Ankara siyasi, müdafiə və təhlükəsizlik hesablamalarını düzgün aparsa, terrorçuluğu sıradan çıxaracaq
"Rusiyada baş verən terror aktını hər kəs gördü. Rusiyada olanları hər gün Türkiyədə törətmək istəyənlər var". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Diyarbəkir şəhərində çıxışı zamanı deyib. Ərdoğan bildirib ki, Türkiyə terrorçulara, o cümlədən PKK terror təşkilatına qarşı uğurla mübarizə aparır: “Ölkə daxilində PKK-nın mövcudluğu çox azalıb. Buna baxmayaraq, bəzi güclər hələ də ölkəmizə qarşı terrorçulardan istifadə etməyə çalışırlar. Biz buna icazə verə bilmərik. Artıq elə vəziyyət yaranıb ki, terrorçular ölkə daxilində hərəkət edə bilmirlər. Sərhədlərimizdən kənarı isə addım-addım nəzarət altına alırıq”.
Türkiyə Müdafiə Nazirliyinin rəhbəri Yaşar Güler də deyib ki, Ankara PKK terror təşkilatı ilə mübarizə üçün Bağdadla birgə əməliyyat mərkəzi yaratmağa ümid edir. Nazir bildirib ki, Türkiyə 40 ildir PKK terror təşkilatı ilə mübarizə aparır, amma təəssüf ki, 40 il ərzində İraq rəhbərliyi onları nə terrorçu adlandırıb, nə də qadağan edə bilib: "Bu təşkilat onların ölkəsindədir və onları o qədər də narahat etmir. Ötən ilin dekabrında Ankarada İraq nümayəndələri ilə görüşümüz zamanı məsələyə xüsusi diqqət yetirdik. Mart ayında Bağdada getdik və orada İraq rəhbərliyi ilk dəfə PKK-nın qadağan olunmuş və terror təşkilatı olduğunu qəbul etdi”. Gülər İraqın belə bir bəyanatının Türkiyəni çox sevindirdiyini vurğulayıb. “Ümid edirəm ki, indi birlikdə çalışacağıq və birgə əməliyyat mərkəzi yaradacağıq”. Bu arada küncə sıxışmış PKK terror təşkilatının Avropadakı türk icmasına qarşı təxribatları artıb. Türkiyə rəsmiləri bildiriblər ki, müvafiq ölkələrdən gözləntiləri terrorçuların təxribat törətməsinə imkan verilməməsi və hücumçuların ən qısa vaxtda ədalət qarşısında cavab vermələridir. Xatırladaq ki, martın 26-da Türkiyənin Almaniyadakı Hannover Baş konsulluğuna hücum olub. Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb. Hadisədən sonra Türkiyə ilə Almaniya arasında rəsmi təmaslar baş tutub.
Siyasi şərhçi Aqşin Kərimov "Sherg.az"a deyib ki, Türkiyənin PKK-nın sonunu gətirmək üçün Suriya və İraqda keçirdiyi əməliyyatların nəticələri maraq doğurur. Ekspertin fikrincə, Ankara ilkin növbədə PKK-nın regionda genişlənməsinə dəstək olan siyasi və hərbi dəstək kanallarını kəsməlidir və buna qismən nail olub:
"Məsələn, Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzvlüyünə razı olması Ankaranın PKK ilə mübarizəsində Qərblə sövdələşmə ruhunu gücləndirir. İsveçlə Finlandiyanın NATO-ya üzvlük danışıqları başlayandan bəri Türkiyə Qərbin PKK tərəfdarlığı ilə bağlı fəaliyyətlərdən narahatlıqlarını yenidən bölüşüb. Ankara İsveç də daxil olmaqla, böyük və siyasi cəhətdən PKK-nın mühacir icmasına ev sahibliyi edənlərə xəbərdarlıqlar edir. Əsasən də, bu icmanın seqmentlərində PKK-ya üzvlük, vəsait toplama və təbliğatların aparılması kanallarını doğramaq istəyir.
Ankaranın NATO-ya üzvlük müqabilində Qərbdən PKK-nı qidalandıran kanalları qapatmağı zəmanət kimi ala bildiyi görünür. Ancaq verilən sözlərin necə yerinə yetiriləcəyi şübhəlidir. Buna baxmayaraq, Türkiyənin istər siyasi-diplomatik, istərsə də hərbi və kəşfiyyat fəaliyyətləri terror təşkilatının, onun qollarının yaratdığı şəbəkəyə zərbə vurur. PKK-nın “finiş xətti”nə çatmasına gəlincə, bu, ən çox Türkiyənin həyata keçirdiyi hərbi və kəşfiyyat əməliyyatlarının Ankaraya verə biləcəyi geostrateji üstünlüklərdən asılıdır. Ankara bu məsələdə genişmiqyaslı sıçrayışa nail olmaq əzmini açıq ifadə edir və keçirdiyi əməliyyatlarla regionu post-PKK dövrü üçün sürətli keçidə hazırlamaq qətiyyətini göstərir. Burada Türkiyə müdafiə sənayesində ən müasir silahların, o cümlədən pilotsuz zərbə aparatlarının intensiv və kütləvi istehsalı Ankara üçün unikal imkanlar tanıyır".
Analitik hesab edir ki, bununla belə, PKK təhlükəsi mürəkkəb və şaxələnmiş problemdir: "Ankara onu tarixin arxivinə göndərmək üçün əlavə məsafələr qət etməlidir. Çətinlik dərəcəsini artıran siyahılardan biri də regionda PKK-ya ideoloji bağlılıqların qalmasıdır. Üstəgəl, PKK-ya dəstək relsləri sıradan çıxmayıb və Rusiya-Ukrayna müharibəsinin yaratdığı qlobal gərginliklə əlaqədar terror amili “kozır” kimi saxlanılır. Ona görə də Ankara PKK-nın yayıldığı bir sıra teatrlarda geosiyasi oyunçularla ziddiyyət təşkil edən məqamlara ortaq məxrəc tapmaq çağırışı ilə də üz-üzədir. Ankara siyasi, müdafiə və təhlükəsizlik hesablamalarını düzgün aparsa, Türkiyənin PKK-nı məhv etməsi yolunda baryerlər sıradan çıxacaq".