ABŞ və Aİ həm Rusiyaya qarşı ikinci cəbəhə açmağa çalışır, həm də Cənubi Qafqazı yeni gərginlik məkanına çevirmək istəyir
Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa Şurasının rəhbəri Şarl Mişel Brüsseldə keçirilən nüvə enerjisi sammiti çərçivəsində görüşüblər. Tərəflər Ermənistan və Avropa İttifaqı arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər. Eyni zamanda Bakı ilə İrəvan arasında sülh prosesi ilə bağlı fikir mübadiləsi aparılıb.
Avropa İttifaqı Şurası sədrinin Azərbaycan və Ermənistan liderləri ilə 2023-cü il mayın 14-də və iyulun 15-də Brüsseldə keçirilmiş üçtərəfli görüşləri nəticəsində əldə edilmiş razılaşmaların həyata keçirilməsinin vacibliyi vurğulanıb. Bununla yanaşı, Ermənistanın baş naziri Nikol Paşinyan və Fransa prezidenti Emmanuel Makron Brüsseldə keçirilən görüşdə İrəvanla Bakı arasında sülh sazişinin bağlanması prosesini müzakirə ediblər. Görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar və Cənubi Qafqaz regionunda baş verən proseslərə toxunulub. Tərəflər həmçinin Ermənistan və Avropa İttifaqı arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar. Eyni zamanda qərara alınıb ki, aprelin 5-də Brüsseldə Ermənistan baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen və ABŞ dövlət katibi Entoni Blinken arasında görüş keçiriləcək. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın məlumatına görə, Ermənistanın inkişafına və təhlükəsizliyinə töhfə verəcək üçtərəfli əməkdaşlıq yollarının müzakirəsi planlaşdırılır. Tədbir həm də Ermənistanın müqavimətini gücləndirmək məqsədi daşıyır. Xatırladaq ki, 2023-cü il oktyabrın 5-də Paşinyan və Leyen Qranada görüşündən sonra birgə bəyanatla çıxış etmişdi. Leyen Ermənistana dəstək üçün Avropa Birliyi-ABŞ birgə tədbirinin hazırlanması barədə məlumat vermişdi.
Heç şübhəsiz Brüsseldə danışıqların aparılması, Ermənistana təhlükəsizlik qarantiyasının yaradılması Azərbaycanla Ermənistan arasında sülh prosesinə dəstək deyil. Bu cəhdlər məsələni birtərəfli qaydada həll etmək təşəbbüsüdür ki, bu da Azərbaycanın maraqlarına cavab vermir və ölkəmizə qarşı atılan addımdır. Bu, həm də Avropa İttifaqının missiyasından sonra Qərbin daha geniş miqyasda regiona hərbi cəhətdən daxil olması cəhdidir. Mövcud vəziyyət regionda gərginliyi artıra və formalaşmaqda olan regional təhlükəsizliyə böyük zərbə ola bilər. Görünür, Ukraynanın ardınca indi də Rusiyanı Cənubi Qafqazdan, daha sonra isə Mərkəzi Asiyadan sıxışdırıb çıxartmaq planını işə salıblar. Ehtimal ki, Rusiyanın cavab tədbirləri özünü çox gözlətməyəcək. ABŞ başda olmaqla Qərb dövlətləri bütün dünyada, o cümlədən də Cənubi Qafqazda vəziyyəti mümkün qədər gərginləşdirmək, ənənəvi rəqiblərinə qarşı yeni münaqişə ocaqları yaratmaq yolunu tutublar. Ermənistan bu senaridə vasitədir və hadisələrin inkişaf edəcəyi təqdirdə onun Ukrayna və ya Livana çevriləcəyi şübhə doğurmur.
Millət vəkili Azər Badamov "Sherg.az"a deyib ki, dünya ictimaiyyəti yaxşı bilir ki, Fransa olan yerdə sülh heç vaxt olmur.
Deputatın sözlərinə görə, Makron ancaq suları bulandırmaq və sülh prosesinə mane olmağa çalışır:
"Məhz Fransanın Ermənistanı silahlandırılmasının kökündə də bu məsələ dayanır. Makron Ermənistanı himayəyə götürüb və heç bir beynəlxalq hüquq normaları gözləmədən birtərəfli qaydada dəstək verir. O cümlədən Şarl Mişeli də təsiri altında saxlayır və özünün müəyyənləşdirdiyi senarini icra etməsinə məcbur edir. Bu baxımdan Avropa Şurası sanki Makronun tapşırıqlarının icraçısına çevrilmişdir. Ona görə də Azərbaycanla Ermənistan arasında münasibətlərinin normllaşdırılması prosesinin açarı Avropada heç cürə ola bilməz".
Parlament üzvü vurğulayıb ki, digər bir məsələ isə 5 apreldə ABŞ Dövlət katibi Blinken, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və Ermənistan Baş naziri Nikol Paşinyan arasında planlaşdırılmış görüşlə bağlıdır:
"Bu görüş əsasən Ermənistanda yerləşmiş Rusiya hərbi bazasının çıxarılması prosesini sürətləndirilməsi və onu ABŞ hərbiçiləri ilə əvəz edilməsi məqsədi daşıyır. Avropa İttifaqı və Amerika Ermənistanı Rusiyaya qarşı hərbi plasdarma çevirmək istəyir. O cümlədən görüşdə Ermənistanın təhlükəsizliyinə zəmanət haqqında sənədin imzalanancağını da qeyd olunur. Görüşlərdə Azərbaycan-Ermənistan münasibətlərinin müzakirəsinin birtərəfli qaydada aparılması Bakının maraqlarına cavab vermir. Bu, ölkəmizə qarşı atılan addımdır. Beləliklə deyə bilərik ki, ABŞ və Aİ həm Rusiyaya qarşı ikinci cəbəhə açmağa çalışır, həm də Cənubi Qafqazı yeni gərginlik məkanına çevirmək istəyir. Təbii ki, ayaq altında qalan ilk növbədə Ermənistan olacaq. Ermənistanda rus hərbi bazasını ABŞ hərbiçiləri ilə əvəzlənməsi İranın maraqlarına da təhdiddir. Çünki, ABŞ və İran arasında kifayət qədər ziddiyətlər var və ona görə də Ermənistanın bu hərəkətləri İranın təhlükəsizliyinə təhdid olacaq. Bu baxımdan Paşinyanın Qərb yönümlü siyasəti Ermənistan-İran münasibətlərini də dağıdacaq. Beləliklə Ermənistanın dünyadan təcridi prosesi sürətlənəcək. ABŞ-nin və Qərbin şirin vədlərinə və təhlükəsizlik zəmanətlərinə aldanan Ukrayna, Livan və digər ölkələrin yaşadıqları faciələrinin şahidiyik. Paşinyanın qərbyönümlü hərəkətləri və şirin vədlərə aldanması bu ölkəni də məhvə getməsini sürətləndirir".