Qazaxdan Naxçıvana qədər torpaqlarımızda bufer zona yaradılmalıdır

Atəşkəs yenə pozuldu

  Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, fevralın 23-ü saat 05:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.
  Nazirlikdən verilən məlumata görə, iki ölkənin şərti sərhədində vəziyyətin gərginləşdirilməməsi və sabitliyin təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülməyib.
  "Ermənistanın hərbi rəhbərliyini şərti sərhəddə son beş ayda hökm sürən sabitliyin pozulması və vəziyyətin yenidən nəzarətdən çıxmasına yönəlmiş bu kimi təxribatlara yol verməməyə çağırır, bu əməlləri törədənlərin isə müəyyən edilərək cəzalandırılmasını tələb edirik", - Azərbaycan Müdafiə Nazirliyindən qeyd olunub.
  Növbəti təxribat barədə “Sherg.az"a danışan hərbi ekspert Emin Həsənli bildirib ki, Ermənistan heç zaman müstəqil dövlət olmayıb:

“Bu, tarixin bütün dövrlərində belə davam edib. Ümumiyyətlə, Ermənistan 1918-ci ildə Azərbaycan torpaqlarında süni şəkildə yaranan bir dövlətdir. Onlar hər zaman Amerika, Fransa, İran və müxtəlif dövlətlər tərəfindən idarə edilib. Həmin ölkələr isə bölgədə sülh olmasını istəmir. Çünki hər birinin öz məqsədləri mövcuddur. Bu maraqları isə Ermənistan vasitəsilə həyata keçirməyə çalışırlar. Real vəziyyətdə sülhü Azərbaycandan daha çox Ermənistan istəməlidir. Çünki ordusu darmadağın edilib və yaxın 10 il ərzində bunun bərpası mümkün deyil. Azərbaycan işğaldan azad olunmuş ərazilərdən Ermənistanı ordusunu çıxarmağa məcbur edib. Eyni zamanda Ermənistan iqtisadiyyatı çökmüş durumdadır. Azərbaycan Birləşmiş Millətlər Təşkilatının dörd qətnaməsini 44 günlük Vətən müharibəsində yerinə yetirdi. 10 noyabr bəyanatını isə lokal xarakterli antiterror əməliyyatı nəticəsində icra etdi”.
  Ekspert söyləyib ki, Ermənistanı biz sülhə məcbur edəcəyik:
“Qazaxdan Naxçıvana qədər tarixi Azərbaycan torpaqlarında bufer zona yaratmalıyıq ki, torpaqlarımız atəşə tutulmasın. Ermənistan ağlını başına yığıb Azərbaycan və Türkiyə ilə normal qonşuluq siyasəti qurmasa, bölgədə mövcudluğu sual altına düşəcək. Ermənistanın baş naziri səhər hökumətin iclasında bir söz, günorta parlamentin toplantısında başqa söz deyir, axşam ictimaiyyətlə görüşdə isə tamamilə fərqli mövqe sərgiləyir. Nikol Paşinyanın fikirlərinə qulaq asan zaman sülh istədiyini düşünürük, amma reallıqda bununla bağlı doğru addımlar atmır. Hər dəfə isə bunu Ermənistandakı “Beşinci kolon”un üzərinə atır. Ermənistan hakimiyyəti möcüzələr sayəsində mövcud vəziyyətin onların xeyrinə dəyişəcəyini gözləyir. Amma zaman keçdikcə Azərbaycan daha çox güclənəcək. Ermənistandan isə kütləvi şəkildə əhalinin köçü baş verəcək. Beləliklə, Ermənistanın nə əhalisi artacaq, nə də ordusu güclənəcək. Ona görə də Ermənistan Azərbaycanın şərtlərini nə qədər tez qəbul etsə, onlar üçün bir o qədər yaxşıdır. Əgər müharibə olmasa idi, Ermənistan bütün regional layihələri Azərbaycanla birlikdə aparardı. Yəni Ermənistan özünü hər şeydən məhrum etdi. İndi də belə davam etsələr, 1828-ci ildə Türkmənçay müqaviləsindən sonra köçürüldükləri Cənubi Qafqazdan getməli olacaqlar”.