Tofiq Zülfüqarov: "Sülh prosesində problemlər yaranacaq"- SÖHBƏT 

"Əminəm ki, bundan sonra Ermənistanın mövqeyi təkcə təmas xəttində yox, diplomatik sahədə də daha sərt olacaq"

Dünən Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və ABŞ dövlət katibi Antoni Blinken arasında üçtərəfli görüş baş tutub. Görüşün görünən tərəfləri ilə yanaşı, pərdəarxası məqamlarının da olması istisna edilmir.
Gorüşün detalları ilə bağlı sabiq XİN rəhbəri Tofiq Zülfüqarovla həmsöhbət olduq.

“Sherg.az” söhbəti təqdim edir:

- Avropa Birliyinin Ermənistana 270 milyon manat ayırması nəyə dəlalət edir? Sual olunur ki,  Avropa və Qərb tamamilə Rusiyanın əlində olan Ermənistan iqtisadiyyatını bu yardımlarla Kremlin təsirindən çıxara biləcəkmi?
- Bəllidir ki, bu çox nisbi bir məbləğdir. Amma biz başa düşməliyik ki, artıq Qərb tərəfindən hansısa prosesə başlanılıb və bu getdikcə əlavə rəqəmlərin peyda olmasına gətirib çıxaracaq. Digər tərəfdən biz Qərbin mövqeyində ciddi dəyişikliyin olduğunu da görürük. Bundan əvvəl Qərb Ermənistanın həm hərbi, həm də iqtisadi cəhərtən Rusiyanın himayəsindən çıxdıqdan sonra kömək etmək mövqeyində idisə, artıq bu dəyişib. Ümumiyyətlə Paşinyanın dövründə Ermənistanda Rusiyanın əlaqələri daha da güclənib. Bununla belə Qərb Ermənistana “yardım” etməyə yenə də hazırdır. Digər tərəfdən ikinci bir məsələ ortaya çıxır. Bu isə Qərbin ikili standartlarıdır. Çünki işğalın qurbanı Azərbaycanın əvəzinə işğalçı Ermənistana dəstək verilir. Ümumiyətlə Qərb bu yardımın iqtisadi olduğunu deyir. Ancaq hamıya bəllidir ki, Ermənistan verilən məbləğlə öz hərbi potensialını gücləndirəcək. Bu isə Azərbaycanın ən böyük narahatlığıdır. Ona görə ki, Ermınistan işğalçı siyasətindən dönmək istəmir. Yəni Qərbdən kömək alması onun işğalçı siyasətini daha da gücləndirir. Bu səbəblə də Azərbaycan öz maraqlarından çıxış edərək Qərbin siyəsətini qəbul etmir. 

- Brüssel görüşündə ictimaiyyətə açıqlanmayan tərəflərinin olaması mümkündürmü? Yəni, Ermənistana gizli hərbi dəstəyin verilməsi ehtimalı varmı?
 
- ⁠Bu faktı istisna etməzdim. Amma yuxarıda səsləndirdiyim fikir qüvvədə qalır. Yəni Qərbin iqtisadi layihalər adı altında pul ayırması Ermənistana sözügedən məbləğin müdafiə xərclərinə yönəltməsinə şərait yaradır. Bir sözlə bir cibdən, o biri cibə keçirməyə nə var ki?

- ⁠Görüşün sakit keçməsində Mövlüd Çavuşoğlunun səfərinin və Türkiyənin mövqeyinin təsiri ola bilərmi? 

- ⁠Çavuşoğlunun səfərinin bu məsələdə müstəsna rolunun olduğunu düşünmürəm. Bəli, Türkiyə və Azərbaycan arasındakı strateji əməkdaşlıq mözusunun bir hissəsi müvafiq qurumların beynəlxalq aləmdə birgə mövqe sərgiləmələrindən ibarətdir. Çavuşoğlunun səfəri də bunun bir hissəsidir. 

- ⁠Görüşdən dərhal sonra atəşkəsin pozulması nəyə işarədir?

- ⁠Eemənistan nümayiş etdirmək istəyir ki, mənim arxamda müəyyən qüvvələr var və köhnə siyasətimi davam etdirməyə hazıram. Ümumiyyətlə belə görüşlər zamanı təxribatların törədilməsi Ermənistanın ənənəvi taktikalarından biridir.
 
- ⁠Son proseslər Azərbaycan və Ermənistan arasındakı sülhə necə təsir edəcək?

- ⁠Bunlar çox mənfi hallardır. Əminəm ki, Ermənistanın mövqeyi təkcə təmas xəttində yox, diplomatik sahədə də daha sərt olacaq. Bu halda isə sülh prosesinin gedişatında problemlərin yaranması qaçınılmazdır.
 
- ⁠Görüşdən bir neçə gün əvvəl Blinken və Von der Layenin Prezident İlham Əliyevə zəng etməsindəki məqsəd nə idi?

- ⁠Onların məqsədləri məlumatlandırmaq idi. Yəni bu, Ermənistanın yanında durduqlarını və Azərbaycana qarşı yeni tələblər irəli sürmək kimi göründü. Çünki söhbətlər barəsində ABŞ və Azərbaycan tərəfindən verilən açıqlamalarda fərqli məqamlar var. Bu da Blinkenlə İlham Əliyevin söhbətlərinin gərgin keçməsinə işarədir. Amma həmişəki kimi Azərbaycan Prezidenti dövlətin mövqeyini və narazılığını onlara çatdırdı.