Ermənistanda müxalifət Kilsə üzrə komissiyanın müzakirəsinə qatılmayacaq

Ermənistanın “Güclü Ermənistan” və “Ermənistan” müxalifət fraksiyaları Erməni Apostol Kilsəsindəki “böhran”ı araşdıracaq parlament komissiyasının tərkibinin müzakirəsində iştirak etməyəcəklər.

Sherg.az xəbər verir ki, fraksiya rəhbərləri Narek Karapetyan və Anna Qriqoryan komissiyanın yaradılmasını Konstitusiyaya zidd hesab etdiklərini bildiriblər.

Komissiyanın 11 deputatdan ibarət olması, onlardan 7-nin hakim “Vətəndaş müqaviləsi”, 3-nün “Güclü Ermənistan”, 1-nin isə “Ermənistan” fraksiyasından seçilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan II Qaregini bütün ermənilərin katolikosu vəzifəsindən getməyə məcbur etmək üçün qanunvericilik və digər mexanizmlərdən istifadə etmək niyyətində olduğunu açıqlayıb. Erməni Apostol Kilsəsinin Ali Ruhani Şurası isə hakimiyyətin addımlarını Kilsənin muxtariyyətinə dair konstitusion təminatların pozulması kimi qiymətləndirib.