Zelenski Ermənistana gedə bilər: SƏBƏB?

Mümkündür ki, bu səfəri Qərb ölkələrindən biri məsləhət görüb

“Ancaq bu səfər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etməyə hazırlaşan Nikol Paşinyanla Kreml arasında gərginliyi daha da artıracaq”

  Ukrayna Prezidenti Volodimir Zelenskinin Ermənistana səfəri edəcəyi gözlənilir. Ermənistan mətbuatında yer alan məlumatlarda Zelenskinin martın 4-də İrəvana səfər edəcəyi qeyd edilib. Qeyd edək ki, Ukrayna prezidentinin İrəvana səfəri rus və erməni politoloqlar tərəfindən növbəti gərginliyin başlanğıcı kimi dəyərləndirilir.
Üstəlik, müxtəlif mənbələrdə Zelenskinin İrəvandan sonra Bakıya da səfər edəcəyi ilə bağlı iddialar yayılıb. “Azadlıq” radiosunun erməni redaksiyası Zelenskinin Bakıya da səfərə hazırlaşdığını iddia etsə də, diplomatik mənbələr bu iddianı təsdiqləməyib.
  Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfər edəcəyi ilə bağlı heç bir məlumat yoxdur.
Maraqlıdır, Rusiya ilə ağır döyüşlərin davam etdiyi günlərdə Zelenski niyə Ermənistana gedir?
  Rusiyalı politoloq Dmitri Suslovun qənaətincə, Ukrayna liderinin gəlişinin Ermənistanın real maraqları ilə heç bir əlaqəsi ola bilməz: “Bu, çox güman ki, kollektiv Qərbin Rusiyanın Ermənistanın hazırkı rəhbərliyi ilə əlaqələrini birdəfəlik məhv etmək istəyindən xəbər verir”.
  Suslovun fikrincə, Zelenskinin İrəvana səfəri Paşinyanın Rusiyadan Qərbə istiqamətlənmə siyasətinin zirvəsi olar:
“Başa düşmək lazımdır ki, indiyədək Zelenski Baltikyanı ölkələr istisna olmaqla, heç bir postsovet ölkəsinə (hərbi əməliyyatdan bəri nəzərdə tutulur - red.) səfər etməyib. Heç birinə. O, nə Qazaxıstanda, nə Orta Asiya ölkələrində, nə Gürcüstanda, nə də Moldovada olub. Ona görə də onun Cənubi Qafqaz ölkələrinə gəlişi, necə deyərlər, bütün maskaların atılacağı siyasətin zirvəsi olardı. Təbii ki, Zelenski faktiki olaraq təkcə İrəvana deyil, Bakıya da səfər edərsə, bu, mənfi təsiri bir qədər yumşaldacaq, amma onu tam aradan qaldırmayacaq. Ermənistan Azərbaycandan fərqli olaraq Rusiyanın müttəfiqidir. Ümumilikdə İrəvanla Moskvanın münasibətlərində hazırkı vəziyyət çox qeyri-müəyyəndir. Ticarət-iqtisadi sahədə ciddi və intensiv əməkdaşlıq davam edir, ticarət dövriyyəsi artır, Ermənistan Aİ-yə sədrlik edir. Siyasət və təhlükəsizlik sferasında isə İrəvanın açıq şəkildə Rusiyanın opponentlərinin tərəfinə keçməsi müşahidə olunur. Bunu geri qaytarmaq hələ də mümkündür, lakin getdikcə çətinləşir. Zelenski İrəvana səfər edərsə, bu, geri dönüş nöqtəsinə çevriləcək və bu, Ermənistanın hazırkı rəhbərliyi ilə hansısa normallaşma ehtimalını əngəlləyəcək”.
  Politoloq Azər Rəşidoğlu isə “Sherg.az"a açıqlamasında Zelenskinin nəinki Azərbaycana, heç Ermənistana səfər edəcəyi ilə bağlı da dəqiq məlumat olmadığını deyib. Ekspertin fikrincə, savaşın qızğın vaxtında belə bir səfərin reallaşması şübhə doğurur: 

“Əgər belə bir səfər baş tutarsa, İrəvan Rusiya ilə razılaşdırmamış Zelenskinin İrəvana gəlməsinə razılıq verə bilməz. İstisna deyil ki, əgər Zelenski İrəvana gələrsə, bu, Kremlin ssenarisi ilə gerçəkləşəcək. Kiyev və Moskva savaşda tükənib, sülhə gəlməyin vacibliyini anlayırlar. İstisna deyil ki, Zelenski İrəvanda Kreml nümayəndələri ilə gizli danışıqlar apara bilər. Belə bir görüş Türkiyə və hansısa bir Qərb ölkəsində gerçəkləşə bilməz, ruslarla razılaşmanı pozmaq üçün Avropa ölkələri hər addımı ata bilərlər. Ukrayna ilə Rusiya arasında hansısa formada danışıq olacaqsa, belə bir görüş ya Bakıda, ya da İrəvanda ola bilər. Lakin mümkün səfər çərçivəsində danışıqlar olsa belə, sülh ehtimalı yoxdur. Bu savaş hələ uzun müddət davam edəcək”.
  “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahioğlu isə hesab edir ki, Zelenskinin Avropa ölkələrinə və ya ABŞ-yə səfər edəcəyi ilə bağlı məlumat yayılsaydı, bunu təbii qəbul etmək olardı. Ukrayna bu ölkələrdən silah, hərbi texnika və maliyyə almağa ümid edir axı. Ermənistanda isə bunların heç biri yoxdur, üstəgəl, Münhen Təhlükəsizlik Konfransında Volodimir Zelenski ilə Baş nazir Nikol Paşinyan deyil, Azərbaycan Prezidenti İlham Əliyev görüşdü və bu görüşdən iki gün sonra Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi: “Zelenski bu yardımlara görə hər zaman İlham Əliyevə minnətdar olub. Ermənistan Ukraynaya hansı həcmdə yardım göndərib? Bundan başqa Zelenski Cənubi Qafqazda artan gərginlikdən məlumatlıdır, Azərbaycanla Ermənistan sülh sazişi imzalamağa yaxın deyillər. Zelenski anlamalıdır ki, belə bir gərgin ərəfədə Cənubi Qafqaz ölkələrindən yalnız Ermənistana səfər Azərbaycanda haqlı suallar yaradacaq. Doğrudur, Volodimir Zelenskinin prezident seçiləndən sonra Cənubi Qafqaz ölkələrindən yalnız Azərbaycana səfər etdiyini də unutmamaq lazımdır.
  Volodimir Zelenskinin Ermənistana mümkün səfərini yalnız bir amillə izah etmək olar. Ermənistanla Rusiya arasında artan gərginlik Ukraynanın maraqlarına xidmət edir. Kiyev çox istəyərdi ki, Rusiya Ermənistana da müdaxilə etsin. Bu halda Kreml birincisi, iki cəbhədə mübarizə aparmalı olacaq, ikincisi, Ermənistanı qorumağı vəd verən Qərblə münasibətləri daha da gərginləşəcək. Zelenski bu amilləri əlində rəhbər tutaraq Ermənistana səfər planlaşdıra bilər. Mümkündür ki, Zelenskinin Ermənistana səfər etməsini Qərb ölkələrindən biri məsləhət görüb. Ancaq bu səfər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etməyə hazırlaşan Nikol Paşinyanla Kreml arasında gərginliyi daha da artıracaq ki, bu, Ermənistana yaxşı heç nə vəd etmir. Volodimir Zelenski Ermənistana səfərin müsbət və mənfi tərəflərini doğru hesablamalıdır”.