Böyüyən nəsil məhz məktəbdə yetişir

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Şagirdlər milli kimliyini, soykökünü bilməli və bu dəyərlərə bağlı olmalıdır

  Uşaq və gənclərin inkişafı onun yaşadığı ölkənin, cəmiyyətin, xalqın inkişafının başlıca göstəricisidir. Bir insan hansı mühitdə böyüyürsə, gələcək həyatında öyrəndiklərini nümayiş etdirir. Bu baxımdan Azərbaycanda uşaq və gənclərin mənəvi inkişafı dövlətin xüsusi diqqət mərkəzindədir. Bu istiqamətdə ardıcıl, məqsədyönlü və səmərəli tədbirlər həyata keçirilir. Şübhəsiz ki, bu cür addımların məhz vaxtında atılması uşaq və gənclərin milli mənlik şüurunun, mənəvi inkişafının formalaşmasına müsbət təsir göstərir.
Yeri gəlmişkən, “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır”, - deyən Ümummilli Lider Heydər Əliyev uşaq və gənclərin layiqli vətəndaş kimi formalaşmasına böyük diqqət yetirirdi.
Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə uşaq və gənclərin milli-mənəvi inkişafı istiqamətində uğurlu siyasət həyata keçirilir. Müvafiq proqramlar qəbul olunub və məqsədyönlü tədbirlər davamlı xarakter daşıyır.
  Təsadüfi deyil ki, Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində də bu məsələyə xüsusi diqqət ayırıb. Ölkə başçısı Milli Məclisdəki çıxışında vurğulayıb ki, milli-mənəvi dəyərlər bizim cəmiyyətimizin əsasıdır və bu, sarsılmaz varlıqdır, sarsılmaz dəyərdir və bunu sarsılmaz etmək bizim əlimizdədir: "Çünki burada hər hansı bir kənar qüvvə öz çirkin niyyətlərinə çatsa, o zaman bizim ciddi problemlərimiz olacaq. Ona görə gənclərimizin milli ruhda, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsi vəzifəsi dövlətin və hər bir ailənin qarşısında durur. Bu seçkilərdə göstərilən həmrəylik cəmiyyətimizi bir qaya kimi möhkəmləndirir və belə olan halda, heç bir kənar qüvvə bizə qarşı heç bir məkrli plan həyata keçirə bilməz".
  Azərbaycan xalqının öz milli-mənəvi dəyərlərinə həmişə sadiq olduğunu vurğulayan ölkə başçısı qeyd edib ki, Azərbaycan dövləti milli dəyərlərimizin qorunması üçün ardıcıl siyasət aparır. Milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və gənclərin bu dəyərlər əsasında böyüməsi prioritet məsələdir. Çünki Azərbaycanın önəmi artır, dünyada oynadığı rolu artır. Biz elə bir gənc nəsil yetişdirməliyik ki, onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun. Heç kim onların beyinlərini zəhərləmək istəyəndə uğura nail olmasın”. Dövlət başçısı deyib ki, burada, əlbəttə ki, ilk növbədə, ailə tərbiyəsi ön plana çıxır. Xoşbəxtlikdən Azərbaycan ailəsi sağlam ailədir, ənənələr, milli dəyərlər üzərində qurulan ailədir. Ailə tərbiyəsi hər bir gənc üçün, hər bir uşaq üçün əsas tərbiyədir. Bu gün dünyada, dünyanın müxtəlif yerlərində müxtəlif meyillər baş verir, müxtəlif tendensiyalar müşahidə olunur, dırnaqarası yeni dəyərlər meydana çıxır. Biz isə ənənəvi dəyərlərə sadiq qalaraq öz gələcəyimizi çox möhkəm milli-mənəvi təməl üzərində qururuq. Gənc nəsil belə yetişməlidir və biz gənc nəsli belə yetişdiririk. Gənc nəsil milli-mənəvi dəyərlərə bağlı olmalıdır, öz ədəbiyyatına, musiqisinə, incəsənətinə bağlı olmalıdır və biz bunu görürük, biz gəncləri belə yetişdiririk”.
