Çünki İran ölkəmiz əleyhinə çalışan xainləri Azərbaycana təhvil vermir
Azərbaycanda axtarışda olan İrana sığınmış “Hüseyniyyun” qruplaşmasının üzvləri Azərbaycan əleyhinə daha bir tədbir keçiriblər. Mərasimdə Azərbaycan əleyhinə fikirlər səsləndirilib. Tədbirdə çıxış edən qruplaşma üzvləri Əli Xameneinin Azərbaycanda şiəliyin gücləndirilməsi və Qərb dəyərlərinə qarşı çıxılması ilə bağlı tövsiyələrini xatırladıblar. Onlar Xomeyninin “İslam inqilabının ixracı” nəzəriyyəsinə sadiqliklərini ifadə ediblər. Bununla yanaşı, son vaxtlar Azərbaycanda həbs edilən İran casuslarını Xomeyni və Xameneinin “müridləri” adlandırıblar. Qeyd edək ki, son günlər İranda ölkəmiz əleyhinə ardıcıl tədbirlər keçirilir.
Milli Cəbhə Partiyasının sədr müavini, ilahiyyatçı Tural İrfan "Sherg.az"a deyib ki, İran Ermənistanın maraqlarını müdafiə edir. Ekspert bildirib ki, hər dəfə Azərbaycan Ermənistanı dalana dirəyəndə bir qolundan Fransa, digər qolundan da İran yapışır və onu müdaifə edir:
"Son günlərdə Qazaxın 7, Sədərək rayonunun da 1 kəndinin azad edilməsi gündəmdədir. İran ona görə aktiv təxribat planlarına start verib. Azərbaycan hər dəfə Ermənistandan torpaq azad edəndə İranın kürkünə birə düşür. Çünki Azərbaycan böyüdükcə, problemlərdən qurtulduqca Təbrizə bir addım da yaxınlaşır. İranın təsir rıçaqları terrorçular və terrorla hədələməkdir. Fransa ilə İran koordinasiya edilmiş, planlanmış, düşünülmüş addım atırlar. Erməni baş naziri Tavuş bölgəsinə səfər edərək kəndlərin azad edilməsini, əks halda müharibəyə tuş gələcəklərini deməsindən dərhal sonra İrana, Fransaya bağlı erməni terror təşkilatları aktivləşməyə başladı".
T.İrfan vurğulayıb ki, İranın apardığı siyasət həm bölgə dövlətlərinin, həm də dünyanın əmin-amanlığı üçün ciddi təhdid yaradır: "Bu siyasət sülhü pozur və islam dəyərlərinin məhvinə hesablanıb. İran özünəməxsus ideoloji-siyasi xəttinin adını "İslam" qoyaraq əsl islamı məhv etməklə keçmiş Sasani imperiyasını bərpa etməyə cəhd edir. Heç şübhəsiz, Azərbaycana qarşı çıxışları İranda birbaşa rəhbərlik özü panlayır və idarə edir. İran istənilən qonşu ölkənin güclənməsini özünə təhlükə hesab edir. "Xain xoflu olar" misalındakı kimi, hər dəfə ya Pakistan, ya Əfqanıstan, ya Azərbaycan, ya da digər qonşuları ilə mütləq gərginlik yaşayır".
Analitik əlavə edib ki, imamların, onların həyat yoldaşlarının adına terror dəstələri qurmaq və qadınların namusuna təcavüz etmək, digər müsəlman ölkələrdə terror və dağıdıcı işlər həyata keçirmək, ilk növbədə həmin müqəddəs şəxslərin nüfuzunu təhqir etməkdir: "Buna görə də insanlar dinə nifrət edir, Qərbdə islamofobiya güclənir. İran bu cür terror və çirkin əməlləri ilə Qərbin əlinə oynayaraq onların əlinə fürsət verir ki, müsəlmanları sıxışdırsınlar. İran rejimi heç zaman Azərbaycanla səmimi dost olmayıb və olmayacaq. Azərbaycan gücləndikcə İran növbəti şər-böhtana, təxribata əl atacaq. Xain və satılmış terrorçuların danışıqları, özlərini "İran rəhbərinin müridləri" adlandırması da sübut etdi ki, səfirliyimiz edilən terrorçu hücumu da özləri təşkil ediblər. Azərbaycana mütəmadi olaraq narkotik ixracını da İran rəhbərliyi birbaşa əmr və göstərişlə həyata keçirir. Çünki İran Azərbaycanda agent şəbəkəsinin həbsinə görə ciddi narahatdır.
Ekspert bəyan edib ki, İranda ölkəmiz əleyhinə çalışan xainlər Azərbaycana təhvil verilməsə, Mahmudəli Çöhrəqanlını Azərbaycana dəvət etmək lazımdır: "Habelə onun kimi düşünən, danışan şəxsləri ortaya çıxarmalıyıq. İrandakı terrorçu dəstə Azərbaycan əleyhinə təbliğat aparır, internet resurslarından istifadə edərək insanlarımızın beynini zəhərləyir, meyilli insanları özlərinə tərəf çəkərək terrora cəlb edirlər. Biz sivil qaydada Güney Azərbaycan məsələsini, oradakı soydaşlarımızın problemlərini, Azərbaycana narkotik ixrac olunmasını tənqid edən blogerlərə şərait yaratmalıyıq. İranın təxribatlarına, sapı özümüzdən olan baltalarla bizə zərbə vurmaq cəhdlərinə adekvat cavab verilməlidir".