Şuşa Bəyannaməsi yolumuza işıqdır

Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq özünün ən yüksək səviyyəsini yaşayır

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər dəfə olduğu kimi, bu dəfə də prezident seçkilərindən sonra ilk rəsmi səfərini qardaş Türkiyəyə edib. Fevralın 19-da Azərbaycan Prezientinin Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə geniş tərkibdə görüşü olub.
İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə rəsmi səfəri qardaş ölkə mediasında geniş işıqlandırılıb.
Azərbaycan lideri İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan görüşdən sonra mətbuata bəyanatlarında iki ölkənin əlaqələrinin yeni istiqamətlərini də açıqlayıblar.
Qeyd edilib ki, Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi tərəflərin regional və qlobal əhəmiyyətli yeni layihələri həyata keçirməyə, təhlükəsizliyin təmin olunmasına, əməkdaşlığı inkişaf etdirməyə əlavə imkanlar yaradır, yollar açır.
  Azərbaycan Prezidenti onu da xüsusi vurğulayıb ki, Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib: “İşbirliyimizin önəmli istiqaməti hərbi sahədə işbirliyidir. Bizim ordularımız bir yumruq anlamına gəlir”. Dövlət başçısı onu da deyib ki, İkinci Qarabağ savaşı və 5 ay əvvəl keçirdiyimiz antiterror tədbirləri bir daha onu göstərdi ki, Türkiyənin ordu modeli Azərbaycanda artıq tam oturuşub.
  İlham Əliyev müdafiə sənayesi sahəsində Türkiyə ilə ortaq istehsalla bağlı konkret planlarımız olduğunu da bəyan edib: "Bu gün təbii ki, müdafiə sənayesi sahəsində yeni imkanlar açılıb. Bu barədə də geniş müzakirələr aparıldı, ortaq istehsalla bağlı konkret planlarımız var". Dövlət başçısı deyib ki, bu planlar gerçəkləşdikdə insanlar da, ictimaiyyət də bundan xəbərdar olacaq. Prezident bildirib ki, artıq Azərbaycan ərazisində separatçı qüvvələrə yer yoxdur və bundan sonra heç vaxt olmayacaq: "Qarabağda keçirilmiş antiterror əməliyyatı ölkəmizin suverenliyini tam təsdiqlədi".
  Prezidentin qardaş ölkəyə səfərini və bəyanatda qeyd olunan məsələləri şərh edən hərbi ekspert Ədalət Verdiyevin “Sherg.az"a açıqlamasına görə, hazırda Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq özünün ən yükək səviyyəsini yaşayır. Onun sözlərinə görə, iki dövlət arasındakı hərbi işbirliyi sadəcə bir yox, müxtəlif illərdə imzalanmış bir neçə sazişlə möhkəmləndirilib.

Azərbaycan ilə Türkiyə hər il bir neçə dəfə hərbi, texniki, təhlükəsizlik, müdafiə sahələrində müzakirələr aparırlar.
  Dünyada mövcud olan qabaqcıl təcrübələrin Azərbaycan Ordusunda da tətbiq edildiyini vurğulayan hərbi ekspert 2020-ci ildə 44-günlük Vətən müharibəsi, eləcə də 2023-cü ildə antiterror əməliyyatlarında Azərbaycan Ordusunun uğurlarını nümunə olaraq xatırladıb: “Türkiyə ilə Azərbaycan arasında hərbi, hərbi texniki və hərbi təhsil sahəsində əməkdaşlıq əlaqələri digər sahələrdə olduğu kimi son illərdə yalnız və yalnız artan dinamika üzrə nümayiş etdirilir. Xüsusən İkinci Qarabağ müharibəsindən sonra bu istiqamətdə xeyli işlər görülüb.
  İki ölkə arasında nəzərdə tutulan hərbi əməkdaşlıq daxilində Müdafiə Nazirliyində struktur dəyişikliyi və hərbi sənayedə bir sıra birgə layihələr həyata keçirilib. İl ərzində bir neçə dəfə iki dövlət arasında hərbi təlimlər keçirilir.
  Hərbi texniki sahədə və digər maraq doğuran məsələlər ətrafında davamlı olaraq fikir və təcrübə mübadilələri aparılır. Hərbi kəşfiyyat sahəsində birgə əməkdaşlıq, məlumat mübadiləsi məqsədilə tez-tez rəsmi görüşlər keçirilir, qarşılıqlı səfərlər olur. İki dövlət arasında geniş hərbi tərəfdaşlıq daha çox özünü tədris sahəsində göstərir. Bütün hərbi təhsil müəssisələri Milli Müdafiə Ordusunun nəzdində fəaliyyət göstərir. Burada tədris planı Türkiyə hərbi təhsilinə uyğunlaşdırılıb.
  Bütün bu addımlar, görüşlər Azərbaycan Ordusunun türk ordu modelinə keçidi baxımından çox vacibdir. Cənab prezidentin də qeyd etdiyi kimi, artıq bizim ordularımız bir yumruq kimidir.
Onu da deyim ki, Azərbaycan Ordusunda türk ordu modelinin tətbiqi kifayət qədər qısa müddətdə və uğurlu bir şəkildə reallaşdı. Hər şeydən əvvəl iki ölkə arasında Şuşa Bəyannaməsi var. NATO ölkələri ilə əməkdaşlıq və bu ölkələrin təcrübələrinin orduda tətbiq olunması istiqamətində görülən, eləcə də görüləcək işlər Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsində öz əksini tapıb. Bu bəyannamədən irəli gələrək hava məkanının birgə qorunması barədə razılıq əldə olunub. Xəzərdən Qara dənizə, Qara dənizdən Aralıq və Egey dənizlərinə qədər olan böyük bir hava məkanı Türkiyənin və Azərbaycanın hava hücumundan müdafiə sistemləri vasitəsilə qorunur.
  Eyni zamanda hər iki qardaş ölkənin ordu potensialının birləşdirilməsi, Azərbaycan və Türkiyənin ərazi bütövlüyünə hər hansı bir təhdid olacağı təqdirdə hər iki qardaş ölkənin birgə cavab reaksiyası Şuşa Bəyannaməsində öz əksini tapıb. Həmçinin də Azərbaycan ərazisində Türkiyənin hərbi sənayesinin aparıcı şirkətləri olan, "ROKETSAN", “HAVELSAN”, “ASELSAN”, “STM”, "Baykar Makina" ilə birgə istehsal sahələrinin açılması nəzərdə tutulub. Böyük ehtimalla biz bu əməkdaşlığın real nəticələrini 2024-cü ilin senytabrında Bakıda keçiriləcək “ADEX” sərgisində müşahidə edəcəyik”.