  Qeyd edək ki, valideynlərlə yanaşı məktəb, müəllimlər də uşaq və gənclərin düzgün tərbiyə almalarına, gələcəkdə cəmiyyətə sağlam düşüncəli vətəndaş kimi inteqrasiya olunmalarına, onların şəxsiyyətlərinin formalaşmasına, milli ruhda böyümələrinə, təhsilə məsuliyyətlə yanaşmalarına birbaşa cavabdehlik daşımalıdırlar. Son günlər baş verən hadisələr fonunda uşaqların tərbiyəsində məktəblərin rolu xüsusi vurğulanır, “Z” nəslinin nümayiş etdirdiyi aqressiv davranışlara ailələr qədər məktəbin də üzərinə məsuliyyət qoyulur.
Məsələn, bu günlərdə Türkiyədə özəl məktəblərdə "Hellouin" və Pasxa qeyd edilməsi qadağan edilib. Türkiyə Milli Təhsil Nazirliyi özəl məktəblərdə türk millətinin milli, əxlaqi, mədəni, humantiar dəyərlərə” zidd olan və şagirdlərin psixososial inkişafına töhfə verməyən fəaliyyətlərə qadağa qoyulduğunu açıqlayıb. Təhsil Nazirliyinin qərarında məktəblərdə Milad, "Hellouin", Pasxa və Sevgililər Günü bayramlarının qeyd edilməsinə qadağa qoyulub.
  Bizim məktəblər, uşaq bağçaları isə bu bayramı canfəşanlıqla təbliğ edir, Qərbin qara işlərinin məktəblərimizə ayaq basmasına şərait yaradırlar. Məktəblilər də müəllimlərinin tapşırığına əsasən, bayrama xüsusi həvəslə hazırlaşır, müxtəlif libaslar əldə etmək üçün valideynlərini yola gətirməyə çalışırlar.
  “Hellouin” bayramının Azərbaycanın nə milli, nə də dini adət-ənənəsi ilə bir bağlılığı var. Əksinə, faydasından çox, ziyanı var. Kiçik yaşlı uşaqların cadugər libasları geyinib, qorxulu xarakterlər canlandırmasının hansı müsbət tərəfi ola bilər?
Ekspertlər də hesab edir ki, milli xüsusiyyətə yad olan bayramlar təhsil müəssisələrində təbliğ olunmamalıdır. Uşaq bağçasında, orta məktəbdə "Hellouin" bayramının təbliği yolverilməzdir.
  Təhsil eksperti Kamran Əsədovun “Sherg.az"a açıqlamasına görə, təhsil müəssisələri şagirdlərə bilik verməklə yanaşı, onların şəxsiyyət kimi formalaşmasında da çox mühüm rol oynayır.

O da hesab edir ki, məktəblərdə mənəvi dəyərlərin, o cümlədən ailə dəyərlərinin qorunub inkişaf etdirilməsinə ciddi diqqət yetirilməlidir. K.Əsədovun sözlərinə görə, şagirdlərin də tədris ili ərzində iştirak edə biləcəyi və məktəb daxilində qeyd edilə biləcək tədbirlərin fəaliyyət planı təsdiq olunur: “Bu proqrama uyğun olaraq da məktəblərdə ümummilli bayramlar və hüzn günləri rəsmi şəkildə qeyd edilir. Proqramdan kənarda dövlət ümumtəhsil məktəblərində digər bayramların keçirilməsinə icazə verilmir. “Hellouin”, “pasxa” kimi milli-mənəvi dəyərlərimizə zidd olan bayramlar da həmçinin dövlət ümumtəhsil məktəblərində qeyd olunmur. Uşaq bağçaları və körpələr evində isə bəzən bu tədbirlərin keçirilməsi müşahidə edilir. Eyni zamanda özəl orta məktəblərdə də bu bayramlarla bağlı bir qadağa olmadığı üçün onlar arasında “Hellouin”i qeyd edənlər olur.
