Bizi birləşdirən ən böyük dəyər dildir

Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

Ana dili uğrunda böyük qurbanlar verilib, onu hər gün, hər saat qorumalıyıq

“Xaricdəki soydaşlarımız arasında milli kimliyin formalaşdırılması, milli dəyərlərimizin, mədəniyyətimizin, dilimizin, həmrəyliyimizin təbliği gücləndirilməlidir”

  21 Fevral dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur.
Bu gün UNESKO-nun 1999-cu il noyabr tarixində keçirilən Baş konfransının 30-cu sessiyasında təsis edilib və 21 fevral 2000-ci ildən dünyada dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq üçün qeyd edilir.
  Məqsəd dünya xalqlarının dil və mədəniyyət rəngarəngliyinin, məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunmasıdır. Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır.
  Dil hər bir millətin maddi və mənəvi irsini qoruyub inkişaf etdirən ən mühüm, ən güclü vasitələrdən biridir. Dil ünsiyyət vasitəsi olmaqla yanaşı, həm də millətin simasını səciyyələndirən amillərdəndir. O, hər hansı bir xalqın varlığının təzahürü, onun milli sərvəti, qan yaddaşıdır. Tarixini, mədəniyyətini, zəngin söz xəzinəsini əsrlərdən-əsrlərə çatdıran milli sərvətidir. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında müstəsna əhəmiyyət kəsb edir. Hər bir insan öz ana dilini yaxşı bilməli, onun saflığını qorumalıdır.
Hər bir xalqın öz Ana dili onun milli sərvəti, varlığının təsdiqi, həmçinin milli kimliyidir. Millətin dili, əlifbası onun millət olaraq formalaşmasında vacib şərtlərdən biri kimi qəbul edilir. Xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, birinci növbədə onun Ana dilində öz əksini tapır. Ana dili həm də çətin tarixi-siyasi dövrlərdə millətin varlığının yaşadılması üçün əsas vasitələrdən də hesab olunur. Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması Ulu Öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olub. Bu sənəd Ümummilli Lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir.
  Ana dilimizin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi hamımız üçün qürurverici haldır. Bu səbəbdən, Ümummilli Lider Heydər Əliyevin qeyd etdiyi kimi, "İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir".
  Hazırda bu ənənələri Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlətimizin başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamı və bu istiqamətdə görülən digər işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür.
  Azərbaycan dili öz qrammatik quruluşuna görə zəngin, fonetik ahənginə görə qeyri-adi gözəlliyə malik dildir. Bu gün dünyanın müxtəlif ölkələrində 50 milyondan çox azərbaycanlı öz ana dilində danışır. Ana dilimiz xalqımızın milli varlığını müəyyən edən, azərbaycançılıq məfkurəsinin əsasında duran mühüm amillərdən biridir. Ana dilimizin saflığını qorumaq, inkişaf etdirmək hər birimizin müqəddəs borcudur.
  Azərbaycan dili əsas dövlət atributlarımızdan biridir. Ana dilimiz azərbaycançılıq ideologiyasının da mühüm elementi, onun siyasi və sosial-mədəni dayağıdır. Əvvəla ona görə ki, Azərbaycan dili həm müstəqil dövlət kimi getdikcə güclənən ölkəmizdə, həm də dünyada yaşayan çoxmilyonlu soydaşlarımızın ünsiyyət vasitəsi və onların mənəvi doğmalığının əsasıdır.
Xüsusilə, qloballaşan dünyada azərbaycanlıların digər xalqlara assimilyasiyasının qarşısını almaq, milli kimliyinin, mənəvi dəyərlərinin qorunub saxlanılması üçün ana dilinin çox böyük rolu var.
Dünən “Hədəf” liseyində 21 fevral – Beynəlxalq Ana dili Günü münasibəti ilə tədbir keçirilib.
  Tədbirdə “Hədəf” şirkətlər qrupunun qurucusu, dosent Şəmil Sadiq çıxış edib. Daha sonra liseyin şagirdlərinin ifasında Azərbaycan mətbuat tarixi və ana dilimizin inkişafı ilə bağlı səhnəciklər göstərilib, Azərbaycan dilinin tarixi, keçdiyi yol və zənginliyi haqda məlumat verilib.
Tanınmış ziyalıların, ictimai-siyasi xadimlərin dəvət olunduğu tədbirdə millət vəkili, Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, şair Rüstəm Behrudi çıxış ediblər.
  Tədbirin yüksək səviyyədə və ruh yüksəkliyi ilə hazırlandığını xüsusi vurğulayan Sabir bəy bildirib ki, ana dili ilə bağlı maarifləndirici tədbirlərin önəmi olduqca böyükdür: “Hər bir insan ana dilinin incəliyinə bələd olmalı, onun böyüklüyünü, qüdrətini dərk etməlidir. Belə tədbirlər dilin imkanlarının uşaqlara, yeniyetmələrə izah edilməsi baxımından da önəmlidir. Odur ki, bu cür tədbirləri alqışlayır, dilimizin bu günü və gələcəyi baxımından əhəmiyyətli hesab edirəm. Ana dili uğrunda Azərbaycan xalqı böyük mübarizələr aparıb, qurbanlar verib, fədakarlıqlar göstərilib. Şükürlər olsun ki, Azərbaycan türkcəsi bu sıxıntılardan qurtarıb. Dilimiz dünyada tanınan, qəbul edilən bir dövlətin dilidir və dövlət səviyyəsində qorunur”.
  Şair Rüstəm Behrudi Azərbaycan türkcəsinin qorunması və latın qrafikasına keçid işində Sabir Rüstəmxanlı ilə birgə çalışdıqları “Azərbaycan” qəzetinin rolundan danışıb.
Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə də "Sherg.az"a açıqlamasında deyib ki, bu gün dünya azərbaycanlılarının əsl hüquq azadlıqlarını, milli kimliyini və müstəqil dövlətçilik tarixini bilməsi və ana vətənə bağlılığı mühüm əhəmiyyət kəsb edir:

