Kəndin yeganə şagirdi

7 yaşlı Mahir məktəbdə təkdir

  Məktəbdə müəllim yalnız bir şagirdə dərs keçir. Xeyr, bu, bildiyimiz repetitorluq deyil. Sadəcə, bu məktəbin yalnız bir şagirdi var, o da 7 yaşlı Mahirdir. “Sherg.az” “Habertürk”ə istinadən 7 yaşlı Mahirin məktəbdə tək qalmasının səbəbini anladır. Mahir Behluloviç Bosniya Hersoqovinanın Zenica Doboj mərkəzinə bağlı Olovo şəhərinin Petrovici kəndində yaşayır. Sakinlər kəndi tərk edib getdikdən sonra Mahir və anası kənddə qalan türk əsilli sakinlərdir. Başqa şagird olmadığından Mahir məktəbin yeganə şagirdidir. Onu hər gün məktəbə anası Azema Behlulovic aparır. Kimsəsiz kənd yollarıyla addımlayaraq məktəbə gəlirlər. Müəllim Samir Kopic isə Mahir üçün “o, mənim yeganə şagirdim və dostumdur”, deyir. Məktəbdə təkbaşına qalan Mahir idman dərslərini, digər fənlərə də təkcə çalışır. Onun çəkdiyi rəsmlər isə məktəbdə divardan asılıb. Mahir müxtəlif oyuncaqlar da düzəldə bilir. Kartofdan düzəltdiyi kirpi fiquru da nümayiş olunur. Mahir də müəllimi haqqında xoş sözlər deyib: “Ən yaxın dostum müəllimim Samirdi. Mənimlə yaxşı vaxt keçirir. Günümüz çay içmək və hekayələr dinləməklə başlayır. Müəllimim fənləri mənə öyrədir”. Riyaziyyat fənnini çox sevirəm. 100-ə qədər saya bilirəm. Məktəbə getməyi də sevirəm”. Samir Kopiç isə bu kənd məktəbinə ötən il təyin edilib: “Nə qədər ki, Mahir bu məktəbdə oxuyur, mən də burada olacağam, məktəb fəaliyyət göstərəcək. Mahirdən sonra isə məktəb daha olmayacaq. Çünki başqa uşaq yoxdur”, söyləyən Samir Kopiç bunun üzüntülü bir durum olduğunu deyib. Müəllimi Mahirin çox istedadlı, qavrama qabiliyyəti güclü şagird olduğunu deyib. 7 yaşlı Mahir Kahramanmaraşda baş vermiş dəhşətli zəlzələni əks etdirən rəsm çəkib. Müəllimi bu barədə “zəlzələnin ertəsi günü məktəbə gəldi, gördüm çox üzgündür. Məndən “biz o uşaqlara necə kömək edə bilərik”, soruşdu. Mən də ona rəsm çəkməsini tövsiyə etdim. Mahir də rəsm çəkib, rəsmdə Türkiyə, Bosniya və Suriya bayraqlarını təsvir edib və “kiçik qəlbim sizinlə. Petroviçi məktəbindən sevgilər”, yazıb.