Halbuki uşaqların bilik və bacarıqlarının formalaşmasına heç bir töhfəsi olmayan bu bayramların məktəb və bağçalarda keçirilməsinə ehtiyac yoxdur.
Biz də uşaqlarımızı məqsədi, məramı bəlli olmayan əyləncələrə aludə etməkdənsə, onlar arasında özümüzün milli, dini bayramlarımızı təbliğ etməliyik. Çünki dini bayramlar insanlara ruh yüksəkliyi, mənəvi dirçəliş bəxş edir, milli bayramlar isə xalqa tarixini xatırladaraq, onu bir daha özünə qaytarır”.
  Sosioloq Lalə Mehralı isə deyib ki, hazırda milli-mənəvi dəyərlərimizdə aşınmaların qarşısını almaq üçün indidən lazımi addımlar atılmalıdır. 

 Xüsusən də orta məktəblərin yuxarı siniflərində mənəvi dəyərlər, ailə dəyərləri ilə bağlı xüsusi saatların olması təhlükənin qarşısının alınmasında böyük əhəmiyyət daşıyacaq. Böyüyən nəsil məhz məktəbdə yetişir. Şagirdlər milli kimliyini, soykökünü bilməli və bu dəyərlərə bağlı yetişdirilməlidir.
  Sosioloq qardaş Türkiyənin türk millətinin milli, əxlaqi, mədəni, humantiar dəyərlərinə zidd olan və şagirdlərin psixososial inkişafına töhfə verməyən fəaliyyətlərə qadağa qoyulması qərarını alqışlayıb: “Qardaş Türkiyənin milli-mənəvi dəyərlərə yüksək səviyyədə yanaşması da hamımıza yaxşı məlumdur. Dünyəvi dövlət olmasına baxmayaraq, Türkiyə cəmiyyətinin əxlaqa və milliliyə yanaşması hər halda bir çox ölkələri geridə qoyur. Türkiyədə milli dəyərlərə söykənən, mənəvi dəyərləri təbliğ edən mətbuat və telekanallar mövcuddur. Mənəviyyat məsələsi elə bir sahədir ki, hər zaman cəmiyyətdən diqqət və qayğı tələb edir. Əgər cəmiyyətin mənəvi dəyərlərə sevgisini onun tarixi formalaşdırırsa, bu dəyərlərin inkişaf etdirilməsi, cəmiyyətin bütün fərdlərinin bu dəyərlərə sadiq qalmasını və onlara bağlılığı dövlət formalaşdırır. Bu baxımdan dövlət və hökumət strukturlarının mənəvi dəyərlərə ehtiramla yanaşması və onların təbliğ olunmasına dəstək verməsi olduqca vacib və əhəmiyyətlidir.
  Azərbaycan çoxmillətli və tolerant bir ölkə olduğu üçün “Pasxa” bayramının qadağan olunması doğru olmaz. Amma “Hellouin” bayramı mütləq şəkildə qadağan edilməlidir. Çünki bu bayram bütünlükdə insani dəyərlərə zidddir. Hər bir bayramın mahiyyətinə fikir vermək lazımdır. Əksəriyyət “Hellouin”i maraqlı bilib qeyd edir, uşaqlara da təbliğ edirlər. Amma anlamırlar ki, bu bayram şər qüvvələrlə bağlıdır. Keçmişdə mövcud olan satanizm ideyalarından gələn elementlər bayram atributlarında əks olunub. Onsuz da dövlət məktəbləri və bağçalarında bu bayramın qeyd edilməsinə qadağa var. Lakin özəl məktəb və bağçalarda bu bayram qeyd edilir. Heç bir mənəvi-psixoloji yükü olmayan bu bayramın xeyrindən çox ziyanı var”.