“Milli kimliyi, eləcə də mənəvi dəyərlərimizi özündə əks etdirən dil, din, azərbaycançılıq ideologiyası, vətənpərvərlik, mədəniyyət, adət-ənənələr, musiqimiz, maddi-mənəviyyat nümunələri və s. insanın formalaşmasında əsas amillərdən biridir.
  Azərbaycanlıların cəmiyyətə inteqrasiyasının sürətləndirilməsi, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması Azərbaycan diasporunun qarşısında duran prioritet vəzifələrdir.
  Milli dəyərlərimizin təbliğ olunması ilə dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaq, milli düşüncənin inkişafına, onları ictimai müstəvidə silahlandırmaq və ümummilli mənafelər naminə səfərbər etmək olar. Nəzərə çatdıraq ki, bu məsələ ilə bağlı Prezident İlham Əliyev dəfələrlə xaricdəki soydaşlarımıza çağırış edib.
Xaricdə yetişən nəsil, məhz bu prosesin içərisində özünü dərk edərək, mövqeyini müəyyənləşdirməlidir.
  Dünya azərbaycanlılarının ideoloji birliyi üçün milli kimliyin formalaşdırılması, mədəniyyətimiz, adət və ənənələrimiz, ana dilimiz, ümumiyyətlə, onlara milli dəyərlərin aşılanması, eyni zamanda soydaşlarımızın bu dəyərlərin təbliği işinə təşviq edilməsi istiqamətində bizim təşkilat mütəmadi olaraq layihələr həyata keçirir. Xalqımızın milli varlığını ifadə edən rəmzlərə, adət-ənənələrə, mədəniyyətə, ana dilinə məhəbbət, tarixi köklərə bağlılıq, bəşəri ideallara hörmət milli kimliyin mahiyyətini təşkil edir. Bizim məqsədimiz də bu dəyərlərin dünya azərbaycanlıları arasında əsas birləşdirici faktora çevrilməsinə, onların milli-mənəvi birliyinin möhkəmləndirilməsinə və hüquq azadlıqlarının qorunmasına töhfə verməkdir”.
  F.Hüseynzadənin sözlərinə görə, xaricdə yaşayan soydaşlarımızın heç də hamısı milli kimliklərini, mədəniyyətimizi, adət və ənənələrimizi, ana dilimizi istənilən səviyyədə qoruya bilmir: “Xüsusən də, xaricdə dünyaya gələn azərbaycanlı gənclərin əksəriyyəti Azərbaycan dilində danışa bilmir. Xaricdəki azərbaycanlı ailələrin böyük əksəriyyətində bu problem yaşanır və onlar bundan ciddi narahatdırlar. Bu kimi neqativ halların qarşısının alınması üçün xaricdəki soydaşlarımız arasında milli kimliyin formalaşdırılması, adət-ənənələrimizin, milli dəyərlərimizin, mədəniyyətimizin, dilimizin, həmrəyliyin, vətənpərvərliyin təbliği gücləndirilməlidir. Eyni zamanda xaricdəki azərbaycanlıların cəmiyyətə inteqrasiyasının sürətləndirilməsi, ictimai-siyasi fəallığının artırılması, hüquq və azadlıqlarının müdafiəsi möhkəmləndirilməlidir".