“Türkçülüyün məsələləri” Azərbaycanda yayımlandı

Türk Dünyası Araşdırmaları İnstitunun doktorantı, tarixçi alim Odər Qutluərin ( Əlizadə) kitabı Bakıda nəşr olunub. 

“Sherg.az” xəbər verir ki, ilk dəfə Türkiyədə nəşri baş tutan “Türkçülüyün məsələləri” adlı kitab, nəhayət vətəndə oxucularına qovuşub.
Millətlərin milli düşüncəsinin təməllərinin sağlamlaşdırılmasının əsasını, onun milli fikir həyatına dair yazılan elmi-nəzəri əsərlər təşkil edir. Azərbaycan Türklərinin milli düşüncəsi olan Türkçülük dünya görüşü haqqında fərqli dövrlərdə müəyyən əsərlər qələmə alınıb. Bu əsərlərin hər biri Türkçülüyün müxtəlif məsələlərini özündə ehtiva edir. Nümunə olaraq Azərbaycan və Türkiyə ictimai- siyasi xadimlərindən Əli bəy Hüseynzadənin “Türklər kimdir və kimlərdən ibarətdir?” (1906), Əhməd bəy Ağaoğlunun “Türk aləmi” (1913) və AXC- nin qurucalarından biri olan M.Ə. Rəsulzadənin “Milli Dirilik” (1914) məqalələr silsiləsi əsərlərini misal göstərə bilərik. Azərbaycanda milliyyət duyğu və düşüncəsinin təməli məhz bu əsərlər ilə qoyulub. Lakin Sovet işğal rejimi Azərbaycanda hakim olduqdan sonra istər-istəməz Azərbaycanda milliyətə və milliliyə dair hər şeyə qadağa qoyuldu. Bu qadağanın nəticəsi olaraq, düşüncə həyatımızda milli məsələlərdən bəhs edən əsərlərin çapı dayandırıldı və yalnız müstəqilliyimizi qazandıqdan sonra milli düşüncəmiz öz dirçəliş yolunu tutmağa başladı.

Yaxın günlərdə , Azərbaycanda nəşr olunan “Türkçülüyün məsələləri” əsəri də bu fikir dirçəlişinin nəticəsi olaraq meydana çıxıb. Əsər ilk dəfə 2022-ci ildə Türkiyədə “Kutlu Yayınevi”ndə Azərbaycan Türkçəsində yayımlanmışdı. Kitabın Azərbaycandakı nəşri isə “Salman Mümtaz yayımları” tərəfindən gerçəkləşdirilib. Əsərdəki əsas ideya, əlbəttə, Türkçülüyün təbliği, milli şüur və özünüdərkin təmin olunmasıdır. Təbliğatla yanaşı yüksək təsəvvür formalaşdıran, elə ilk andan üz qabığındakı qurd təsviri ilə diqqət çəkən kitab oxucunu özünə hər cəhətdən cəlb etməyi bacarır. Bu əsər, Azərbaycan Türklərinin milli düşüncəsini sistemli elmi-nəzəri şəkildə əks etdirməsi baxımından önəmli sayılır. Əsərdə ilk dəfə olaraq Türkçülüyə tərif verilərək deyilir: “Türkçülük Türk milliyyət duyğu və düşüncəsini yaşatmaq deməkdir”. Bu əsəri fərqləndirən digər nüanslardan biri də, Türkçülüyün nəzəri əsaslarının bütün incəlikləri ilə sadə dildə oxucuya çatdırılmasıdır. Əsərin həcmi ilk nəşrə nisbətən daha genişdir və oxucuların fikirlərini nəzərə alaraq təkmilləşdirilmiş formada təqdim edilir. Müəllif Odər Qutluəri bu düşüncə həyatımıza qazandırdığı bu əsərindən ötrü təbrik edir və gələcək fəaliyyətində uğurlar arzulayırıq.
 
Gülay Məmmədova