DİN: Məktəbli qızların qeyri-etik davranışına dair görüntülər araşdırılır

156 nömrəli məktəbin XI sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) yanvarın 17-si məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz hərəkətlər edərək videoya çəkib.

Məktəbdən APA-ya verilən məlumata görə, məktəb rəhbərliyi və psixoloq tərəfindən şagird və valideyni ilə söhbət aparılıb, müvafiq tədbirlər görülüb.

Valideyn tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub, aidiyyəti üzrə şagird və valideynlərin izahatları alınıb, araşdırma davam edir.

Sosial mediada məktəbli qızların başqa bir məktəbliyə qarşı qeyri-etik davranmalarına dair görüntülər yayılıb.

Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov APA-nın sorğusuna cavab olaraq bildirib ki, videogörüntülərdən məlumatlıdırlar: "Sözügedən hadisə nəzarətə götürülüb. Hazırda araşdırma gedir, iş üzrə ekspertiza təyin olunub. Araşdırmaların nəticəsindən asılı olaraq müvafiq tədbirlərin görülməsi təmin olunacaqdır",- sorğuya cavabda qeyd olunub.