Alim vəsiyyəti ilə heyrətləndirib

O, öldükdən sonra beyninin dondurulmasını və 300 il sonra çıxarılmasını vəsiyyət edib

  Çinli alim Li Zehou dünyanı vəsiyyəti ilə heyrətləndirib. “Sherg.az” “Miliyet.com.tr”yə istinadən bildirir ki, alim öldükdən sonra beyninin dondurulmasını və 300, ya da 500 il sonra çıxarılmasını vəsiyyət edib. Həmçinin məzarına başdaşı qoyulmamasını istəyib. Alim vəsiyyətini 14 il öncə edib, lakin bu gün də əsl səbəb bilinmir. Li Zehou, 1954-cü ildə Pekin Universitetini fəlsəfə ixtisası üzrə bitirib. Çin Sosial Elmlər Akademiyasında elmi tədqiqatçı olaraq çalışmağa başlayıb. “Paris College International de Philosophie”də ştatdankənar müəllim işləyib. Bundan sonrakı həyatı boyunca beyinlə bağlı elmi araşdırmaları təqib edib və fəlsəfə sahəsində tədqiqatlara qoşularaq biliklərini realizə edib. O, 1980-ci illərdə Çin alimləri tərəfindən qəbul olunub və çin estetikası və fəlsəfəsi sahəsində tanınan şəxsə çevrilib. Çin və Fransa da daxil, dünya miqyasında müxtəlif tədqiqat institutlarında işləyib. 1992-ci ildə ABŞ-yə köçüb və 1999-cu ildə təqaüdə çıxanadək Colorado kollecində müəllimlik edib. Müasir elm adamı olaraq qəbul edilən Li Zehou, 2021-ci ildə 91 yaşında Koloradoda vəfat edib. Li Zehou, son arzusunu ilk dəfə 2010-cu ildə, 80 yaşında olarkən “Southern People Weekly” dərgisinə verdiyi müsahibəsində açıqlayıb. "Bir məzar daşım olmayacaq, amma beynimi donmuş halda qoymalıdırlar. 300, ya da 500 il sonra çıxarsınlar. Bunu həyat yoldaşıma və övladıma da söyləmişəm. Bəzi insanlar bu şəkildə dirilə biləcəklərini zənn edərlər, amma mən bir daha həyata qayıtmağın mümkünsüz olduğunu bilirəm. Beynimin dondurulmasını ona görə istəyirəm ki, 500 il sonra bir çinlinin beynində çin mədəniyyəti izlərinin hansı dərəcədə qala bildiyi isbat edilsin. Bununla mənim “ji dian”- çöküş - fəlsəfi görüşlərimin təsdiqini tapmasını istəyirəm”. “Ji dian” tarix – zaman və mədəniyyətlərinn beyinə təsirinə aid fəlsəfi görüşdür. Bu fəlsəfi cərəyan 1960-cı illərdə yaranıb. Fəlsəfi cərəyan zaman və fərqli mədəniyyətlərin beyində fiziki izlər buraxacağını iddia edir. Amma alimin vəsiyyətinə nə dərəcədə əməl olunduğu da şübhəlidir. Çünki çinlilərin inancına görə ölmüş adamın bədəni bütöv şəkildə dəfn edilməlidir.