206 məktəbdən 116-ya düşdü: Gürcüstandakı azərbaycandilli məktəblər yox olur - SOS

  • “20 ildən çoxdur müəllim hazırlanmır, ana dili dərslərini qeyri-ixtisas müəllimləri keçir"
  • "Dərsliklərdə kobud dil səhvləri var, məktəblərdə kadr çatışmazlığı hökm sürür"

Oktyabrın 6-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) "Maarif" təşkilatının direktoru, iqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayevanın "Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" adlı kitabının təqdimat mərasimi keçirilib.

Sherg.az xəbər verir ki, Soydaş İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın İrandakı keçmiş səfiri, professor Nəsib Nəsibli, Milli Məclisin deputatı Fazil Mustafa, əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, siyasi şərhçi Azər Həsrət, AMEA-nın akademikləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirin əsas müzakirə mövzusu Gürcüstanda azərbaycandilli məktəblərin sayının ilbəil azalması dinamikası olub. Qeyd olunub ki, 1989-cu ildə Gürcüstanda 206 azərbaycandilli məktəb fəaliyyət göstərdiyi halda, 2026-cı ilə olan göstəricilərə görə bu rəqəm 116-ya enib.

Tədqiqatın müəllifi Aygül İsayeva məktəblərin sayının azalmasına təsir edən başlıca amillərə toxunaraq bildirib ki, prosesin əsas səbəblərindən biri soydaşlarımızın öz övladlarını daha çox gürcüdilli bölmələrə yerləşdirməyə üstünlük vermələridir. A.İsayeva, həmçinin kadr çatışmazlığını və infrastrukturun zəifliyini mühüm amillər sırasına daxil edib. O vurğulayıb ki, azərbaycandilli şagirdlərin təhsil göstəriciləri gürcü və rus bölmələrində təhsil alan həmyaşıdları ilə müqayisədə xeyli geriləyir. Tədqiqatçının sözlərinə görə, bu geriliyin əsas səbəbi kadr təminatındakı çətinliklər və tədrisin keyfiyyətinin aşağı olmasıdır.

Məktəblərdəki acınacaqlı infrastruktur vəziyyətini diqqətə çatdıran müəllif, bəzi təhsil müəssisələrində istilik təminatında ciddi problemlərin yaşandığını, siniflərin qızdırılması üçün odun əvəzinə rezin materiallardan (qaloşlardan) istifadə olunduğunu bildirib.

Kadr problemindən bəhs edən A.İsayeva qeyd edib ki, ixtisaslı kadr çatışmazlığı səbəbindən Ana dili və ədəbiyyatı dərslərini qeyri-ixtisas müəllimləri tədris etmək məcburiyyətində qalırlar:

“Artıq 20 ildən çoxdur ki, Gürcüstanda Azərbaycan dili və ədəbiyyatı müəllimi hazırlanmır. Ana dili və ədəbiyyat fənnini bu ixtisasa aid olmayan, məsələn, idman müəllimləri tədris edirlər. Ədəbiyyat dərslikləri Azərbaycan dilində Gürcüstana göndərilsə də, yerdə qalan bütün dərsliklər gürcü dilindən tərcümə olunur. Lakin gürcü dilindən edilən tərcümələrdə Azərbaycan ədəbi dilinin normaları kobud şəkildə pozulur”.

Mərasimdə, həmçinin Gürcüstanın Milli Tədris Planında "Azərbaycan dili və ədəbiyyatı" adında müstəqil fənnin yer almadığı, tədrisin "Etnik azlıqların dili" adı altında həyata keçirildiyi vurğulanıb. Ana dilində dərs saatlarının azaldılmasının isə Gürcüstan hökumətinin tələbləri ilə bağlı olduğu diqqətə çatdırılıb.

A.İsayeva Gürcüstandakı azərbaycandilli məktəblərdə VII sinif tarix dərsliyi üçün hazırlanmış iş dəftərinin üz qabığının erməni dilində çap olunduğunu da diqqətə çatdırıb.

Dərsliklərin tərcüməsi üçün xüsusi ekspert qrupunun yaradılmasının vacibliyini vurğulayan müəllif, bu heyətdə azərbaycanlı mütəxəssislərin təmsil olunmasının zəruriliyini və Azərbaycan hökumətinin layihəyə dəstək verməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Çıxış edən qonaqlar təqdim olunan kitabın Gürcüstanda ana dilli təhsilin mövcud vəziyyətinin öyrənilməsi və problemlərin həlli baxımından mühüm mənbə olduğunu qeyd edərək, müəllifə gələcək elmi fəaliyyətində uğurlar arzulayıblar.