. İmamoğlu rəqibinin çox olduğunu söyləyib və bildirib ki, rəqibləri seçki boyu onun haqqında tutarsız, yalan ittihamlar səsləndirəcəklər: "Bunları hansı partiyanın, hansısa liderinin söyləməsi fərq etməz. Sırf mənimlə bağlı iddialara cavab verməyəcəm, amma İstanbulla əlaqələri təkliflər, iradlar varsa, onları cavablandıracam. Mən 16 milyon insana son 5 ilin hesabatını verəcəm. Gələcək 5 il üçün layihələrimizi də seçicilərin diqqətinə çatdıracağıq. 

"Kurum heç vaxt mümkün olmayacaq vədlər verir.."

İmamoğlu AK Partiyadan İstanbul bələdiyyəsinə namizəd Murat Kurumun "Don Kixot" bənzətməsi və “Yel dəyirmanları ilə döyüşürlər, böyük qəhrəmanlıq göstərdiklərini zənn edirlər” sözlərini də şərh edib. O deyib ki, cənab nazir böyük şokdadır: "Hər gün yeni bir ekoloji faciə ilə qarşı-qarşıya qalır və yaratdığı problemlərlə, insanları bədbəxt edən layihələrlə, bir çox mövzunun yaratdığı travma ilə hər hansı sözdən istifadə etməyə çalışır. Naziri çox yaxşı tanıyıram. Ona həyəcana qapılmamağı məsləhət görərdim. Çünki o, heç vaxt mümkün olmayacaq prosesləri vəd kimi qələmə verir. Məsələn, 650 min ev tikiləcəyini deyir. Əkrəm İmamoğlu və komandasının irəli sürdüyü uğurlu layihələri kölgədə qoymaq istəyirlər. Kaş ki, hakimiyyət daha keyfiyyətli kampaniya apara bilsin. Biz İstanbul üçün kifayət qədər mürəkkəb layihələri həyata keçirmişik və etməyə də davam edirik".

"Martın 31-də bunlara ciddi bir demokratiya dərsi verəcəyik"

Prezident R.T.Ərdoğanın Hatay və Ordudakı açıqlamaları ilə bağlı sualı cavablandıran Əkrəm İmamoğlu “Prezident açıq şəkildə elə açıqlamalar verir ki, bölgədəki insanları şoka salır" deyib. İmamoğlu "Ərdoğan tarixində ilk dəfədir ki, Qara dənizə bu qədər kiçik bir izdihamla səfər edir" söyləyib: "Düşünürəm ki, martın 31-də bunlara ciddi bir demokratiya dərsi verəcəyik. 23 iyun 2019-cu ildə onlara elə bir ibrət dərsi verdik ki, hakimiyyətdə qalan müddət ərzində onların daha çox çalışmasına səbəb olduq. İnflyasiyaya, yoxsulluğa qarşı mübarizə aparsınlar, pensiyaçıların vəziyyətini yaxşılaşdırsınlar. Əhali arasına çıxanda ətrafdakı insanların ümidsizliyini hiss edirəm".